Xoşluqla verməzlər torpağı, ancaq…

A- A A+

Barıt qoxulu o yollar, o yollar,

Səni bəs nə vaxt qaytarar?

Təsadüfən bir radio dalğasında rastladığımız musiqi ölkə olaraq son bir ildə yaşadıqlarımız haqqında necə də çox şey deyirdi. Çox yox, cəmi iki misra belə o dərin hissləri özündə cəmləyə bilirdi. Barıt qoxulu yolların qaytarmadıqlarını daha neçə-neçə musiqidə, şeirdə tapdıq, xatırladıq. Ünvanlanan suallar, lakin ünvana çata bilməyən cavablara şahid olduq…  

Əslində uşaqlıqda bütün nağılların yaxşı sonla bitəcəyinə inanırdıq. Elə buna görə də zamanı çəkişdirib nağılın göydən o 3 almanın düşəcəyi zaman kəsiyinə tuşlamağa səbirsizlənərdik. Bizim hekayəmizdə də qələbə doğrunun idi. Hekayənin qəhrəmanlıq statusu bunu ən çox haqq edənlərin payına düşdü, lakin bu hekayədə daha nələr var, nələr…

Hə, bu hekayədə bəlkə də böyüyən uşaqlar, vaxtsız ağaran saçlar var. Bu hekayədə havada qalan əllər, yol çəkən gözlər, bağrımıza basdığımız yumruq boyda dərdlər var. Bu hekayədə torpaq var, su var, qisas var, qələbə var, qəhrəmanlar var, qanla yazılan şanlı tarix var.     

İllərin mənəvi yorğunluğu, basdırılan səbri günün birində ən sərt şəkildə qarşılaşdı səbəbkarı ilə. Və o gündən haqq yoluna yeni cığırlar açılmağa başladı. Təbii ki, güclü və müasir hərbi texnikalar, mübariz ordu da bu işdə öz sözünü dedi, lakin xalqın içində basdırılmış ədalət hissi, ruh rüksəkliyi, zəfər çalacağına olan inamı idi bizi qələbəyə aparan. Və nəticədə, xalqın qəlbinə dolan ümid özünü göstərdi: Biz qalib gəlmişdik.

Bu haqq davasında itirdiyimiz canları göz önünə gətirdikdə isə, günlərlə, hətta aylarla yenilənən saylar sadəcə rəqəm göstəricisi deyil. Hər biri eyni zamanda “Vətən” sevgisi, qəhrəmanlıq simvolu, qələbəyə gedən addım sayıdır. Bir o qədər insanı da ölümsüzlüyə, ən ali mərtəbəyə yüksəldən nəfəs kəsintisi, ürək dayantısıdır. Vətən üçün sinəsini sipər edənlərə Vətən torpağının qoynunu açdığı qəhrəmanların sayıdır. Torpağa qanını qarışdıran, daşı-qayanı “Vətən” statusunda qərarlaşdıran, “Vətən”dən pay olmaz deyib, öz canından pay verən qəhrəmanların sadəcə bir hissəsi, bu günə qədər tanımadığımız halda, doğmalarımıza çevrilənlərdir.

Və canları bahasına Vətəndən pay verməyənlər, kəsilən nəfəsləri hesabına qazandıqları mirası bu torpağın övladlarına əmanət etdilər...

…Dava-dalaş sona çatdı, axan qanlar duruldu, haqq-ədalət öz yerini tapdı. Günün birində biz qürur hissiylə Zəfər paradını izlədik. Bu parada qatıla bilən şanslılarımız da oldu hətta.  Sinəmizi gərə-gərə “Qarabağ bizimdir” dedik, haqlı olaraq sevinc hissi ilə coşduq, çağladıq. Sosial şəbəkələrdə ard- arda yayımlanan coşğulu paylaşımlar və s. Amma necə? Ömrümüzün sonuna qədər borclu qalaraq; kiminə qolunu, ayağını, kiminə dünya işığından məhrum olan gözünü. Kiminə dünyanın ən şirin neməti olan “can”ını, kiminə də gənclik arzularını.

Vətən quru torpaq deyil. Bu torpaq uğrunda fəda olan canlardır Vətən. Torpağın üzərinə cansız bədənləri ilə sədd çəkib ona yad ayağının toxunmasına icazə verməyən “ölümsüzlər”dir Vətən. “Vətən” torpağın üstündəkilər yaşasın deyə torpağın altında yatan şəhiddir. Bəxtiyar Vahabzadənin də dediyi kimi:

“Xoşluqla verməzlər torpağı, ancaq,

Qanla möhürləyib, zorla alarlar!”

Bu yolda ürəyini ortaya qoyub, qanını torpağa qarışdıranlar sayəsində illərdir düşmən işğalı altında olan həmin Qarabağ Azərbaycandır! Canla olan borc ödənməz, amma geridə qoyduqları əmanətlərinə olan vəfa borcumuz danılmazdır.

Biz kədərimizin də, qürurumuzun da fərqindəyik. Nə etmək olar ki, hər ikisini də yanaşı yaşamaq nəsibimiz oldu. Lakin düşünəndə ki,  kədərimizə səbəb olanlar məhz bu şanlı zəfər tarixinin memarlarıdır, bu zaman qürur hissimiz digərini qabaqlayır. Onların sayəsində biz döyüş meydanından qalib olaraq ayrılmadıq. Biz qalib olaraq öz yurdumuzda yenidən məskunlaşdıq...

Basdığın yerlərə torpaq deyərək keçmə, tanı:

Düşün altında minlərlə kəfənsiz yatanı.

Bu qan davası hamımızın davası idi. Qələbə də bir azərbaycanlı olaraq hər birimizin payına düşür. Bu davadan sağ çıxanlar olaraq bizim öhdəliyimizə düşən isə ölümüylə bizim üçün illərdir ki, susdurulan haqqı dindirən insanları unutmağa yol açan bütün izləri qapamaq, ölümsüzlükləri ilə yanaşı, onlara unudulmazlığı da vəd etməkdir. Təqvimin 8 noyabr yarpağını – “Zəfər tarixi”ni əlamətdarlıq rəmzi olaraq qanıyla qırmızıya boyayanlar heç unudularmı?

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: