Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Ankara şəhərində keçirilən radiotezliklərin koordinasiya iclasında iştirak edib
Ankara şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Rabitə administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair ikitərəfli koordinasiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, eləcə də mobil rabitə operatorlarının nümayəndələri təmsil ediblər.
Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio və televiziya yayımının tezlikləri və digər texniki parametrləri, koordinasiyanın prinsip və meyarları, mobil sistemlər üçün tezliklərdən istifadə və texniki parametrlər müzakirə olunaraq tərəflər arasında razılaşdırılıb.