Dövlət Xalça Muzeyində keçirilən açıq dərs Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi dərsdə muzeyin direktoru Ülviyyə Məmmədova görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, xalq rəssamı Kamil Əliyevin toxuduğu xalçalarda mənəvi aləm, qədim tariximiz, zərif düzümlü bəzək elementləri, kalliqrafik yazılar və rəng çalarları böyük ustalıqla təcəssüm edilib. Rəssam Azərbaycan xalçaçılığını dünyanın hər yerində tanıdıb.
"Əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilən sənətkar xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib. Azərbaycan incəsənətinə göstərdiyi xidmətlərə görə Kamil Əliyev 1967-ci ildə əməkdar, 1982-ci ildə "Xalq rəssamı" fəxri adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib",-deyə muzeyin direktoru bildirib.
Sonda tələbələrə xalça toxuma texnikası əyani nümayiş etdirilib və ekspozisiyaya baxış keçirilib.
Qeyd edək ki, bu il Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq Sərəncamı ilə Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib. Bu gün keçirilən açıq dərs də Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
Mədinə Rəhimli