“Mərmidən xatirələr” kitabının təqdimatı olub - FOTOLAR
Naxçıvanda şanlı Qarabağ zəfərinin ilk ildönümü müxtəlif tədbirlərlə yadda qaldı. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənc yazıçı Abdulla Quliyevin Vətən müharibəsinə Əlahiddə Ümumqoşun Ordu sıralarından yollanan və 44 günlük zəfərin əldə olunmasında rəşadət göstərib Şuşaya qədər döyüş yolu keçən qazilərin xidmətlərindən bəhs edən “Mərmidən xatirələr” adlı kitabı təqdim olunub. “Görüş yeri” kafesində keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və digər çıxış edənlər kitabın məziyyətlərindən bəhs edib, kitabın qəhrəmanlarımızın keçdiyi döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından özünəməxsus rola malik olduğunu qeyd ediblər.
Yazıçılar Birliyi üzvlərinin, ictimaiyyət nümayəndələrinin və Vətən müharibəsi iştirakçılarının qatıldığı tədbirdə kitabda döyüş yolu əksini tapan 2-ci Qarabağ müharibəsi iştirakçısı mayor Təbriz Zeynalov iştirak edən bütün qazilər adından minnətdarlıq edib, qəhrəmanlarımızın keçdiyi şanlı döyüş yolunun kitabda geniş əksini tapdığını deyib. Çıxışların ardından imza günü keçirilib.
Qeyd edək ki, kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda başlanan 44 günlük haqq savaşında iştirak edən, üzərində mərmi yaraları daşıyan minlərlə igid vətən övladlarından bir neçəsinin döyüş yolu işıqlandırılır. Bu kitabı oxumaqla qəhrəman oğulların döyüş xatirələri ilə addım-addım Şuşa qalasına gedəcək, illər sonra Qarabağ torpağında oxunan ilk azanın sədaları altında böyük Qələbəyə şahidlik edəcəksiniz. Kitabda hekayələr qəhrəmanların öz dili ilə təqdim olunur.
Yaqub İsayev