Sətirlərə sığmayan Naxçıvana nələr sığdı

A- A A+

“Şərq qapısı” qəzetinin  Humanitar siyasət şöbəsinin  müdiri Ramiyyə Əkbərovanın yazılarını toplayıb kitab şəklində çap etdirməsi xəbərini eşidəndə çox sevindim. Birincisi, ona görə ki  kitablar  jurnalist yazılarının evidir.  Kitab qəzet səhifələrinə səpələnən yazıların toplusu, onların daha yeni bir şəkildə təqdimatıdır. İkincisi, kitab çap etdirmək muxtar respublikada qələm sahiblərinin yetişməsini təsdiq edən amildir. Üçüncüsü, ona görə sevindim ki, Ramiyyə Əkbərova da bu qələm sahiblərinin cərgəsinə qoşulur.

Ramiyyə haqqında səmimi hisslərimlə bir neçə kəlmə danışmaq istəyirəm. Onunla ilk tanışlığım “Şərq qapısı” qəzetində işləyərkən oldu. Qısa zamanda Ramiyyənin çox  vətənpərvər, zəhmətkeş, həm də qoçaq bir qadın olduğunu müşahidə etdim. Həyat yoldaşı hərbçidir. O, 20 ildir ki, Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət edir. Aprel döyüşlərində iştirak edib, Vətən müharibəsində sağlamlığını itirib. Onunla birlikdə uzun illər ölkəmizin ayrı-ayrı bölgələrində yaşayıb. Ürəyi Vətən sevgisi ilə doludur. Bunu onun bütün yazılarında da açıqca hiss etmək olur. Mən onun yazılarını redaktə edərkən vətənpərvərliklə bağlı hissələrini çox həvəslə oxuyurdum. Çünki həmin hissələrdəki vətəndaş yanğısı, el-oba məhəbbəti, torpaq sevgisi, təəssübkeşliyi Ramiyyənin iç dünyası ilə məni daha da yaxından tanış edirdi. Elə bu səbəbdən də təşəbbüsümlə Qarabağımızın işğal olunan rayonları haqqında tematik yazıları ona tapşırmışdıq. Həmin yazılar o qədər torpaq, yurd sevgisi ilə yazılırdı ki, sanki o qəlbində bir savaşa başlayır və qələbəni qələmi ilə əldə edirdi. Çünki  hər kəs kimi, ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Və buna oxucularının ona dediyi kimi yaza-yaza nail oldu. Kitabdakı “Əfsanəyə dönən ömürlər”, “Ən ülvi duyğudur Vətən sevgisi” bölmələri müəllifin işğalçılara nifrətinin təzahürü, torpaq uğrunda şəhid olan övladlarımıza bir ana, bacı yanğısının söz düzümü, Qarabağ Zəfərinə bir vətəndaş qürurunun göstəricisidir.  

Naxçıvan Ramiyyə Əkbərovanın aldığı nəfəsdir desəm, yanılmaram. O, diyarımızın hər daşına, hər elinə, torpağına bağlı, sevdalı bir jurnalistdir. Elə kitabın “Naxçıvan: dünən və bu gün”, “İnkişaf edən bölgələrimiz”, “Alın təri ilə sulanan torpaq qurumaz” adlı bölmələrdə toplanan yazıların hər biri bu yurda sevgidən, məhəbbətdən yaranan yazılardır.   

Ramiyyə xanımın ona verilən tapşırığa etiraz etdiyinin heç vaxt şahidi olmamışam. Nəyin bahasına olursa-olsun, tapşırığı icra etməyə, onunla bağlı yazını yazıb ortaya qoymağa səy göstərən jurnalistdir. Muxtar respublikanın bölgələrini sevə-sevə gəzən, zəhmət adamlarından müsahibələr alan, onların alın təri ilə suvardıqları torpağa məhəbbətlərini  söz çələnginə çevirən müəllifin bu mövzuda yazıları daha maraqlıdır. Həmçinin diyarımızın milli mətbəxi, əvəzsiz nemətləri əks olunan yazıları  adət-ənənələrimizin, mətbəximizin gənc nəsillərə çatdırılması nöqteyi-nəzərindən qiymətlidir.

Ramiyyənin ilk kitabında topladığı yazılar onun  bu  yaxınlarda 100 yaşı tamam olacaq “Şərq qapısı” qəzetində çalışdığı altı ildə ərsəyə gələn yazılardır. Ötən 100 ildə onlarla ziyalını “şinelindən” keçirib muxtar respublika mətbuatına bəxş edən qəzet, budur, hazırda çağdaş dövrümüzün mətbuat işçilərini formalaşdırır, onları yeni-yeni nailiyyətlər qazanmağa həvəsləndirir. Ramiyyə xanımın “Sətirlərə sığmayan Naxçıvan”  adlı kitabı da 100 yaşlı qocamanımızın yubileyinə hədiyyə olmaqla yanaşı, həm də onun bir yaradıcılıq hesabatıdır. Məhz buna görə də Ramiyyə Əkbərovaya bu yolda uğurlar arzulayır, yeni kitabın xeyirli-uğurlu olsun, deyirəm. Ümidvaram ki, muxtar respublikada mətbuata göstərilən qayğı nəticəsində yetişən jurnalistlər hər zaman bu qədim diyarın dünəni və bu gününün müqayisəçisi, tarixinin qoruyucusu, qədirbiləni olmaqla neçə-neçə bu cür kitsablar ərsəyə gətirəcəklər.

Mətanət Məmmədova

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: