Naxçıvanda sosial qayğıya ehtiyacı olan 492 uşağa qış geyimləri verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 24, sağlamlıq imkanları məhdud 295, aztəminatlı ailələrin övladlarından isə 173 olmaqla, ümumilikdə, 492 məktəbliyə qış geyimi verilib.
Bu münasibətlə Naxçıvan şəhərində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir.
Diqqətə çatdırılıb ki, bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Sonra aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri təqdim olunub. Muxtar respublikanın rayonlarında da bu münasibətlə tədbir keçirilib, aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.
Adilə Səfərova