Babəkdə elektrik, qaz və rabitə infrastrukturu payız- qış mövsümünə hazırlanır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonunda payız-qış mövsümündə yarana biləcək çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülür.
Qış mövsümündə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün Rayon Elektrik Şəbəkəsi tərəfindən hazırda rayonun Cəhri, Qahab, Nehrəm, Nəzərabad və digər kəndlərində müxtəlif işlər görülür. Muxtar Respublikamızda ilk dəfə olaraq Babək rayonundan başlanan kabelləşdirmə işləri sürətlə aparılır. Əlavə olaraq 130 - dan çox abonent üçün sayğac quraşdırılıb. Babək qəsəbəsində smart-kart tipli sayğacların quraşdırılması işi də sürətlə aparılır, transformator və yarımstansiyalar texniki baxışdan keçirilir.
Bu il rayon Qaz İstismar İdarəsi tərəfindən 100-dən çox evə qaz xətti çəkilib. Qaz sayğaclarına müdaxilələrin qarşısını almaq üçün 7 mindən çox abonent qutusu quraşdırılıb. İlin sonuna kimi quraşdırılan qutuların başa çatdırılması da nəzərdə tutulur.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda rabitə sahəsində də işlər aparılır. Hazırda rayonun kəndlərində zədələnmiş yeraltı kabellər yeniləri ilə əvəz olunur və cari təmir işləri aparılır.
Vüsal Muradov