4 əsrə bərabər 44 gün-Söz tələbə jurnalistlərindir

A- A A+

30 illik bir həsrətdə idi Azərbaycanın dilbər guşəsi olan Qarabağ. 1990-cı illərdə imperialist güclərin köməyi ilə Ermənistan tərəfindən işğal olunmuşdu bu torpaqlar. Doğma Azərbaycanın, musiqi, gözəllik, poeziya aşiqi olan xalqımızın xiffətini edirdi Xarıbülbül, İsa bulağı, Xan qızı Natəvanın isti ocağı. Cıdır düzündə düşmən at oynadır, yallı gedir, ürəyini üzürdü bu torpağın. Hərdən Şuşa, Murov və digər yüksəkliklərdən  gülləbaran edirdi Aran Qarabağı və ətrafdakı əraziləri. Xalqımız şəhid verir, torpaq acısı ilə yaşayırdı.

2020-ci ilin sentyabrın 27-də düşmən yenə də öz xislətinə sadiq qalıb onlarla üz-üzə olan mövqelərdən mülki əhalimizə, səngərlərimizə atəş açmağa başladı. Mülki əhali və əsgərlərimiz şəhid oldu. Bu dəfə isə artıq son həddi idi. 30 il sonra hər bir əsgərin, zabitin-xalqımızın gözlədiyi an gəldi, Ali Baş Komandan İlham Əliyev düşmənin hücumunun qarşısını almaq üçün öz müqəddəs döyüş əmrini verdi.  

Bu artıq müqəddəs savaş idi. Qəlbimizdə, ürəyimizdə yaşatdığımız 30 illik həsrətin, kinin, məkrli düşmənin davranışlarına qarşı yığılmış intiqamın adı idi. İşğalçıya qarşı qisas hissi o qədər güclü idi ki, müharibənin ilk günlərində Azərbaycan əsgəri ildırım sürəti ilə irəli şığıdı. Neçə-neçə kəndlərimiz, şəhərlərimiz düşməndən azad olundu. Hər dəfə bu şad  xəbərləri isə məhz Ölkə başçısının dilindən eşitmək necə də xoş, qürurverici idi. Çünki bu cümlələrə, sözlərə, xəbərlərə 30 il idi ki, təşnə idik, susamışdıq qələbə  müjdəsinə.

Dünya çaşqınlıq içində idi. Sayca və texniki baxımdan ən güclü orduya malik dövlətlər 21-ci əsrdə yeni döyüş taktikasını tətbiq edən türkün gücünə, savaş qüdrətinə heyran qalmışdı. Bu günlərdə düşmənin ən güclü səngərlərini, 4-5 qat gücləndirilmiş istehkam sədlərini “bıçaq yağı kəsən kimi” yarıb keçən Ordumuz. Hərb taktikamızın, əsgərlərimizin qarşısında dayana bilməyən düşmən dinc əhalini, Tərtər, Gəncə, Goranboy, Bərdə, Ağcabədini atəşə tutur, sivil adamları, uşaqları, qocaları qətlə yetirir, öz zəifliyini gizlətmək üçün bütün yollara əl atırdı. Hətta Gəncə kimi bir şəhərə raket zərbələri endirməklə xalqımızın gözünü qorxutmağa, təşviş yaratmağa cəhd edirdi. Amma  yanılırdı düşmən, çünki qarşısındakı 1990-cı illərin əvvəlindəki yox,  21-ci  əsrin Azərbaycanı və içində uzun illərin nifrətini silaha çevirən  Azərbaycan xalqı idi.

Həmin günlər ən böyük savaşı məhz Ölkə Başçısı, Ali Baş Komandan aparırdı. Həm  hərbi, həm informasiya cəbhəsində Vətəni qoruyurdu. 30-a yaxın əcnəbi televiziya və məşhur informasiya agentliklərinin müxbirlərinin qərəzli suallarına tutarlı cavablar verərək ikinci sual üçün yer qoymurdu. Bu isə xalqı və döyüşən əsgəri ruhlandıran ən mühüm amil idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında toplanıb könüllü cəbhəyə getmək istəyən gənclərin, yaşlıların vətənpərvərliyi də dünyanı nəinki heyrətə, hətta dəhşətə salmışdı. Bu isə təbii ki, dostlarımızı sevindirir, düşmənlərimizi isə qorxutmaqla yanaşı bizimlə hesablaşmağa vadar edirdi.  Cəbhədəki əsgərlərin əhvai-ruhiyyəsi də tamam ayrı bir məqam idi. Ən maraqlı məqamlardan biri də hər gün müəyyən saatlarda ölkə başçısının televiziya vasitəsilə çıxış edərək, azad olunmuş ərazilərin müjdəsini verməsi idi.

Bu müharibədə minlərlə şəhidimiz oldu. Onların hər biri özünəməxsus igidliyi ilə seçildi. Öz vətən sevgisini, torpaq məhəbbətini sərgilədi. Sübut etdilər ki, bu torpağı canlarından artıq istəyirlər. Generalını əlbəyaxa döyüşdə öldürərək, özü də şəhadətə yüksələn 19 yaşlı igidimiz, indi hər bir yeniyetmənin dilinin əzbəri olan Cəbrayıl Dövlətzadə, həmişə öndə getdiyi üçün qorxmaz komandir, doğulduğu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olan polkovnik Şükür Həmidov, döyüşarası sakitlikdə öz əsgər yoldaşlarını daha da ruhlandırmaq, onlara əlavə motivasiya vermək üçün bircə nəqaratlıq mahnısı ilə bütün Azərbaycanın, türk dünyasının sevimlisinə çevrilən, özü ilə bərabər "Vətən yaxşıdır" mahnısına əbədiyyət qazandıran Xudayar Yusifzadə və nə qədər bu kimi qəhrəmanların hər birinin mübarizəsi və döyüş yolu bir örnəkdir, tarixdir, əbədiyyətdir.

...Nəhayət, o gün gəldi, özünü çox güclü sayan düşmən Azərbaycan ordusunun hücumlarının qarşısında cəmi 44 gün dayana bildi, geri çəkildi, təslim olmağa məcbur edildi. Bu təslim olma anının ən pik, kulminasiya nöqtəsi isə Şuşa zəfəri oldu. Qafqazın gözəli, Azərbaycanın əzəli-əbədi mədəniyyət beşiyi Şuşa azad edildi.

Biz dövlət olaraq  4 əsr idi ki, qarış-qarış kəsilib pay verilən, xəyanət nəticəsində kimlərəsə bağışlanan, ərazisində yad dövlətlər yaradılan, bir sözlə, işğal olunan Azərbaycan torpaqlarını geri qaytara bilməmişdik. Amma bu 44 günlük müharibənin Baş sərkərdəsi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev yeni tarix yazdı. İşğal edilən Qarabağı 30 ildən sonra geri qaytardı. Bu şanlı tariximizdir. Biz nə xoşbəxtik ki, bunun şahidi olduq.

Artıq bir il ötür o şanlı gündən, Qarabağ zəfərindən. Bir ildir ki, biz qələbə sevincini yaşayır, düşmən tərəfindən talan, viran olan Qarabağı dirçəldirik. Biz qələbəni yaşadıqca, dostlarımız sevinir, düşmənlərimiz rəzil  olur. Bəli, bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Çünki biz Zəfər çalmışıq!  

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisasının III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: