Muxtar respublikada torpaqların su təminatı yaxşılaşdırılır

A- A A+

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqətdə saxlanılır.

Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün oktyabr ayında bir sıra tədbirlər görülüb, su istifadəçilərinə 5,53 milyon kubmetr su verilib, bunun müqabilində 4 min 549 hektar torpaq sahəsi suvarılıb. Ay ərzində 15,4 kilometr beton və torpaq kanal, 23,2 kilometr ara arx və 1,9 kilometr kollektor lildən təmizlənib, 5,56 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilib. 1,31 kilometr suvarma,1,93 kilometr təzyiqli boru və 0,15 kilometr qapalı drenaj xəttində təmir-bərpa işləri aparılıb. Ötən ay Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 43 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb.

Muxtar respublikada su təminatının yaxşılaşdırılmasında subartezian quyularının və kəhrizlərin də gücündən geniş istifadə olunur. Ötən ay 50 subartezian quyusunda təmir-bərpa işləri aparılıb, 4 yeni subartezian quyusu istifadəyə verilib. 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə işlər davam etdirilib.

Oktyabr ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılıb,1656 metr yeni içməli su, 288 metr yeni kanalizasiya xətti çəkilib, 2 min 354 metr içməli su və 214 metr kanalizasiya xəttində isə təmir-bərpa işləri aparılıb. Culfa və Ordubad rayonlarının kaptajlarının 230 metr hissəsində təmir-bərpa işləri aparılıb, Ordubad rayonunda 100 metr uzunluğunda yeni kaptaj tikilib.

Babək rayonu ərazisində Əshabi-Kəhf yolunun kənarındakı yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2,47 kilometr təzyiqli boru xətti quraşdırılıb.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 364 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektar torpaq sahəsində isə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib. Kəngərli rayonunun Böyükdüz kəndinin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz çayından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilərək sahələrdə hamarlama işləri, nasos stansiyası binasının tikintisi davam etdirilib, 0,47 kilometr təzyiqli boru xətti quraşdırılıb.

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilən tapşırıqların icrasının təmin olunması məqsədilə cəmiyyətdə hazırlanan tədbirlər planına uyğun işlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası

Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin

mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: