Ötən əsrin sonlarında bədnam qonşumuz Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqına, məcburi köçkünə çevrilib. Onlar mülkiyyət hüququndan məhrum ediliblər. Minlərlə dinc sakin Ermənistan işğalının qurbanı olub. Şəhidlik zirvəsinə ucalan həmin şəxslər insan üçün ən böyük hüquq sayılan yaşamaq hüququndan məhrum ediliblər. Birinci və ikinci Qarabağ savaşı dövründə minlərlə hərbçimiz silaha sarılaraq Vətənin müdafiəsinə qalxıblar. Yaşamaq hüququndan keçən minlərlə əsgər, çavuş, gizir və zabit xalqımızın qəhrəmanlarına çevriliblər. Məhz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı sayəsində illərdir beynəlxalq hüququn tələblərinin pozulması faktının qarşısı alınıb. Azərbaycan suveren hüququndan istifadə edərək güc yolu ilə ərazi bütövlüyünü təmin edib.
Qarabağın dirçəlişi
Ölkəmizin bütün bölgələrinə səpələnən qaçqınlar, məcburi köçkünlər müstəqilliyimizin ilk illərində çox ağır günlər yaşayıb, məşəqqətlər çəkiblər. Amma dövlətimiz gücləndikcə onlara xüsusi qayğı göstərilib. Postmüharibə dövründə qarşıda duran başlıca vəzifə də işğaldan azad olunan ərazilərin yenidən qurulması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüququnun – mülkiyyət hüququnun təmin olunmasıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb. İşğaldan azad olunmuş rayonlara səfəri çərçivəsində yeni-yeni yaşayış məhəllələrinin, infrastruktur obyektlərin təməli qoyulub. Buna misal olaraq Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsini, Ağdamın, Şuşanın, Füzulinin baş planlarının təsdiqlənməsini, rayon ictimaiyyətinə təqdim olunmasını, bunun ardınca tikinti işlərinə başlanılmasını göstərmək olar. Eyni zamanda Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşasına başlanılıb.
Əzəli sakinlər torpaqlarına qovuşur
Cəmi 8 aya Füzuli Hava Limanının tikintisi başa çatdırılıb və Zəfər Günü ərəfəsində Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə bu beynəlxalq aeroport istifadəyə verilib. Şuşada ard-arda istifadəyə verilən yeni obyektlər, bərpa olunan tarixi-mədəni abidələr, keçirilən tədbirlər aydın təsdiq edir ki, qısa zamanda Qarabağa həyat yenidən qayıdacaq, bu torpaqlar əzəli sakinlərinə qovuşacaqlar. Bu işlərlə paralel olaraq Vətən müharibəsi dövründə erməni təcavüzünə məruz qalan cəbhəyanı ərazilərdəki yaşayış məntəqələri də bərpa olunub. Goranboy, Naftalan, Tərtər, Bərdə, Mingəçevir və Gəncədə mərmi atəşi nəticəsində dağılan obyektlər, evlər təmir olunub, yararsız vəziyyətə düşənlərin yerində yenisi inşa edilib, sakinlərin istifadəsinə verilib.
Əmanətlərə sahib çıxmaq
Postmüharibə dövründə Azərbaycan dövlətinin vətəndaşların hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri şəhidlərin əmanətlərinə sahib çıxması, onların ailə üzvlərinin sosial problemlərini həll etməsidir. Qazilərimizin sağlamlığının bərpası, onların sosial-məişət qayğılarının həll olunması da bu çərçivədə öz həllini tapır. Postmüharibə dövründə ölkəmizdə şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 33 min şəxsə sosial dəstək göstərilib. Ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş, yəni Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfərə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla, 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb. Şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb. Eyni zamanda yeni təqaüd növü təsis edilməklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.
Şəhid ailələri və qazilərin mənzil şəraitinin yaxşılaşdırılması
Postmüharibə dövründə qarşıda duran vacib vəzifələrdən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olub. Bu istiqamətdə həyata keçirilən tədbirlər geniş vüsət alıb. Bu kateqoriyalardan olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub. Bu il üzrə də 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır və onlardan artıq 1850 mənzil bu kateqoriyadan olanlara, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinə və müharibə əlillərinə verilib. Ümumən ötən dövrdə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin də mənzillə təminatına başlanılıb. 2021-ci ilin ötən dövründə daha 150 müharibə əlili, ümumilikdə, ötən dövrdə 7350 müharibə əlili avtomobillə təmin olunub. Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri, həmçinin erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib.
“Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır”
Qeyd edək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından olan oğullar, hərbi qulluqçular da Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərib, torpağımızın ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər. Bu gün muxtar respublikada şəhidlik zirvəsinə yüksəlmiş şəxslərin ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır. Qazilərin sağlamlıqlarının bərpa olunması diqqətdə saxlanılır. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır” fikrini hər zaman hörmətlə xatırlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində, bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır. İndiyə qədər muxtar respublikada 200-dən çox Vətən müharibəsi iştirakçısına və şəhid ailəsinə mənzil verilib, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 500-ə yaxın şəxs minik avtomobili ilə təmin edilib. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında Naxçıvanda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” da yaradılıb. Fondun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan şəxslərin muxtar respublika xaricində müalicə və müayinələrinə köməklik göstərilib, onların kredit borcları qarşılanıb və zəruri hallarda yaşayış sahələrində təmir-bərpa işləri aparılıb. Həmçinin ötən müddət ərzində göstərilən sosial xidmətlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə müvafiq vəsiqələr verilib, Prezident təqaüdü, sosial müavinətlər təyin olunub, Vətən müharibəsi qəhrəmanlarına Prezident təqaüdü ödənilib. Müharibə iştirakçılarının Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicələri təşkil olunub, onlara müvafiq reabilitasiya vasitələri təqdim edilib. Əlavə olaraq bu müddət ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün Psixoloji Dəstək Xidməti təşkil edilib.
Həqiqətlərimiz beynəlxalq arenada
Postmüharibə dövründə insan hüquqlarının qorunması çərçivəsində atılan addımlardan biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər nəticəsində beynəlxalq hüququn kobudcasına pozulması faktlarının dünya ictimaiyyətinə çatdırmasıdır. Ombudsmanın bu mövzuda hazırladığı hesabat, bəyanat və müraciətlər beynəlxalq qurumlara təqdim olunub, dünya mediasında ictimailəşdirilib, beynəlxalq təşkilatlardan ədalətli mövqe və çağırışları tələb olunub. Bununla yanaşı, Ombudsman Səbinə Əliyevanın, həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın şəhid ailələri və qazilərin vəziyyəti, qayğılarının öyrənilməsi məqsədilə onların ailələrinə baş çəkmələri xüsusi əhəmiyyət daşıyır.
İnsan hüquq və azadlıqlarının təmin olunması
Yekun olaraq qeyd edək ki, Azərbaycanda, o cümlədən muxtar respublikada yüksələn iqtisadi intibah, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinin davamlı inkişafına geniş imkanlar yaradıb. Məhz bu imkanlardan istifadə edilərək postmüharibə dövründə də vətəndaşların, xüsusilə şəhid ailələrinin, qazilərin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər uğurla davam etdirilib.
Hafizə Əliyeva
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində redaktor, Əməkdar jurnalist
Məqalə Ombudsmanın 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında elan etdiyi ənənəvi jurnalist yazıları müsabiqəsinə təqdim olunur