Milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da öz milli-mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı tarixən bu dəyərlərin qorunub-saxlanılmasında mühüm rol oynayıb.
Bəs milli-mənəvi dəyərlər nədir ? Sözün milli və mənəvi tərəfləri var.
Xalqımızın tarixən qazandığı bütün nailiyyət və keyfiyyətlər bizim milli dəyərlərimizdir. Bu nailiyyət və keyfiyyətlər maddi və mənəvi olmaqla iki yerə bölünür. Çəkilən yollar, salınan şəhərlər, memarlıq abidələri maddi dəyərlərdir. İncəsənətin müxtəlif sahələri, ədəbiyyatın, poeziyanın yaratdığı əsərlər isə mənəvi dəyərlərin əsasını təşkil edir.
Ümumiyyətlə, bir şeyin dəyərə çevrilməsi üçün davamlılıq şərtdir. Yəni bir neçə nəsil ötürülməsi lazımdır.
Vasitəçi və hədəf dəyərlər var. Vasitəçi dəyərlər hədəf dəyərlərə aparan dəyərlərdir. Vasitəçi dəyərlər isim şəklində, hədəf dəyərlər isə sifət şəklində ifadə olunmaları ilə bir-birindən fərqlənirlər. Məsələn, dürüst adam olmaq hədəf dəyərdir. Bu dəyərə çata bilmək üçün dürüstlük etmək isə vasitəçi dəyərdir.
Dəyərləri müxtəlif formalarda təsnif edirlər ki bura ali, mədəni və əxlaqi dəyərlər aiddir.
Ali dəyərlər insanın onu yaradana qarşı davranışlarını tənzimləyir. Bura ədalət, bəndəlik, həqiqət anlayışları daxildir.
Mədəni dəyərlər insanın cəmiyyət içərisində davranışlarını tənzimləyir. Bura azadlıq, məsuliyyət, bərabərlik, təhlükəsizlik, sülh anlayışları aiddir.
Bir də var cəmiyyətdə münasibətləri möhkəmləndirən, qarşılıqlı ehtirama əsaslanan dəyərlər ki, bu da əxlaqi dəyərlərdir. Bura aiddir yaxşılıq, yoldaşlıq, kömək etmək, etibar etmək, dürüst olmaq və s.
Sadalanan bu dəyərlərin bütövlükdə məcmusu isə mənəvi dəyərlər adlanır. Mənəvi sözü dilimizə ərəb dilindən keçmiş “məna” kəlməsindən gəlir. Kəlmənin izah etdiyi düşüncəyə məna deyilir.
Mənəvi dəyərlər xalqın dünyagörüşünün izahı deməkdir və bir növ xalqın pasportudur. Biz xarici ölkəyə gedərkən üzərimizdə pasport daşıyırıq. Pasportun bir çox səhifələri var, amma orada əsasən bir neçə səhifəyə baxılır, lazımi səhifələrə. Həmin lazımi, önəmli səhifələrdən biridir milli-mənəvi dəyərlərimiz.
Bu baxımdan mənəvi dəyərlərin qorunması həm də milli məsələdir və bu dəyərləri qoruyub saxlamaq bugün daha da vacibdir. Sürətlə dəyişən dünyada qloballaşma bir çox dəyəri sıradan çıxarır. O cümlədən mənəvi dəyərlər də aşınma təhlükəsi ilə qarşılaşır. Bu gün bizim qarşımızda duran vəzifə milli-mənəvi dəyərlərimizi qorumaq, onu zənginliyi ilə birlikdə gələcək nəsillərə çatdırmaqdır.
Xalqımızın üstün keyfiyyətlərindən biri də tolerant olmasıdır. Əlbəttə ki, dünyaya elmi, ədaləti öyrədən mədəniyyətin nümayəndələri mərhəmətli, tolerant olmalıdır.
Tarixdə ən çox əsər müsəlmanlar tərəfindən yazılıb desək, yanılmarıq. Ən böyük kitabxanalar müsəlmanlarda olub.
O əsərlər, o kitablar necə yazılıb?
Kağızın, mürəkkəbin çətin tapıldığı zamanlarda.
Bu gün mürəkkəblə kitab yazan bir neçə adam var, ya yoxdur. Ancaq tarixboyu yüzminlərlə cild əsər yazanlar insanlığa bir miras qoymaq üçün zəhmət çəkiblər.
- Bəs tolerantlıq dedikdə bizdən gözlənilən nədir?
- Bağışlamaq. Amma qarşımızdakı insanı təkcə bağışlamaq kifayət deyil. Lazım olan olmamış qəbul etməkdir.
Yavuz Sultan Səlim bir gün vəzirinin yanında bir sirrini açdı. Daha sonra bu bir sirrdir, bu sirri unut dedi.
Vəzirin cavabı: - Hansı sirr?
Yəni həmin anda unutdum deməkdir.
Bir də var, bağışladım, bir də belə etmə. Deməli tam olaraq günahından keçmədim. Tolerantlıq tamamilə bağışlamaqdır.
Qədim tarixə və zəngin mədəniyyətə malik, doğma yurdumuz Naxçıvan xalqımızın milli adət-ənənələrinin daim yaşadıldığı bir regiondur. Tolerantlıq isə xalqımıza məxsus dəyərlərin tərkib hissəsidir. Bu dəyərlərin yaşadıldığı muxtar respublikamızda milli-mənəvi dəyərlərə malik əhali tolerantlığı, dözümlülüyü özünün həyat tərzinə çevirib. Elə bu səbəbdəndir ki, bu gün muxtar respublikada ömrünü Naxçıvanla bağlayan, burada daimi yaşamağa qərar verən başqa millətlərin nümayəndələri heç də az deyil. Hər bir millətin nümayəndəsi bu gün Naxçıvanda rahat yaşayır, xoşbəxt həyat sürür.
Eyni ölkədə yaşayan müxtəlif xalqların tarixi, dini, sosial, mədəni hüquqlarına humanist dünyagörüşü ortaya qoyan tolerantlıq, eyni zamanda cəmiyyətin öz daxilində ənənəvi dəyərlərin yaşadılmasına töhfəsini verən önəmli amildir. Bu gün Naxçıvan Muxtar Respublikasında da məhz bu dəyərlər yaşadılır.
Orxan Məhərrəmov
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı