Vətəndaşlara pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün müvafiq işlər görülüb, 68-i yaşa, 20-si əlilliyə, 19-u ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 107 nəfərə əmək pensiyası təyin olunub. İlk dəfə əmək fəaliyyətinə başlayan 411 sığortaolunana fərdi şəxsi hesablar açılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda qeyd olunur. Xəbərə görə, ötən ay tələb olunan 15 milyon 129 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılıb. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 335 min manat vəsait köçürülüb.
Həmçinin ötən ay ərzində müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 9 milyon 309 min 400 manat vəsait daxil olub. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,2 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb. Müvafiq dövr ərzində 4 hüquqi şəxs və 180 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb.
Qeyd edək ki, muxtar respublikada bütün pensiyaçıların pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə alması üçün hər cür şərait yaradılıb. Ötən ay istəklərinə uyğun olaraq kənd yerlərində yaşayan 636 pensiyaçının pensiyası poçt bölmələri vasitəsilə ödənilib.