Hələ döyüşə girməmişdən əvvəl arzu etmişdim ki, Qarabağ torpağında “Qarabağ şikəstəsi”ni ifa edim

A- A A+

Emin Kərimov 1993-cü ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 2018-ci ildən etibarən Heydər Əliyev adına Hərbi Liseyin hərbi orkestrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir. Vətən müharibəsinə könüllü olaraq yollanıb. Hərbi liseyin baş musiqiçisi Emin Kərimovun döyüş xatirələrini təqdim edirik.

Hər zaman düşünmüşəm ki, Vətən çağırırsa, yaşından, peşəsindən, kimliyindən asılı olmayaraq, hər kəs onun səsinə səs verməlidir. Biz Vətən müharibəsində bir çox mətləblərin şahidi olduq. Məsələn, gördük ki, xalqımız ordu ilə əl-ələ verib necə mübarizə aparır, könüllülər komissarlıqların qarşısında toplanır, analarımız yatmayıb bütün gecəni əsgərinə isti çörək bişirir, gənclərimiz Azərbaycanın haqq səsini onlarla xarici dildə bütün dünyaya çatdırır, musiqiçilərimiz cəngilər, marşlar yazıb orduda ruh yüksəkliyi yaradır, Ali Baş Komandan var gücü ilə dünyaya “Qarabağ Azərbaycandır!” deyir...

Əvvəlcə onu qeyd edim ki, mən musiqiçiyəm. Qarmon ifaçısıyam. Musiqi məktəbini bitirmişəm və hazırda Heydər Əliyev adına Hərbi Liseydə orkestrin üzvü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirəm. Vətən müharibəsinin başladığı gündən könüllü olaraq Qarabağa getməyi, döyüşlərdə iştirak etməyi arzulayırdım. Əvvəlcə müharibədə iştirak etmək istədiyimi iş yerimdə öz rəisimə bildirdim. O məni sorğu-suala çəkdi, ailə vəziyyətimlə maraqlandı, fikrimin qəti olub-olmadığını bir daha soruşdu. Mən isə qətiyyətlə iştirak etmək istədiyimi bildirdim. Həmin günün səhəri işdə qalmalı idim. Səhər erkəndən məni və digər iştirak edəcək yoldaşlarımı hazırlıq üçün təlimə apardılar. Ancaq bu olanlardan hələ də ailəmin xəbəri yox idi. Çünki müharibə başlayan bir gündən güclü iş rejimində idik. Bir gün evdə, bir gün işdə qalırdıq. Bir neçə gün təlim keçəndən sonra avtobuslarla hava limanına yola düşdük. Mən hava limanında ailəmlə əlaqə saxlayaraq “Qarabağa gedirəm, qismətdə salamat qayıtmaq da var, qayıtmamaq da... Haqqınızı halal edin”,– dedim.

Bir neçə saatdan sonra artıq paytaxtda idik. Həmin gecəni Bakıda qalandan sonra ertəsi gün Qarabağa doğru yola düşdük. Təxminən, 5-6 saat yol gələndən sonra təyin olunmuş yerə çatdıq. Öncə döyüşü müşahidə etdik, döyüş taktikasını öyrəndik. Avtobuslarla gələn bütün heyət iki müxtəlif döyüş istiqamətinə bölündü. Mən olduğum qrupun snayperi idim. Gedəcəyimiz istiqamət “Qırmızı bazar” deyilən yer idi. Piyada dörd günə yaxın yol getdik. Artıq iki-üç günü geridə qoymuşduq. Təyin olunmuş yerə çatmağımıza 3-4 kilometr qalmış təpəlik bir əraziyə yaxınlaşdıq. Orada boş bir səngər var idi. Təzəcə oturmuşduq ki, birdən minaatan səsi gəldi. Mərmi bir az aralıya düşdü. Dərhal mövqeləndik. Bir neçə dəqiqə sonra minaatan səsi kəsildi. Amma biz həmin vaxt bir yoldaşımızı şəhid verdik, biri isə yüngül yaralandı. Mənim də ayağım yaxınlıqdakı qayaya dəyib zədələnmişdi. Bu hadisə sanki məni ayıltdı. Həmin vaxt müharibənin içində olduğumu bütün reallığı ilə dərk etməyə başladım. Əvvəllər də eşitmişdim ki, ermənilər Azərbaycan əsgəri ilə üzbəüz döyüşə girməkdən qorxurlar. Düşmənin hücumu da, müdafiəsi də ancaq artilleriyadır. Yaşadığım bu hadisə həmin sözləri əyani təsdiq edirdi. Bundan sonra şəhidimizi və yaralılarımızı geriyə təxliyə edərək yolumuza davam etdik.

