Orqanizmdə D vitamini əsasən ultrabənövşəyi şüaların təsiri nəticəsində yaranır. Sümüklərin minerallaşması prosesində mühüm rol oynayan (sümük bərkiməsi, çat və sınıqların sağalmasına kömək edir) bu vitamin immun sistemi üçün də zəruridir. D vitamininin çatışmazlığı autoimmun xəstəlikləri və yuxarı tənəffüs orqanlarının infeksiyaları riskini artırır.
NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Britaniyanın Linds klinikasının alimlərinin tədqiqatları nəticəsində D vitamininin sistemli şəkildə qəbul edilməsinin ürək çatışmazlığı problemindən əziyyət çəkən xəstələrə faydalı olması aşkar edilib. Belə ki, həmin pasiyentlərin ürək əzələlərinin fəaliyyəti yaxşılaşıb.
Tədqiqatlara klinikanın orta yaş həddi 70-ə yaxın olan 163 pasiyenti cəlb edilib. Bu yaş dövründə hətta yay mövsümündə də D vitamininin miqdarının aşağı düşdüyü qeydə alınır. Alimlər bildiriblər ki, məsələ yaşlı adamların günəş altında az vaxt keçirməsində yox, dərinin D vitaminini sintezləşdirmə qabiliyyətinin azalmasındadır.
Tədqiqatların gedişində pasiyentlər ilboyu D vitamini, yaxud plasebo həbləri qəbul ediblər. Eyni zamanda, həkimlər bu həblərin ürək çatışmazlığı olan pasiyentlərin ürək fəaliyyətinə təsirini müşahidə ediblər. Ürək mədəciklərində sıxılmalar zamanı damarlara axan qanın miqdarı – tullantı fraksiyası alimlərin diqqət mərkəzində olub. Sağlam insanlarda bu göstəricilər ümumi həcmin 60-70 faizini təşkil edir, eksperiment iştirakçılarında isə həmin rəqəm cəmi 25 faizə çatıb.
Aparılan tədqiqatların sonunda D vitamini həbləri qəbul edənlərin fraksiya göstəriciləri 34 faizə yüksəlib. Bundan başqa, pasiyentlərin ürək həcminin azalması da onun möhkəmləndiyini və daha effektiv işlədiyini göstərib.
Britaniya Səhiyyə Nazirliyinin tövsiyələrinə görə, 65 yaşdan yuxarı insanlar gündə 10 mkq (0,01 mq) D vitamini qəbul etməlidirlər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.