Bütöv Azərbaycan uğrunda 44 gün...

A- A A+

Böyük Qayıdış

27 sentyabr 2020-ci il... Ölkəmiz üçün şərəfli tarixin başlanğıcı... Hər şey birdən başladı sanki. Gözümüzü yumub açdıq və özümüzü yanıb qovrulduğumuz bir həsrətin son addımlığında gördük. Yenilməz Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri illərdir əlində hazır saxladığı silahın tətiyini çəkdi. Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı üçün ayağa qalxdı. İşğal olunmuş torpaqlarımız uğrunda Vətən müharibəsi, “Qarabağ Azərbaycandır!” nidasıyla azadlıq yürüşü, qisas savaşı başladı.

Həmin gündən hər bir azərbaycanlının, qəlbi vətən eşqi ilə döyünənlərin, xalqımızı, dövlətimizi sevən hər kəsin qulağı səsdə, gözü yolda qaldı. Ordumuzun bütün cəbhəboyu başladığı əks-hücum əməliyyatı hamının diqqətində idi, hər kəs yeni zəfər xəbərləri gözlədi, Qarabağa “Böyük Qayıdış”ın yeni və nəhəng addım səslərinə qulaq verdi.

“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib”.

Qabağına yüyürər yol vətənə gələndə

Lələtəpə, Cocuq Mərcanlı...

Bir zamanlar bu doğma toponimlərin adı çəkiləndə illərdir köksümüzdə gəzdirdiyimiz yaranın qaysağı qoparaq qəlbimizi göynədirdi. Vətən, yurd həsrətindən böyük  dərd varmı, görəsən, bu dünyada?! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun azad etdiyi Lələtəpə zirvəsi Qarabağa dönüşün və məskunlaşmanın möhkəm istinadgahına çevrildi və “Böyük Qayıdış” Cocuq Mərcanlıdan başladı.

Azərbaycan əsgəri bir zaman məlum səbəblərdən geri çəkildiyi Qarabağ torpaqlarına ZƏFƏRlə qayıtdı. O torpaqda qoyduğu əmanəti almaq üçün geri döndü. Bu dəfə qazandığı zəfər bütün türk dünyasının ortaq sevinci, qələbə əzminə çevrilib. Bu zəfəri əldə etmək üçün aparılan müharibə isə indiyədək tarixdə rast gəlinməyən bir savaş kimi dünyanın diqqətini çəkdi, dünya savaş tarixinə yazıldı. Döyüşkən türk ruhu, həmişə  müasir savaşda tətbiq edilən türk taktikası XXI əsrdə də dünyanı heyrətləndirdi. Halbuki, bu əsrdə əldə edilən savaş və sivil texnikaların, hər cür nanotexnologiyaların, robotların, kiborqların, yeniliklərin, mümkün olmayanı reallaşdıran bilimlərin fonunda dünyanı heyrətləndirmək elə də asan deyil. Amma Azərbaycan əsgəri bunu bacardı və təkcə Vətən sevgisini deyil, həm də döyüş ruhunu dünyaya nümayiş etdirə bildi, hərb dərsliklərinə salınası bir tarix yazdı. Çox uzaq görünən yollar artıq yaxın oldu. Möcüzə deyil bu. Artıq Zəfər yolu var.

Cocuq Mərcanlıdan başlayan yol igid əsgərlərimizin qarşısına yüyürərək bizi daha irəli apardı. Düşmənin illərdir möhkəmlənməyə çalışdığı mövqelər darmadağın edilərək yeni qələbə, zəfər tarixləri yazıldı. Bu cəsur həmlələr dayanmadan, inamla davam etdi.

"Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq”.

Məcrasına sığışmaz sel vətənə gələndə

Azərbaycan ordusunun ayaq səsləri Qafqazı lərzəyə saldı. Düşmənin rahatlığını qələbə xəbərləri pozdu. Dünya Azərbaycan əsgərinin qələbəsini izlədi. Azərbaycan isə döyüşdü; cəbhədə, siyasət meydanında, informasiya məkanında. Və hər üç müharibənin qalibi oldu.