Gecəni Xocavənd ərazisində bir meşədə keçirdik. Həmin vaxt düşmən bizə çox yaxın məsafədə idi. Onların texnikalarının səsini eşidirdim. Amma bizim istiqamətimiz bəlli idi. Düşmənin xəbəri olmadan təyin olunmuş yerə getmək tapşırığı almışdıq. Səhərüzü yenidən yola düşdük. Yaxınlıqdakı çayı keçən zaman düşmən qüvvələri tərəfindən atəşə tutulduq. Mərmilər yağış kimi yağırdı, ancaq biz özümüzü itirmədik. Müvafiq göstərişlər verildi. Bir-birimizdən ayrılaraq düşməni mühasirəyə aldıq. Onların heyəti az idi. Bir neçəsini məhv etdik, qalanları isə qaçmağa başladı. Bu döyüşdən sonra komandirimiz gəlib mənim yaralı ayağıma baxdı və dedi ki, bu ayaqla sən bizimlə irəliləyə bilməyəcəksən, geriyə təxliyə olunmalısan. Beləliklə, məni müalicə üçün geriyə qaytardılar. Tibb məntəqəsində iki gün müalicə olunandan sonra mən yenidən döyüşə qayıtmaq istədim. Lakin həkim etiraz edərək iki gün daha qalmalı olduğumu bildirdi. Amma mən inadla geri qayıtmaq istədiyimi dedim. Ondan yaramı sarğıya almaq üçün bir neçə tibbi ləvazimat aldım və döyüşə qayıtdım.

Mən öz qrupumuza qoşulan zaman artıq döyüş yoldaşlarımız Şuşaya doğru yol almışdılar. Orada olan zaman səmada iki uzaqmənzilli raket gördük. Ertəsi gün eşitdik ki, ermənilər Bərdə şəhərini vurub, onlarla dinc sakin həyatını itirib. Azərbaycan əsgərinin qarşısına çıxa bilməyən düşmən hirsini beləcə sivil vətəndaşlardan alırdı. Bu, illərdir ki, belə davam edirdi.

Çanaqçı kəndinə bir kilometr qalmış orada daimi heyətimiz yerləşmişdi. Mən hələ tam sağalmadığım üçün komandir arxada qalmağıma göstəriş verdi. Payız ayı olmasına rəğmən həmin kənd o qədər gözəl idi ki... Öz-özümə düşünürdüm ki, Şuşanın ətrafı bu qədər gözəldirsə, kim bilir özü necədir! Bu kənddə təsadüfən evlərin birində çarpayının üstündə qarmon gördüm. Musiqiçi olduğum üçün hələ döyüşə girməmişdən əvvəl arzu etmişdim ki, Qarabağ torpağında “Qarabağ şikəstəsi”ni ifa edim. Elə həmin vaxt qarmonu əlimə alıb gözlərimi yumdum və ifa etməyə başladım. Bu anı döyüş yoldaşlarım telefonun yaddaşına köçürmüş, daha sonra sosial şəbəkələrdə paylaşmışdılar. Həmin vaxt döyüşdə olduğum üçün məlumatım olmamışdı, ancaq sonradan bildim ki, bu ifa bütün Azərbaycana yayılıb.

Növbəti tapşırığımız, nəhayət ki, Şuşa istiqaməti idi. Noyabr ayının 5-i həmin kənddən çıxdıq. Şuşa istiqamətində bir gündən çox yol getdik. Çünki bildiyimiz kimi, Şuşa ətrafı ancaq sıldırım qayalar idi. Düşmən bizi ön tərəfdən gözləyirdi. Ancaq bizdən əvvəl Şuşaya çatan qüvvələrimiz artıq düşmənin gözlədiyi yerdən deyil, sıldırım qayalardan üç istiqamətdə Şuşaya girirdilər. Həmin vaxt aldığımız məlumatlara görə, ermənilər bir il bizə müqavimət göstərəcək qədər ehtiyat silah-sursatı Şuşaya yığıb gözləyirmişlər. Biz Şuşaya yaxınlaşarkən artıq Daşaltıda döyüşlər gedirdi, Şuşa mühasirəyə alınmışdı. Sol tərəfimiz Laçın, sağ tərəfimiz isə Şuşa idi. Hava tam qaranlıq deyildi. Biz ora çatan kimi dərhal təpələrə qalxmağımız əmr edildi. Bu zaman düşmən Laçın tərəfdən qruplarımızın üstünə yağış kimi minaatan mərmisi yağdırırdı. Bir neçə saniyə sonra minaatan mərmisi yan-yörəmizə düşməyə başladı. Bir mərmi isə mənə lap yaxın qayanın yanına düşdü. Həmin vaxt qaya parçalandı, mərminin dalğası məni həmin qayaya çırpdı. Yaralı ayağım daha pis vəziyyətə düşdü. Ayağıma baxan zaman sümüyüm görünürdü. Dalğanın təsirindən başım da dumanlandı. Yoldaşlarım kömək üçün tez yanıma gəldilər. Onlar ayağıma sarğı qoydular. Daşaltı kəndinə çatmamış yaralıları aşağı endirdilər. Oradan isə Füzuli xəstəxanasına təxliyə edildik. Şuşa ətrafı döyüşlərdə iştirak etsəm də, təəssüf ki, Şuşanın özündə döyüş yolu keçmək mənə qismət olmadı. Amma xəstəxanada olarkən döyüş yoldaşlarımın Şuşadakı qəhrəmanlıqlarını eşidən zaman gözlərim doldu. Bu həm sevinc, həm də qürur dolu qarışıq hisslər idi. Döyüş yoldaşlarımız Şuşaya girmək üçün çətin də olsa, ermənilərin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçmişdilər. Onlar şəhərə qayalıqlara dırmaşmaqla qalxmışdılar. Bütün bu çətinliklərə baxmayaraq qüvvələrimiz şəhərə girməyi bacarmış, əlbəyaxa döyüşdə düşmənə qan uddurmuş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı erməni işğalından azad etmişdilər. Noyabrın 8-də xəstəxanada idim. Şuşanın azad olunması xəbərini alan zaman bütün xəstəxana ayaqlanmışdı. Şuşa azad idi. O, birdəfəlik düşmən tapdağından xilas olmuşdu. Bu müqəddəs yolda iştirak etmək, işğalçı düşmənə qarşı yoldaşlarımla birlikdə çiyin-çiyinə döyüşmək, mənim həyat kitabımın ən qürurlu, ən məğrur və unudulmaz səhifələridir. Hər dəfə bu xatirələri yada saldıqca, onları vərəqlədikcə Azərbaycan Ordusu və Azərbaycan xalqı ilə qürur duyuram. Şərəfli hərbçi formasını daşıdığım üçün fəxr edirəm!

P S: Döyüşçü Emin Kərimov Müzəffər Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Mənbə: Abdulla Quliyevin “Mərmidən xatirələr” kitabı

                                                    “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: