Şahbuz rayonunun Ağbulaq kəndində ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını müxtəlif sahələrdə inkişaf etdirmələri məqsədilə biznes layihələri təqdim olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə rayonun Ağbulaq kəndində Ağbulaq, Gömür, Aşağı Qışlaq və Kolanı kəndlərinin ailə təsərrüfatı sahiblərinin iştirakı ilə keçirilən tədbirdə ailə təsərrüfatçılarına meyvə və tərəvəzlərin qurudulması, meyvə lavaşası, meyvə araqları, süd və arıçılıq məhsullarının, qızılgül mürəbbəsi və digər istehsal sahələrinin, həmçinin müxtəlif meyvə bağlarının salınması üçün 12 adda layihə təqdim olunub, layihələrin həyata keçirilməsi üçün görüləcək işlər, avadanlıqların alınıb gətirilməsi, məhsul istehsalı və satışın təşkili ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, Şahbuz rayonunun turizm bölgəsi olması və bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının bu bölgədə daha əlverişli olması ailə təsərrüfatlarının inkişafına öz təsirini göstərir. Ona görə də təsərrüfat sahibləri dövlət dəstəyindən yararlanaraq bu sahədə fəaliyyətlərini daha da genişləndirməyə maraq göstərməli, istehsalın artırılması və çeşid müxtəlifliyinin daha çox olmasına önəm verməlidirlər.
Tədbirdə sahibkarların diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Sahibarlığın İnkişafı Fondu tərəfindən ailə təsərrüfatçılarına illik beş faizlə olmaqla 3 ildən 8 ilədək güzəştli kreditlərin verilməsi davam etdirilir. Ailə təsərrüfatı sahibləri güzəştli kreditlərdən yararlanaraq biznesini genişləndirə bilər.
Qeyd edək ki, rayonda fəaliyyət göstərən 150-dən artıq ailə təsərrüfatçısı təsərrüfatlarını müxtəlif istiqamətlərdə inkişaf etdirərək ailə büdcələrini formalaşdırırlar. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi onların təsərrüfatlarının genişləndirilərək iri sahibkarlıq subyektlərinə çevrilməsində mühüm rol oynayır.
Novruz Məmmədov