Bütün dünyanın diqqəti Azərbaycan ordusunun cəbhəboyu həyata keçirdiyi əks-hücum əməliyyatına yönəldi. 30 ilə yaxın bir zaman kəsiyində xalqımızın həsrət qaldığı torpaqların düşməndən azad edilmə zamanı gəldi. Məcrasına sığışmayan, nərilti-gurultu ilə, bütün gücü və qüdrəti ilə axan selə dönən ordumuz əzmlə və inamla irəli can ataraq özü ilə düşmənin tör-töküntülərini də silib-süpürüb apardı.

Babalarımızın qanından gələn, sözlərindən, nəsihətindən qalan Vətəni qorumaq, Vətəni sevmək, yağı düşmənə qarşı durmaq, aman diləyənə aman vermək bu müharibədə də Azərbaycan əsgərinin əsas devizi oldu. Səbirlə, təmkinlə, inamla və qələbə əzmi ilə, sel gücü ilə irəli atıldıqca ordumuz, torpaqlarımız yağı tapdağından qurtularaq azadlığın havasını aldı, təmiz, mavi səmanın örpəyinə büründü.

Azərbaycan döyüşdü... Döyüşdə istifadə olunan ən müasir silahlar öz yerində, bu  otuz ildə heç bir texnologiyanın istehsal edə bilmədiyi, nə erməninin, nə onun riyakar havadarlarının sahib olmayacağı bir silahla döyüşə girdi. Cəsarətdən, milli qeyrətdən, illərin basdırılmış vətən həsrətindən boy alan silahla nişan aldı hədəfləri. Azərbaycan əsgəri o silahı barmağı ilə deyil, ürəyi ilə çəkdi. O səngərdəki əsgərin sirri elə o məşhur nağılda deyildiyi kimi, hər dəfə doğma torpağına toxunmasında idi, onu məğlub edilməz edən də bu oldu.

Vətən torpağında gedən bu müharibə Azərbaycan xalqının haqlı mübarizəsi, ədaləti təmin etmək üçün apardığı haqq müharibəsi oldu. Torpağına, vətəninə bağlı olan bir xalqın torpaqlarını vəhşiliklərlə, amansızlıqlarla işğal edən, 30 il ərzində bütün danışıqları, aktları kobudcasına pozan Ermənistana qarşı milli birlik mübarizəsi oldu.

“İndi biz göstərdik kim kimdir. İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı  icra edirik və edəcəyik!”

Saçına daraq olar yel vətənə gələndə

Vətənlə bağlı hissləri, düşündüklərimizi ifadə etmək heç də asan deyil. Çünki vətən bizim hisslərimizdən, düşündüklərimizdən də qat-qat yüksəkdədir. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Vətən həyata havasını tənəffüslə başladığımız yer, vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır.

...Qartalların od qanadlı,

Oğulların şimşək atlı...

Qartal kimi gərilmiş qanadlarla Qarabağa doğru süzən igidlərimizin nərəsindən düşmən lərzəyə gəldi. Şimşək atlı oğulların saçlarına daraq oldu vətən yelləri. “Qarabağ Azərbaycandır!” şüarı ilə xalqa, orduya sonsuz ilham, inam və güc aşılayan ölkə başçısının çağırışı, bəyanatları hər birimizin qələbə əzmini daha da artırdı.

Hər şey o qədər sürətlə baş verdi ki, ürəyimiz hansı duyğuları yaşayacağını bilmədi. Amma azadlıq, qələbə duyğusu hamısını üstələdi. Gün ərzində, hər saat, hər an eşitdiyimiz xəbərlərlə xoşbəxtlik hissini təkrar-təkrar yaşadıq. Qələbə xəbərlərinə sevinc göz yaşları tökdük. “Vətən!” deyib irəli atılan, sinəsini düşmən gülləsinə sipər edən igid, nursifətli oğullarımızın şəhidlik məqamına üzülsək də, qürurla, göz yaşlarımızla alqışladıq, qarşıladıq onları. Vətəni əmanət etdiyimiz igidlərimizi Tanrıya əmanət etdik.

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.

Ayağına düşər gül vətənə gələndə

Dünyada ən böyük qəhrəmanlıqlar vətən naminə edilib. Vətən üçün kimlər öz əziz canından keçməyib ki?! Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu vətən!

Döyüş əməliyyatının başladığı elə ilk gündən 7 kəndin azad olunduğu xəbərini aldıq. Ardınca Murovdağ, Suqovuşan eşidirik, yüksəklikləri eşidirik. Suqovuşanda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postda Azərbaycan bayrağının qaldırılmasına şahidlik edirik.

Vətən o zaman yaşayır ki, onun uğrunda canından keçən qəhrəman övladları olsun. Əsrlər boyu igid oğullarımız, qeyrətli qızlarımız məmləkətin hər daşını, hər qayasını bir qeyrət qalasına çevirib, yurdumuza uzanan xain əlləri kəsiblər. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxuyub, göz dağı çəkdiriblər. Bu gün öz keçmişi ilə, Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Mübarizi, Rasimi, Qabili, Turalı, Poladı, İlqarı ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan. Çünki ən böyük xəzinə qızıl, ləl-cəvahirat, sənət əsərləri deyil. Onlar əllə tutula bilməz, ürəklərimizdə yer alar. Dünyəvi şeylər eynilə fəsillər kimi gəlib keçicidir. Amma gerçək qəhrəmanlıq xəzinəsinin işığı əsla solmaz.

Əziz vətən oğulları, hünərvər əsgərlər! Ayağınıza güllər tökülür siz Vətənə gələndə. Sizin qədəmlərinizi basdığınız yerdə güllər açılır, zəfərlər saçılır, qələbələr qazanılır Vətənə gələndə.

“Biz öz doğma torpağımızda döyüşürük, vurşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilas əsgəridir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Gözdən həsrət yaşını sil vətənə gələndə

Bəzən heç bir cümlə gerçək duyğuları əvəz edə bilmir, ona görə insan bəzən ən dərin duyğuları yaşayıb hiss edərkən danışa bilmir, izah edə bilmir. Dilsiz qalır, nəfəssiz qalır.

Hər gün eşitdiyimiz yeni qələbə xəbərləri hər kəsin dilində dolaşdı: 7-dən 77-ə qədər. Eşitdiyimiz hər zəfər xəbəri qəlbimizi fərəhlə, gözlərimizi sevinc göz yaşları ilə doldurdu. Bu yaşlar uzun illərin həsrət yaşını sildi, sonra sevinc yaşları üçün yol açdı. İllərin həsrəti sona çatdı. Azərbaycan bayrağı vüqarla əzəli və əbədi torpaqlarımızda dalğalanır. Əsən yellər bayrağımızı yeni sabahlara, yeni zəfərlərə doğru dalğalandırır.

"Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil".

Gələndə oğul kimi gəl vətənə gələndə.

"İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər".

Cəbhədən hər daim qələbə, zəfər, uğur müjdələri verən Silahlı Qüvvələrin Ali Baş Komandanı və gücünə, qüdrətinə, ədalətinə, mərhəmətinə heyran olduğum Azərbaycan əsgəri bu xalqın ümid, güman yerinə çevrildi.

Bu qələbələrin olmasına  qanı və canı ilə pay verən şəhidlərimiz! Torpaq uğrunda tökdüyünüz qanınız yerdə qalmadı! Əmin olun ki, bu xalq sizi heç zaman unutmayacaq!

Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu edib.

Torpaq qanla suvarılanda Vətən olur. Bu torpaq, bu vətən uğrunda minlərlə igid vətən oğlu, vətən qızı öz canından, qanından keçib, bu vətəni qanıyla suvarıb. Sərt qayalarımız, bərəkətli torpaqlarımız onların qanıyla suvarılıb al laləyə çevrildikcə şəhid qoxulu vətən torpağı daha da qüvvətlənir, güclənir və müqəddəsləşir.

Özləri vətən olan, vətən torpağına qovuşan, torpağa çevrilən şəhidlər! Bu gün aldığımız hər nəfəsi onların verdiyi son nəfəsə borcluyuq. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar xeyiri şərdən, ağı qaradan ayıra bilsinlər. Vətən yolunda şəhidlik əsl vətəndaşlığın ən ali zirvəsidir; bütün zirvələrdən yüksəkdə duran ilahi bir zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir  zirvədir.

Hər biri oğul kimi gəldi vətənə: canından keçərək. Əbədi məşələ çevrilərək yurdumuzun gələcəyinə işıq salır onlar. Bir ölərik, min dirilərik. Şəhid atasının əlini öpən müdavimlər, şəhid evlərinə qədər düzülən bayraqlar. Sonsuz təvəkkül, böyük inam, tükənməz sevgi. Nə haqqınızı ödəyə bilər, nə də sizi geri qaytara bilərik.

                         Onlar qayıtmadı bu son həmlədən,

                                     Doğmalar gileyli: "Yenə gecikib!"

                                     Torpaq, muğayat ol şəhidlərindən,

                                     Onlar sənə görə canından keçib...

Biz qayıtdıq! Janna D`arkın “Bütün qələbələr əvvəlcə insanın zehnində qazanılır fikrini bir daha təsdiqlədik. Bütöv Azərbaycan uğrunda xalq olaraq daima Ali Baş Komandanın, ordumuzun yanında durduq, duracağıq. Vətənin tamlığına, zəfərin təntənəsinə aparan tarixdə məğrur ordunun igidləri, müzəffər ordunun əsgərləri hərə bir qəhrəman oldu. Tarix kitabları qəhrəmanlar və onların fədakarlıqlarıyla doludur. Amma o hekayələri kim yazır? Müzəffər Sərkərdə, qalib ordu və Vətən uğrunda canından, qanından, arzularından, xəyallarından keçənlər... Şəhidlər...

44 günlük Vətən müharibəsi fasiləsiz  informasiya savaşında ən cəsur sərkərdə olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş hərbi gedişatlar, Azərbaycan xalqına hər müraciətində simasında hiss etdiyimiz qələbədən doğan sevinc, namərd düşmənin əməllərindən qəzəb, əsgər və zabitlərin taleyindən nigaranlıq, ordusunun qüdrətindən məğrurluq, şəhidlərin xatirəsinə hörmət hissləri, xalq-ordu birliyi ilə yaddaşımıza həkk olundu.

General-mayor Polad Həşimovun təbəssümü, Xudayar Yusifzadənin "Xudayar təsnifi", 19 yaşlı Cəbrayıl Dövlətzadənin erməni generalını əlləri ilə boğmağa güc verən düşmənə nifrəti, 18 yaşında didərgin düşdüyü Qubadlı uğunda can verən polkovnik, Milli Qəhrəman Şükür Həmidovun vətən sevgisi, Muxtar Qasımlının bütün şəkillərində parlayan həyat dolu gözləri, uşaqlıqları əllərindən alınan, həyatlarının hələ başlanğıcında bu dünyadan qoparılan uşaqların cansız bədənləri ilə yazıldı Zəfər tarixi...

...Və bir də Gəncəyə endirilən raket zərbəsindən sonra qorxmadan kameralara baxan 5 yaşlı Bəxtiyarın cəsarəti, ata-ana qayğısından və nəvazişindən həmişəlik məhrum olmuş Sevilin, Hüseynin, Nilayın baxışları, hər bir əsgəri və hərbçini öz qardaşı, oğlu kimi görən insanların milli təəssüb və qeyrəti ilə yaddaşımıza həkk olundu 44 günlük Vətən müharibəsi...

44 gün ərzində bir gün də geri addım atmayan şəhid, igid qardaşlarım, bütöv Azərbaycan, uğrunda  qan tökdüyünüz, can verdiyiniz Vətən bizə əmanət.

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: