Yaralı əsgərini xilas edərkən şəhadətə yüksələn Məmmədhəsən Sadıqlı - VİDEO
Belə bir deyim var: “Tarixini bilməyənin coğrafiyasını başqaları yazar”. Ötən il biz həm tarixə sadiqliyimizi göstərdik, həm də Böyük Qələbə ilə yeni tarix yaratdıq. Hər dəfə bu qələbəmizdən, Zəfər dolu tariximizdən danışarkən o tarixi yazan, bayrağımızı yüksəklərdə dalğalandıran qəhrəmanları da ehtiramla xatırlayırıq. Bu dəfə şəhid baş leytenant Məmmədhəsən Sadıqlını döyüş yoluna birlikdə nəzər yetirəcəyik.
Sadıqlı Məmmədhəsən Meydan oğlu 1992-ci ilin 21 fevralında Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. Ailənin ilk övlad payı olan Məmmədhəsən uşaqlıqdan idmanla məşğul olub, dəfələrlə yarışlarda qalib gəlib. Hərb sənətinə, hərbi formaya çox böyük sevgisi olduğundan 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə, 2010-cu ildə isə Ali Hərbi Akademiyaya daxil olur. Daha sonra xüsusi təyinatlı kəşfiyyat kursunu seçib hərbi xidmətə başlayır. 2018-ci ildə Türkiyədə Komando Təməl Kursunu Azərbaycan üzrə müvəffəqiyyətlə və birinciliklə bitirir. 2019-cu ildə isə baş leytenant Sadıqlı Məmmədhəsən Əlahiddə Ümumqoşun Ordu üzrə "Ən yaxşı kəşfiyyat bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunur.
Qəhrəmanımız xidməti ərzində Günnüt döyüşlərində də iştirak edib. Bu döyüşlərdə şəhid olan əsgərini neytral zonadan çıxarmağa müvəffəq olub. Elə Vətən müharibəsində də bir əsgəri yaralı halda döyüş bölgəsindən çıxararkən düşmən gülləsinə tuş gəlib. Günnüt zəfərində böyük şücaətlər göstərdiyi üçün “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal, həmçinin həmin tarixdə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Şəhid Məmmədhəsən Sadıqlı oktyabrın 24-ü doğma Qarabağımızdan bir ovuc torpaq gətirmək üçün Naxçıvan Xüsusi Təyinatlı dəstə ilə yola düşür. Elə komandiri olduğu heyətlə düşmənin xeyli sayda postunu darmadağın edir. Bu yolda Xocavəndin, Füzulinin bir neçə kəndinin azad olunmasında rəşadət göstərir. 27 oktyabr Şuşa istiqamətində gedən qızğın döyüşlərdə yaralı əsgərini xilas edərkən özü də yaralanır və şəhadətə yüksəlir. Qəhrəman vətən övladı oktyabrın 30-da Naxçıvanda böyük izdihamla qarşılanır və Şərur Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Qeyd edək ki, baş leytenant şəhadətindən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Elnurə Tahir