Ocaq-Şahtaxtı kəndi - FOTOLAR

A- A A+

Kəngərlilər yurdunda, Xan Arazın sahilində qərar tutan və görkəmli şəxsiyyətləri ilə tanınan  bir el var. Təkcə muxtar respublikanın yox, Azərbaycanın ən qədim kəndlərindən olan  bu yurd yerinin adı Şahtaxtıdır. Tariximizə görkəmli şəxsiyyətlər bəxş edən, hər bucağı tarix danışan bu kəndin adı da özü qədər ucadır. İctimai xadim Məhəmməd ağa Şahtaxtlı, polkovnik Əbülfət ağa Şahtaxtinski, akademik Zərifə Əliyeva, xalq rəssamı Elmira Şahtaxtinskaya, böyük drammaturq Hüseyn Cavid, xalq yazıçısı Hüseyn İbrahimov, professor Tamerlan Əliyev, Sosialist Əməyi Qəhrəmanı Əli Məmmədov, şəhid Zaman Məmmədov və daha neçə-neçə işıqlı insanlar doğulub bu kənddə. Onların ziyası nurlandırıb  Şahtaxtını...

NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “Ocaq” layihəsində bu dəfə  ad-sanı bütün dünyaya yayılan Şahtaxtının tarixi, görkəmli şəxsiyyətləri və abidələrindən söhbət açacağıq. 

Qədim  karvan yollarının  üzərində yerləşən Şahtaxtı kəndinin adı ilə əlaqədar bir neçə rəvayət var. Rəvayətlərin biri belədir ki, Şahtaxtı  adı bu kəndə Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə  Təbrizdə taxta çıxmasından sonra verilib. Şirvanı ələ keçirən Şah İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin  Naxçıvana 30 min nəfərlik qoşunla  yürüş  etməsi  xəbərini alır və dərhal 7 minlik qızılbaş süvariləri ilə  Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtıya yaxın yerdə Şərur düzündə qızılbaşlar özlərindən qat-qat üstün olan  Ağqoyunlulara qalib gəlirlər. Bununla da qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Təbrizi ələ keçirən qızılbaşlılar İsmayılı taxta çıxarırlar və Səfəvi dövlətinin əsasını qoyurlar. Bu hadisələr Şahtaxtıya yaxın ərazidə də baş verdiyindən, İsmayılın Şahtaxtıdan keçib Təbrizdə taxta çıxmasından sonra  kəndi “şahı taxta çıxaran yer” adlandırıblar.

Məşhur rus tədqiqatçısı Simirnov 1934-cü ildə  “Naxçıvan diyarının  tarixi və etnoqrafiyası” kitabında Şahtaxtı adının vaxtilə  Şahtaxtı  kəndində məskunlaşan Nemətullahi təriqətinə məxsus dərvişlərə gedib çıxdığını, kəndin adının da məhz  özünü şah elan edən  dərvişin təkyəsinin burada yerləşməsi ilə bağlı olduğu, təriqətin yaradıcısı sufi Əmir Nurəddin Nemətullah  ibn   Mirabdullanın  şəcərəsinin Həzrəti Əlinin oğlu  İmam Hüseynin  nəvəsi Məhəmməd Baqirə gedib çıxdığı  bildirilir.  Yayılmış məlumatlara görə Nemətullahi təriqətinin  banisi Nemətullah və ya onun şah ləqəbli  davamçılarından biri Azərbaycana məhz Araz çayının indiki Şahtaxtı kəndi ərazisindən keçərək gəlir və İydəli pir adlanan ərazidə məskunlaşaraq  xanəgahını qurur. Hətta bəzi mənbələrdə deyilir ki, əvvələr İydəlik olan ərazinin sonralar pirə çevrilərək İydəli pir, yaşayış məskənin Şahtaxtı adlanması da məhz burada  sufi şahın xanəgahının qurulması ilə bağlı olub. 1936-cı ildə arxeoloq Əli Ələsgərov, 1979-1989-cu illərdə arxeoloq Qəhrəman Ağayev tərəfindən aparılan tədqiqatlar zamanı ovçuluğa, balıqçılığa və  sənətkarlığa aid çoxlu materialların tapılması  nəticəsində ehtimal olunub ki, bu kənd qədim insanların məskunlaşdığı ilk ərazilərdən olub. Tarixçilər qeyd edirlər ki, Şahtaxtı kəndinin ərazisində iki məskunlaşma dövrü olub. Birinci mərhələ XVII əsrə qədərki dövrü, ikinci mərhələ isə XVII-XIX əsrləri əhatə edir. I şah Abbasın 1605-ci ildəki böyük sürgün siyasətindən  əhalisi  sürgünə məruz qalan kəndlərdən biri də elə  Şahtaxtı kəndi olub.

Şahtaxtılı ziyalıların dediyinə görə, vaxtilə bu kənd başdan başa gözəl bağlarla örtülü olduğundan “baği- cənnət” adlandırılıb. “Baği-cənnət”in ən gözəl guşəsi “İydəli pir” adlanan ərazi olub. Pirin ərazisindən keçən arxa isə “şah arxı” deyirmişlər. Kənddən 2 km aralıda yerləşən orta əsrlər dövrünə aid  “İydəli pir” yerli əhalinin inancları ilə bağlı abidədir. Pirin adı ilə bağlı olan əfsanə və rəvayətlərin birində deyilir ki, Şahtaxtılı İydə çiçəyi adlı bir qızı zorla varlı, çirkin, qoca bir kişiyə ərə vermək istəyirlər. İydə çiçəyi  bədirlənmiş ay işığında gecə gizlin gələrək  bağçada yaradana üz tutub  imdad istəyərkən  iydə ağacına çevrilir. Həmin vaxtdan ərazi müqəddəs yer olur, iydənin toxumları torpağa tökülərək göyərir və iydəli sahə (bağ) yaranır.

Keçmiş zamanlarda “İydəli” pirində niyyət edənlər qurbanlıq heyvan gətirib  kəsər, ətindən  ehsan verər, buradakı iydə ağaclarını suvarıb, iydələrindən yığıb bərəkət simvolu kimi aparıb bişirdikləri çörəyin xəmirinə qatar, yarpaqlarından  çay dəmləyərmişlər. Pir bu gün də insanların ziyarət yeridir.

Deyilənə görə Şah İsmayılın Şərur düzündəki döyüş öncəsi düşərgə kimi iydəli pir ərazisini seçməsi və orada gecələməsi də bu yerin müqəddəsliyindən irəli gəlib.

Mənbələrdə Şahtaxtı kəndində vaxtilə dinin  çox yüksək səviyyədə inkişaf etdiyi, burada  beş  nəfər şeyxin  və üç nüfuzlu tayfa  başçısının I İsa Soltan, Yüzbaşı  Məhəmməd Rza bəy  və  “böyük Seyid” ləqəbli Mir Abdulla ağanın yaşadığı, kəndin sonrakı inkişafında bu üç şəxsin  və  onların başçılıq etdiyi tayfaların böyük rol oynadığı   deyilir.

60-dan artıq nəslin nümayəndələrinin yaşadığı Şahtaxtıda ilk Seyidlər sülaləsinin  əsasını qoyan şəxs  isə Mir Abdulla ağa olub. Deyilənlərə görə, Şahtaxtıdakı tayfa başçılarından ikisinin, Şaxtaxtinskilərin əcdadı  İsa Soltanla böyük seyid Mir Abdulla ağa arasında həm də sıx dostluq münasibətləri olub. 1828-ci il Türkmənçay müqaviləsindən sonra hər iki şəxsin nəinki Şahtaxtıda, ümumiyyətlə Mərənd, Maku, İrəvan, Naxçıvan bölgəsindəki yüksək nüfuzu çar Rusiyası tərəfindən  nəzərə alınıb, kəndin siyasi idarəçiliyinə İsa Soltan, dini işlərə isə Mir Abdulla ağa baxıb.

Şahtaxtıdakı uzun illərin, əsrlərin tarixi abidəsi olan hamam Naxçıvan muxtar respublikasında bioqazla qızdırılan ilk hamam olub. İsa Soltan Şahtaxtinskinin XIX əsrdə  Şərq üslubunda tikdirdiyi   hamamın daşına,  uçulmuş divarlarına 2020-ci ildə  sığal çəkildi. İndi kəndin ən gözəl və ən əzəmətli bir abidəsinə dönən   hamam  vaxtilə Şahtaxtının, hətta qonşu kəndlərin sakinləri  üçün  paklıq, təmizlik mənbəyi olub. Hamamı  isitmək üçün ilk vaxtlar samandan, keçən əsrin ortalarında isə mazutdan istifadə olunub.  Keçmişdə həm də insanların istirahət yeri olan bu hamamda    pəhləvanlar güclərini sınayar, xalq tamaşaları göstərilərmiş. Düzbucaqlı arxitektura quruluşuna malik olan  abidə iki günbəzlidir və   yarım yeraltı hamam sayılır.  XIX əsrin 80-ci illərində fəaliyyətini dayandıran  bu  cismani paklıq mənbəyi indi  milli –mənəvi dəyər kimi yeni həyatını yaşayır. Hazırda   hamam binasında bir sıra xidmət sahələri fəaliyyət göstərir.

Dəmir yolunun üzərində yerləşən Şahtaxtı  bir vaxtlar  keçmiş SSRİ məkanında yüksək rəğbət qazanan qovunu ilə də tanınıb. Şahtaxtı qovununun dadı və şirinliyi onu yeyənləri məst edib. Sorağı hər yana yayılıb bu yurd nemətinin. Şahtaxtılılar ta XIII əsrdən onu özünəməxsus qayda ilə tutma üsulu ilə becərib, əllərinin bəhrəsini dəriblər. Bu gün də onu becərən şahtaxtılılar deyirlər ki, may ayının əvvəlində əvvəlcədən isladılan toxum kərdilərdəki ocaqlara salınır. Bir həftə ərzində  cücərən  kollar seyrəldilir, ən yaxşısı saxlanılır. Sonra həmin kolların verdiyi çiçəklərdən əmələ gələn balaca  qıralar-gülburnu  ağız suyu ilə isladılır, torpaqlanır, 3 gün açıq şəkildə saxlanılır, qurdlanıb qurdlanmaması yoxlanıldıqdan sonra öz yarpağına bükülərək yerə basdırılır, 40 gün ərzində bu vəziyyətdə nəzarətdə saxlanılan bitki torpaqdan çıxarılır və 20 gün də kolun üzərində qalaraq tam yetişir. Şahtaxtılılar keçmiş zamanlarda bu qovun  növünün  həm də qurusundan  istifadə edərək özlərini aclığın girdabından saxlayıblar.

Şahtaxtıda yaşı əsrlərə dayanan  məktəbin tarixi ilə də maraqlanarkən məlum olur ki, burada ilk məktəbin açılması  Şahtaxtinskilər nəslinin adı ilə bağlıdır.  1888-ci ildə  Məhəmməd ağa Şahtaxtlı təhsil idarəsinə bir məktub yazaraq tələb edir ki, Şahtaxtıda məktəb açılsın. Onun məktubuna cavab olaraq məktəbi açmaq istəyirlər, amma vəsait olmadığından məktəb açılmır.  Bunun üçün o, öz qohumu Əbülfət ağa Şaxtaxtinskiyə müraciət edir  və  Şahtaxtıda ikisinifli zemstvo məktəbi açılır. O zaman Naxçıvanda  22 məktəb fəaliyyət göstəribsə, həmin  məktəblərdən biri də Şahtaxtı məktəbi olub.  Kənddə o  dövrdə  məktəbin olması elmin inkişafına, elmi kadrların çoxalmasına  böyük təsir göstərib. 1893-cü ildə Məhəmməd ağa Şahtaxtinski  bu kənddə rus-tatar məktəbi açır. Həmin məktəbin ilk direktoru isə Əbülqasım Şahtaxtinski olur.

Böyük demokrat Cəlil Məmmədquluzadənin “Sahibi-mənsəb, ziyalılar vətəni” adlandırdığı Şahtaxtının  ziyalılar yurdu, böyük nəsil şəcərələrinin yaşadığı  qocaman kənd kimi tanınmasında  həmin  məktəbin  çox böyük rolu olur.

Şahtaxtının  adını ucaldan, onu dünya miqyasında tanıdan Şahtaxtinskilərdir. Şahtaxtı Şahtaxtinskilər kimi böyük alimlərin  ata  ocağı, ulu yurd yeridir.

Təsadüfi deyil ki, yazıçı Cəlil Məmmədquluzadə 1905-ci ildə Tiflisdə Məhəmməd ağa Şaxtaxtlı ilə görüşüb ona “Poçt qutusu” hekayəsini Şərqi-Rus qəzetində dərc olunmaq üçün təqdim edəndə “mən özümü o vaxt xoşbəxt hesab edərəm ki, Şaxtaxtı kimi bir qəsəbənin sakini olam və alimlər nəsli ilə yanaşı oturam” deyib.  

XIX-XX əsrdə elmin bir çox sahələrində böyük nailiyyətlər əldə edən alimlərin əksəriyyəti bu nəsildən olub. Şahtaxtıda doğulan  və onu dünyaya tanıdan neçə-neçə akademik, onlarla elmlər doktorları, elmlər namizədləri, yüzlərlə yüksək səviyyəli mahir mütəxəssis, ölkəmizin, eləcə də xarici ölkələrin elm müəssisələrində, sənaye və təsərrüfat sahələrində əzmlə çalışıblar. Dünyanın harasında olmaqlarından asılı olmayaraq onlar ata-baba yurdları ilə  fəxr edib və şahtaxtılı olmaqlarından qürur duyublar.

Təsadüfi deyil ki, kənddə ömürlərini elmə həsr  edən bu şöhrətli  nəslin adını əbədiləşdirən, fəaliyyətlərini təbliğ edən bir  muzey də var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli sərəncamı ilə yaradılan Şahtaxtinskilər Muzeyi Şahtaxtıya gələn hər bir qonağa bu görkəmli şəxsiyyətlər haqqında  danışır.

Şaxtaxtinskilərin həyat yoluna nəzər salanda isə  sadəcə fəxr və qürur hissi keçirirsən  bir kəndin, bir ocağın, bir elin belə  görkəmli  şəxsiyyətləri ilə .  

Məhəmməd ağa Şahtaxtılı  avropada təhsil alan ilk azərbaycanlı idi. Özünün şah əsəri olan “Şərqi-Rus” qəzetini XX əsrin əvvəllərində-1903-cü ildə yaratsa da, XIX əsrdə də bir sıra maarifçi ideyaların əsasını qoydu. Onun adı həm də BDU-nun ilk azərbaycanlı professoru kimi  tarixə düşdü.

Şahtaxtının adını yüksəklərə qaldıran şəxsiyyətlərdən biri də  Moskva və Qars müqavilələrinin bağlanmasında  böyük xidmətləri olan   görkəmli dövlət xadimi və böyük diplomat  Behbud ağa Şahtaxtinskidir.

Tibb Elmləri doktoru və professoru adını alan ilk azərbaycanlı qadın Adilə Şahtaxtinskaya  da Şahtaxtı kəndinin yetirməsidir. Tədqiqatları əsasən qadın gigiyenasına  həsr olunan bu nəcib xanım 29 yaşından ömrünün sonunadək Tibb Universitetinin  Ginekologiya kafedrasının müdiri vəzifəsində çalışıb və  Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu müsəlman şərqində ilk qızlar məktəbi olan Seminariyada   müəyyən müddət dərs deyib.

Xaicdə təhsil almış ilk azərbaycanlı qadın  Leyla Şahtaxtinskaya da bu nəslin nümayəndəsi olub. İsa Soltan Şahtaxtinskinin qızı Leyla Şahtaxtinskaya 1902-ci ildə Tiflis Qızlar məktəbini bitirir  və 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə İsveçrədə Tibb Universitetində təhsil alır, lakin təhsilini başa vurmağına 2 il qalmış xəstələnərək vəfat edir. Adlarını çəkdiyimiz bu şəxsiyyətlər Şahtaxtinskilərin sadəcə bir neçə  nümayəndəsidir. Şahtaxtı və Şahtaxtılılar haqqında danışmaq cild-cild kitablara sığmaz. Sadəcə onu deyə bilərik ki, Azərbaycanın İran İslam Respublikası ilə sərhəd kəndi olan Şahtaxtı keçmişdə olduğu kimi bu gün də ölkəmizin iqtisadi və mədəni əlaqələrinə töhfələrini verir, qoynundakı abidələrini ləyaqətlə qoruyur və ziyalılar kəndi  adını layiqincə yaşadır.     

Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: