Zəfər Günündə Şahbuz rayonunda əsgərlərə sovqat aparılıb - FOTOLAR
8 Noyabr - Zəfər Gününü bizə bəxş edən Müzəffər Ordumuzun sıralarında xidmət keçən əsgərlərimizlə görüşlər keçirilir, xalq-ordu birliyi bir daha nümayiş etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən Zəfər Günü münasibətilə rayonda yerləşən hərbi hissəyə sovqat aparılıb.
Görüşdə bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu birliyi Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları, bütövlükdə isə silahlı qüvvələrini darmadağın etdi. Qeyd olunub ki, Vətən müharibəsində Şahbuz rayonundan olan əsgər və zabitlər də qəhrəmanlıq göstərib, şəhid olublar. Onların igidliyi həmişə xatırlanacaq, əziz xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Hərbi hissənin zabiti Müşfiq İmamverdiyev, əsgər Elxan Məmmədli göstərilən diqqətə görə minnətdarlıq edib.
Gətirilən 5 tona yaxın meyvə sovqatı hərbi hissəyə təhvil verilib.
Novruz Məmmədov