UEFA Çempionlar Liqası: “Real Madrid” finalda - VIDEO - VİDEO
Futbol üzrə UEFA Çempionlar Liqasında ilk finala vəsiqə qazanan "Real Madrid" klubu olub. Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv yarımfinalda Almaniya "Bavariya"sını üstələyib.
NUHÇIXAN xəbər verir ki, "Santyaqo Bernabeo" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. İlk görüşdə səfərdə 2:1 hesabı ilə qələbə qazanan ispanlar, iki oyunun nəticəsinə əsasən finala çıxıb.
“Real” ardıcıl üçüncü dəfə finala vəsiqə qazanıb.
Oyunun əvvəli “münxen”lilər üçün yaxşı başlayıb. Üçüncü dəqiqədə Josua Kimix hesabı erkən qolla açıb - 0:1. Çox keçmədən Kərim Benzema hesaba tarazlıq gətirib - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 46-ci dəqiqədə K.Benzema qapıçının kobud səhvini bağışlamayıb, fransız dublun rəsmiləşdirib - 2:1. Qonaqlar 63-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib . Xames Rodrigez adını tabloya yazdırıb - 2:2. O, müqavilə ilə məxsus olduğu "Real"a qol vurduğu üçün bu sevinci yaşamayıb. Qalan dəqiqələrdə böyük səy göstərən Almanlar hesabı dəyişə bilməyiblər. Beləliklə ümumi hesab "Real Madrid"ı finala çıxardıb.
Qeyd edək ki, digər yarımfinal qarşılaşması mayın 2-də "Olimpiko" stadionunda keçiriləcək. "Roma" "Liverpul" klubunu qəbul edəcək.