Məhkəmə sizin xeyirinizə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə, cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə bildiriş göndərir.
Bundan sonra əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə yönəldilibsə, misal üçün gəlirin ⅓ (üçdə bir) hissəsinə, icra məmuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir. Həmin göstərişə əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına).
Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində (2020-ci il üçün bir uşağa görə minimum 170 manat) tutulması haqqında qətnamə qəbul edir.
Bundan sonra aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.
Bəs aliment ödənilmədiyi təqdirdə şəxs nə kimi məsuliyyət daşıyır?
Şəxs alimenti ödəməzsə, ilk növbədə tələb onun əmlakına yönəldilir. Yəni, şəxsin adına hər hansı bir daşınar və ya daşınmaz əmlak varsa, onun üzərinə həbs qoyulur. İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.
Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir. Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.