Kəngərli Bayraq meydanında ilk tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayon gənclərinin iştirakı ilə 8 Noyabr – Zəfər Günü  və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan “Biz qalib gəldik!” adlı tədbir keçirilib.

Zəfər Günündə Kəngərli rayon mərkəzində istifadəyə verilən Bayraq Meydanında keçirilən tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub və vətənpərvərliyin ən ali məqamına – şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər vurğulayıb ki,ötən gün böyük təntənə ilə qeyd etdiyimiz Zəfər Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayonunda Bayraq Meydanının istifadəyə verilməsi qürurvericidir. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Kəngərli rayonunda da Bayraq Meydanının istifadəyə verilməsi gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi, dövlət atributlarımıza hörmət, dövlətçiliyimizə sədaqət  ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Tədbirin bədii hissəsində şagirdlər “Xalqın zəfər sevinci” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Şagirdlər Zəfər Gününə və şanlı üçrəngli bayrağımıza həsr olunmuş şeirləri bədii qiraət edib.

Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Zübeydə Məmmədovanın Azərbaycan əsgərinə ünvanlandığı məktubu oxunub.

Məktəblilər, həmçinin xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında fləş-mob da təqdim ediblər.

Sonra şagirdlərin rəsm əsərlərindən ibarət “Zəfərin mübarək, Azərbaycan!” adlı sərgiyə baxış olub.

Tədbirdə iştirak edən şagirdlərə yeni istifadəyə verilən Bayraq Meydanı barədə ətraflı məlumat verilib.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: