Şəhid anası:Bilirəm ki, oğlumun ruhu şaddır - FOTOLAR
"Uzun illərdir ki, hamımızın ürəyində bir qor yanırdı. Bir dərd daşıyırdıq hamımız: yurd həsrəti. Şükür Allaha ki Tanrı haqqımızı haqq elan etdi. İllərdir, davam edən ədalətsizliyə son qoyuldu. İgid övladlarımız qanayan yaramıza məlhəm oldular. Onlar öz canları bahasına alnımıza yazılan ləkəni sildilər. Qələbə çalıb başımızı uca etdilər. Anaları olan Vətənin dərdinə dərman olub bizə həm bir ömürlük qürur, həm də dərd qoyub getdilər".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Rüfət Gözəlovun anası Sədərək rayonunun Dəmirçi kənd sakini Ruhəngiz Gözəlova deyib. Müharibə başlayandan bir neçə gün sonra oğlunun əbədiyyətə qovuşduğunu deyən şəhid anası dövlətimizin qayğıkeş əlini hər an çiyinlərində hiss etdiklərini bildirib.
"Övladımın şəhadətə qovuşub Vətən torpağına tapşırıldığı gündən bu günə kimi hər bir dövlət qurumu tərəfindən hörmət və ehtiram görmüşük. Digər övladımın işsizlik problemi ilə bağlı üz tutduğum təşkilatlarda hörmətlə qarşılandım və oğlum işlə təmin olundu. Yaşayış yerimizə baxış keçirildikdən sonra Şərur şəhərindəki yeni binada mənzillə təmin edildim. Bir sözlə, onu deyə bilərəm ki, ölkəmizin hər yerində olduğu kimi, doğma diyarımızda da şəhid ailələri və qazilər, necə deyərlər, əl üstündə tutulur. Onların qayğısına qalınır, qarşılaşa biləcəyimiz bütün çətinliklərə dövlətimizin sayəsində sinə gəririk. Övladını itirmiş bir valideynin ürəyindəki dərdi heç nə sağalda bilməsə də, dövlətimizin qayğısı bizim dərdimizə məlhəm olur. Biz şəhid ailələrinin ən böyük təsəllisi var: əzizlərimizin xatirəsinə ehtiramla yanaşılır, onlar unudulmur. Bunu doğma Naxçıvanımızda da görürük. Şəhidlərin ruhu isə onların arxada qoyub getdiyi ailəsindən rahat olanda şad olur. Qədim Azərbaycanın mərdlik qalası Naxçıvanda yaşayan hər bir şəhid ailəsi adından dövlətimizə minnətdaram",-deyə Ruhəngiz Gözəlova bildirib.
"Şərq qapısı" qəzeti