Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan qış geyimləri hərbi hissəyə təhvil verilib - FOTOLAR

A- A A+

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər tərəfindən toxunulan  800 yun jilet, 2500 cüt yun corab və 1000 ədəd boyunluq əsgərlərimizə hədiyyə edilib. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu münasibətlə keçirilən tədbirdə  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev nazirliyin balansında olan 1 ədəd generatorun da hərbi hissəyə təhvil verildiyini vurğulayıb.

Qeyd olunub ki, belə  tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.

Əlahiddə Ümumqoşun Ordu Komandanının  müavini  Elxan Əlibəyov  Naxçıvanda yerləşən ordu, birləşmə və hissələrin hərtərəfli qayğı ilə əhatə olunduğundan danışıb. "Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayır. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər"-deyən Elxan Əlibəyov vurğulayıb ki,  əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi növbəti qayğının ifadəsi, dövlət-xalq-ordu birliyinin təcəssümüdür.

Çıxışların ardından isti qış geyimləri  hərbi hissə və zastavalara təhvil verilib.  

Qeyd edək  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının  icrası, həmçinin avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırığa uyğun olaraq, hərbi hissələr üçün isti qış geyimlərinin toxunması işi davam etdirilir.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: