Həyat tərzimizi biz seçirik

A- A A+

Yaşımızı bizə xatırladan hadisələr hər birimizin başına gəlir. Hər dəfə aynaya baxanda saçlarımızda yaranan “bir ağacın ağarmasını” görməyimiz, ətrafımızdakıların bizə “yaşlı” deyə müraciət etməsi bunlardan sadəcə bir neçəsidir. Lakin bunun üçün təəssüflənməyə dəyməz. İrəliləyən zamanı dayandıra bilməsək də, erkən yaşlanmanın təsirlərini azaltmaq, hətta özümüzü yenidən yaratmaq bizim əlimizdədir.

Araşdırmalar sübut edib ki, öz üzərində çalışmaqla, həm də  orqanizminə bir az vaxt ayırmaq və diqqət göstərməklə insan ömrünü uzada bilər.

Əgər 1900-cü illərin əvvəllərində bir amerikalı orta hesabla 50 il yaşayırdısa, bu gün bu rəqəm 80-ə çatır. Bizim coğrafiyamızda insanlarımızın orta yaş həddi 72 ilə bərabərdir. Yaşlanma faktorlarının 30%-ni genetik amillər, 70%-ni isə bizim həyatla olan bağlarımız təşkil edir.

İnsan orqanizmində mövcud olan 100 trilyon hüceyrənin hər birinin vəzifəsi insan doğulduğu andan etibarən məlum olur.

DNT(dezoksiribonuklein turşuları) zincirimizi təşkil edən “telomerlər” deyilən sahənin yaddaşında hüceyrənin ömür boyu neçə dəfə bölünəcəyi, neçə il  yaşayacağı kodlaşdırılıb. Hər hüceyrə bölündükcə telomerin bir ucundan bir miqdar DNT itir və bu, həyatın üzərindən bir kərpicin düşdüyünü göstərir. Telomerlər qısaldıqca hüceyrənin bölünməsi çətinləşir ki, bu da nəticədə  ayaqqabı bağının ucundakı örtücü hissə kimi telomerin də tamlığının pozulmasına-degenerasiyasına və hüceyrənin tədricən sıradan çıxmasına gətirib çıxarır.

2000-ci ildə Nobel mükafatı alan tədqiqatçı alimlər nəticəyə gəldilər ki, 90-100 yaşı keçən insanlarda telomerlər sağlamlığını və uzunluğunu qoruyub saxlayırlar ki, bu da zədələnmənin qarşısını alan telomeraz adlı enzim vasitəsilə həyata keçirilir.

Beləliklə, Elizabet Blackburn və digər tədqiqatçılar gənc qalmanın sirrinin bir enzimdə olduğunu kəşf etmiş oldular. Bu enzim nə qədər çoxdursa, insan ömrü bir qədər uzun olur.

Məhz bu baxımdan inkişaf etmiş cəmiyyətdə yaşayan insanlarımızın üzərinə həm də öz orqanizmləri ilə “düzgün davranmaq”, onu daha sağlam  etmək üçün bir az vaxt ayırmaq vəzifəsi düşür.

İnsan sağlamlığının əsas meyarlarından biri yaşadığı həyat səviyyəsi və qida faktorudur. Dünyanın müxtəlif qitələrində, ölkə və regionlarında yaşayan 7 milyarddan çox insanın həyat tərzi, yaşam səviyyəsi və o cümlədən qida rasionu da fərqlidir. Lakin bu insanları birləşdirən məqsəd eynidir-uzun və sağlam yaşamaq!

Statistik hesablamalara görə yer üzündə 5 yaşadək uşaqlar arasında hər 3 uşaqdan biri ya lazımi qədər qidalanmır və ya artıq çəkiyə malikdir. Xüsusilə ana südü ilə qidalanmayan, o cümlədən 6 aydan 2 yaşadək keyfiyyətsiz qida alan uşaqlarda müxtəlif infeksion xəstəlikərin ağır kliniki gedişatı, zəif immunitet, gələcəkdə fiziki və zehni inkişafın ləngiməsi, hətta bir çox hallarda ölüm riski qaçılmaz hala gəlir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əasasən 149 milyon uşaqda boy-çəki nisbəti pozulmuş - alçaq boylu, 50 milyon uşaqda isə boylarına nisbətən çəkidən çox geri qalma müşahidə edilir. Bundan başqa 40 milyon uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir.

Yeniyetmə dövrdə həyat tərzinin düzgün təşkili gələcəkdə sağlam genefondun əsasını qoyan vacib amillərdən biridir. Qeyd edək ki, qidalanma, yuxu və həyat tərzi inkişafda olan orqanizmin somatik və hormonal sisteminin qurulmasına xidmət edir.

ÜST-ün verdiyi məlumatlara əsasən onkoloji xəstəlikərin profilaktikasının 30%-ni sağlam  həyat tərzinin sadə qaydalarına riayət etmək təşkil edir. Bu baxımdan sağlam qida rasionu, alkoqol və nikotin qəbulundan imtina, düzgün yuxu rejimi, fiziki aktivlik (xüsusilə açıq havada), vaxtında aparılan vaksinasiya tədbirləri və mütəmadi təşkil olunan profilaktik müayinələr yarana biləcək hər hansı patoloji prosesin qarşısının alınmasına və ya vaxtında aşkar edilməsinə xidmət edir.

Məlum olub ki, ağciyər xərçəngi 70% hallarda nikotin qəbulu nəticəsində yaranır. Sadəcə ağciyərlərin deyil, ağız boşluğu, qida borusu, udlaq, mədə, mədəaltı vəzin və böyrəklərin də bəd xassəli şişlərinin etiologiyasında əsas rolu siqaret və alkoqol kimi zərərli vərdişlər oynayır.

Fiziki aktivlik və çəkinin normada saxlanılması, xüsusilə düzgün və sağlam qidalanma ürək-damar, endokrin və onkoloji xəstəliklərin profilaktikasında əsas meyarlardır.

Çox vaxt insanlar “pəhriz” və “düzgün qida” terminlərini səhv salaraq uzun müddətli, qeyri -ixtisaslı mütəxəssislərin tərtib etdiyi birtərəfli qida rejimini seçir ki, nəticədə hədəflədikləri çəkiyə nail olsalar da, sonda müxtəlif formalı metabolik pozğunluqlardan əziyyət çəkirlər. Xüsusilə onu vurğulamaq lazımdır ki, hər düzgün tərtib olunmuş sağlam qidalanma rejimi müvəqqəti və ya periodik qəbul olunmamalı, insanın həyat tərzinə çevrilməlidir ki, gələcəkdə “pəhriz” saxlamaq məcburiyyəti olmasın!

Vacib məqamlardan biri də günəş şüalarının qoruyucu təsirindən lazımi qədər, lakin vaxtında istifadə etmək qaydalarıdır.

Ultrabənövşəyi (UB) şüalanma və xüsusilə həddən artıq günəş şüaları kanserogen təsirə malikdir. Belə ki, bazal hüceyrəli, yastıhüceyrəli karsinoma və ya melanoma kimi dəri xərçəngi növlərinin yaranmasına səbəb olur.

Statistik göstəricilərə əsasən  ABŞ-da hər il 1 milyondan çox dəri xərçəngi qeydə alınır. Bu baxımdan xüsusilə uşaqları günün istənilən vaxtı günəşə çıxarmaq və ya günəşqoruyucu vasitələrdən istifadə etmədən açıq havada (xüsusilə yay aylarında saat 10:00-15:00-dək) çox vaxt keçirmək sadalanan risk faktorlarının yaranmasına gətirib çıxaracaq.

Hal-hazırda UB şüalar buraxan süni günəş qurğuları (solarium) da dəri xərçəngi və gözün melanomasını əmələ gətirən əsas faktorlardan biridir. Məhz bu səbəbdən ÜST 18 yaşdan aşağı olan şəxslərin solariumdan istifadə etməsini  məsləhət görmür.

Son illərdə aparılan statistik hesablamaların nəticələrinə görə profilaktik müayinələrin təşkili müxtəlif yaş qruplarında olan insanlarda həm onkoloji, həm də fərqli etiologiyalı xəstəliklərin vaxtında aşkar olunmasında əhalinin sağlamlaşdırılmasında, həmçinin ölüm riskinin azadılmasına səbəb olmuşdur. Bunun üçün istər təhsil ocaqlarında, istərsə də müxtəlif peşə sahələrində çalışanlar, həmçinin evdar xanımlar və ahıl yaşlı insanlarımızın da mütəmadi olaraq profilaktik baxışlara cəlb olunması qadınlar arasında süd vəzi xərçəngi riskinin aşkar olunmasında vacib tədbirlərdəndir.

Gün ərzində ən az 30 dəqiqə müntəzəm fiziki aktivlik süd vəzi xərçəngi riskini 35% azaldır. Ən az 6 ay müddətində uşağı ana südü ilə qidalandırmaq xəstəlik riskini aşağı salmış olur.

Mütəmadi olaraq müayinələrdən keçən, xüsusilə yaşı 45-dən yuxarı olan qadınlarda (son illər bu hətta 35 yaşa endirilmişdir) hər il mammoqrafiyanın aparılması süd vəzi xərçənginin erkən diaqnostik kriteriyalarından biridir və əksər ölkələrdə skrinq müayinənin əsasını təşkil edir. Aktual problemlərdən biri də profilaktik məqsədlə qəbul edilən vitaminlər, minerallar  kimi vasitələr nəinki risk faktorlarını azaldır, hətta bəzən onları provokasiya etmiş olur. Aparılan çoxsaylı tədqiqatlar sübut etmişdir ki, vitamin və mikroelementlər xərçəng riskinin azaldılmasına heç bir təsir göstərmir və bu məqsədlə vitamin təyin edilməsi məqsədəuyğun deyil.

Amerika Qastroenterelogiya Cəmiyyəti tərəfindən yoğun bağırsaq adenomalarının birincili və ya ikincili profilaktikası məqsədilə kalsiumun əlavə qəbulu tövsiyə edilmişdir. Lakin yüksək miqdarda kalsium qəbulu kolorektal riskini azaltsa da, prostat vəzi riskini artıra bilər, ona görə də qəbul edilən kalsiumun gündəlik miqdarı 700 mq-dan artıq olmamalıdır. Nəticə olaraq sağlam həyatın “reseptlərindən “düzgün” və vaxtında faydalanmalı və zamanımızı faydalı işlər üçün dəyərləndirməliyik. 

1.Genetik mirasınıza əhəmiyyət verərək, genetik riskləri bilmək və bəzi xəstəliklərə qarşı daha erkən və doğru tədbirlər almalıyıq.

2.Düzgün qida rasionu və rejimini seçməli, ehtiyacımız olan qədər qidalanmalıyıq.

3.Həzm sistemini gücləndirməli, qoruyucu peyvəndləri vaxtında vurdurmalıyıq.

4.Lazımi qədər və keyfiyyətli yuxu, fiziki aktivlik və çəkini nəzarətdə saxlamaqla bu amillərin çatışmazlıqlarından yarana biləcək fəsadların qarşısını almış olacağıq.

5.Sadəcə ehtiyac olduqda dərman qəbul etməli, mümkün qədər öz həkiminin təyin etdiyi dərman müalicəsinə müraciət etməliyik.

6.Təhsil səviyyəmizi və intellektual biliklərimizi yüksəltmək, mütaliə ilə məşğul olmaq,  cəmiyyət üçün faydalı olan sosial fəaliyyətləri  artırmalıyıq.

Sağlamlıq təkcə xəstəliyin və fiziki qüsurların olmaması deyil, həmçinin mənəvi və sosial rifah halıdır.  

Bu gün bizim ölkəmizdə aparılan ən vacib səhiyyə islahatlarından biri də profilaktik işin düzgün təşkil olunmasıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında  bütün sahələrdə olduğu kimi, səhiyyə maarifi işinin yüksək səviyyədə təşkili, profilaktik baxışların aparılması insanların sağlamlığının qorunması yolunda atılan ən mühüm addımlardan biridir.

Artıq muxtar respublikanın ən ucqar dağ kəndlərində belə müasir tibbi avadanlıqlarla təchiz olunan kənd ambulatoriyaları, feldşer-mama məntəqələri yaşayış yerindən asılı olmayaraq əhalinin səhiyyə xidmətlərindən ən yüksək səviyyədə istifadə etməsinə şərait yaradır.

İlhamə Mustafayeva

Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi

“Təməl Tibb” fənləri kafedrasının müdiri,

Tibb üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: