Bu günədək muxtar respublikada 13 milyon kvadratmetrdən artıq ərazi dərmanlanıb - FOTOLAR
Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı avtomobil yolları, prospektlər, yaşayış binaları və insanların sıx toplaşdığı yerlər, təlim-tədris müəssisələri mütəmadi olaraq dezinfeksiya edilir, genişmiqyaslı profilaktik tədbirlər görülür. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dərmanlama işləri bu gün də icra edilib. Ümumilikdə, 1 milyon 200 min kvadratmetrdən artıq ərazi dezinfeksiya olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, noyabrın 11-dən başlanılan dezinfeksiya tədbirlərinə Nazrliyin 14 xüsusi təyinatlı avtomobili, 79 nəfər şəxsi heyəti cəlb olunub. Bu günədək muxtar respublikada 13 milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya olunub. Tibbi-profilaktik tədbirlər noyabrın 21-dək davam etdiriləcək.
7 gündür davam edən tibbi-profilaktik tədbirlər muxtar respublikanın rayonlarında insanların sıx toplaşdıqları, intensiv istifadə etdiyi əraziləri də əhatə edib. Eləcə də təlim-tədris müəssisələrində yoluxucu xəstəliklər, virus infeksiyalarına qarşı tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tam orta məktəblərdə, uşaq bağçalarında da yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.
Qeyd edək ki, zəruri sosial davranış və sanitar-epidemioloji qaydaların tətbiq edilməsi, hər bir yaşayış məntəqəsində aparılan nümunəvi genişmiqyaslı dezinfeksiya işlərinin müsbət nəticəsidir ki, ölkəmizdə koronavirusa ən az yoluxma faktı muxtar respublikada qeydə alınıb.
Röyal Kərimov