Ailə əməyinin bəhrəsi-ailə təsərrüfatları

A- A A+

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi  artıq  muxtar respublikada festivalların, sərgi-satış yarmarkalarının keçirildiyi ünvan kimi tanınır. Ötən həftə yenə qonaq-qaralı  idi  bu memarlıq incisinin qoynu. Qalada bu dəfə ailə təsərrüfatçılarının min bir əziyyətlə hasilə gətirdikləri məhsullar, ailə əməyinin bəhrəsi nümayiş olunurdu. Hər il ənənəvi olaraq payız aylarında keçirilən Ailə təsərrüfatı məhsullarının sərgi-satış yarmarkası kəndlinin, təsərrüfatçıların qazanc mənbəyidir. Ötən şənbə və bazar günü  şəhər sakinlərinin  istədiyi  ev məhsullarını almaq üçün çoxdandır gözlədiyi  yarmarka  keçirildi. Yenə məhsul bol, çeşid zəngin idi.

Ailə təsərrüfatçılarının yarmarkaya çıxardığı  məhsullarla yaxından tanış olmaq, həm də almaq üçün  yolumu   sözügedən ünvandan  saldım. Muxtar respublikanın yeddi rayonunun hər biri  üçün ayrılan guşələri dolaşıb zəhmətkeş insanlarla tanış olmaq  xoş idi. Nehrəmin məşhur qarpız turşusu, Ordubadın sucuğu, meyvə quruları, alanası, Sədərəyin təndir çörəyi, Şərurun kartof, soğanı, Şahbuzun dağ bitkiləri, Çalxanqalanın məşhur üzüm şərabı, Culfanın yarması, əriştəsi, heyvası, sobu turşusu, hinduşka əti və daha nələr, nələr yox idi bu bolluq və zəhmət yarmarkasında?! Ümumilikdə 453 ailə təsərrüfatçısı tərəfindən 540 çeşiddə 41 mindən çox qablaşdırılmış məhsul, xüsusi geyimli qadın və kişilər (ailə təsərrüfatçıları) də bu məhsulların başında... Onların hər birinin üzündə sevinc, məmnunluq var idi. Çünki aylardan bəri çəkilən birgə əməyin nəticəsi nümayiş olunur, bəhrəsi dadılırdı. Alıcılar da ki ard-arda düzülmüşdü. Kimisi məhsulunu satır, kimisi hazırladığı nemətlər haqqında məlumat verir, kimisi də piştaxtadakı  növbənöv məhsulları qaydalaşdırırdı. Burada, sözün əsl mənasında, rayonlar arasındakı rəqabəti görmək mümkün idi.  Bütün təsərrüfatçılar bir-biri ilə,  kimin məhsulu daha çox alıcı rəğbəti qazanacaq marağı ilə rəqabətə girmişdilər sanki.

Babək rayonundan yarmarkaya gətirilən məhsullardan alarkən Naxışnərgiz kəndindən olan Qəzənfər Qurbanovu tanıdım. Heyvandarlıq təsərrüfatından yarmarkaya gətirdiyi ağartı məhsulları, müxtəlif növ qovurmalar alıcılar tərəfindən məmnunluqla alınır, əməyinin bəhrəsini görən ailə təsərrüfatçısı isə daha da ruhlanırdı. Onun yarmarkaya çıxardığı məhsullar sırasında yer alan qurutla maraqlananda bir anlıq uşaqlığına döndü: “Bu bizim qədim yeməyimizdir. Soyuq qışımızı qurudlu aşsız təsəvvür etmək çətindir. Odur ki, biz bu gün təsərrüfatımızda qurud da hazırlayırıq, təkcə özümüz üçün yox, həm də şəhər əhalisi üçün”,- sağ tərəfində dayanan həyat yoldaşını göstərərək,- “onunsa ustası bu xanımdır”,- deyir. Qəzənfər Qurbanovun xanımı bizə qurudun hazırlanma qaydasından danışdı: “Qurud hazırlamaq üçün qatıq və ayranı torbada qatılaşanadək saxlayır, sonra onu kündə formasında yumrulayır, quruduruq. Qurud kələcəsi, qurud aşı  sərt qışın ən gözəl təamlarındandır”.

Hər il mütəmadi olaraq keçirilən festival və yarmarkalarda iştirak edərək istehsal etdiyi məhsulları satan və ailə büdcəsini formalaşdıran Ordubad rayon Aşağı Əndəmic kənd sakini Banuçiçək İsmayılova bu bölgəmizə məxsus nemətləri - növbənöv şirniyyatları, basdıq sucuq, alana, müxtəlif növ mürəbbələr, meyvə quruları, Ordubadın məşhur təndir paxlavasını  gətirmişdi yarmarkaya.    

Kotam kənd sakini Nazim Həsənov  isə  yarmarkaya bal və digər arıçılıq məhsulları ilə gəlmişdi. Bundan əvvəl keçirilən bal yarmarkasında da kifayət qədər arıçılıq məhsulları satan təsərrüfatçı qalan məhsulu yarmarkaya gətirib. İl ərzində arılarını o dağ sənin, bu çiçək mənim deyib dolandıran  arıçı məhsulunu xüsusi sevgi ilə piştaxtaya düzüb.  Kotam balının dadına baxdıq. Rəngi tünd olan təmiz dağ balının və digər arıçılıq məhsullarının, eləcə də baldan hazırlanan sucuğun, bal doşabının isə alıcısı çox idi. Bal doşabını əlinə alan təsərrüfatçı arının bu məhsulunun qaraciyər, öd və mədə-bağırsaq xəstəliklərinin dərmanı olduğunu dedi və  bərəmum haqqında danışdı: “Bərəmum, başqa adla propolis dediyimiz məhsulu arı ağacların qabığından, bəzi çiçəklərdən toplayır. Onun mədə-bağırsaq xəstəliklərində  çox böyük müalicəvi əhəmiyyəti var”.

Çərçivədəki balın qiyməti ilə maraqlananda müsahibim belə balın kiloqramını 35 manata satdığını və hər bir kəndlinin  məhsulunu bu cür yarmarkalarda rahatlıqla sata bildiyini dedi.

Ailə təsərrüfatlarının yaranması və inkişafında qadınların rolu böyükdür. Nümunəvi ailə təsərrüfatçısı olan qadınlardan biri də Sona Əsgərovadır. Culfa rayonunun Kırna kəndində yaşayır. Artıq iki ildir ki, o da   bu yarmarkaya qatılır: “Əvvəllər bağlarımızdakı meyvələrdən satdığımızı satırdıq, sata bilmədiyimiz isə yerə tökülərək zay olurdu. Ancaq dövlətin kəndli üçün yaratdığı bu imkan nəticəsində artıq yerə tökülən meyvələri də istifadəyə yararlı hala gətirib sata bilirik. Bu gün mən öz təsərrüfatımda hazırladığım müxtəlif növ losyonlar, meyvə araqları, meyvə sirkələri, meyvə qurularını bu yarmarkaya gətirmişəm. Gördüyünüz kimi hər bir məhsulun da alıcısı var.  Kəndlinin qazancı torpaqdan, mal-heyvandan, bağdandı. Min bir əziyyətlə  hazırladığımız məhsul əlimizdə qalmırsa, niyə də ailə olaraq bu işi görməyək ki?

Alıcılar piştaxtaya yaxınlaşıb səbətdəki heyvaların qiyməti ilə maraqlanır, bal kimi şirin, ətirli heyvanın dadına baxdıqdan sonra  hamısını alırlar. 65 yaşlı zəhmətkeş qadın isə həvəslə onları  yola  salır.  

Sədərək rayonundan olan Mehparə Hüseynovanı tanımayan yoxdur. Mehparə xanım bu festival və yarmarkalarda iştirak etməklə hazırladığı məhsullara kifayət qədər alıcı qazanıb, həm də bir ailə təsərrüfatçısı kimi tanınıb. Gənc qadının ailə təsərrüfatında istehsal etdiyi konserv məhsulları,  müxtəlif növ doşablar, tərəvəz qurularının alıcısı çoxdur, hətta bu nemətlərin sorağı qonşu ölkələrə də yayılıb.   Mehparə xanım əvvəllər özü tək bu işləri görürdüsə  indi bu sahəyə cəlb etdiyi özü kimi zəhmətkeş xanımlarla  birlikdə çalışır. Beləliklə, onun   ailə təsərrüfatı   kiçik  sahibkarlıq subyektinə çevrilib. Dəfələrlə  bu qalada keçirilən  festival və yarmarkalarda  layiqli yer tutan zəhmətkeş xanıma Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  müvafiq  Sərəncamı ilə 2021-ci ilin fevral ayında  “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilib.  Əl əməyinin bəhrəsini görəndə isə  insan  şübhəsiz daha əzmlə çalışır: “Bu işə yeni başlayanlara məsləhətlərim  güclü və inamlı olmaqlarıdır.  Ailə təsərrüfatçısı adını daşımaq böyük qürurdur”.

Şahbuz rayonuna məxsus guşədə Fəxrəntac Bağırovanı tanıyırıq. 60-dan çox yaşı olan zəhmətkeş qadından bu yaşınızda bu qədər çalışqanlıq hardandır deyə soruşduqda deyir: “Qızım, kəndlini əməyə, torpağa bağlayan səbəblər var.  Buna görə işimizi sevirik. İlkin yazdan ta payızın sonlarınadək Şahbuzun, Culfa dağlarının bitkilərini yığır, gördüyünüz bu məhsulları hazırlayırıq,  hamısı dağların nemətidir. Hər il burada keçirilən festival və yarmarkalarda iştirak etməklə hazırladığımız məhsulları həm satır, həm də tanıdırıq”. 

Onun festivala çıxardığı məhsullar sırasında doqquzdonu, yemişan, həmərsin mürəbbəsi, cacıq, baldırqan, bolu, sobu turşusu, dağ alçasının lavaşası, dağ armudunun turşusu da var idi. Beləcə, təbiətin insan üçün öz səxavəti ilə bitirdikləri onun ailəsinin dolanışıq mənbəyidir. Yay boyu dağları qarış-qarış dolaşmaq, bu nemətləri yığıb onlardan növbənöv təamlar hazırlamaq nə qədər çətin olsa da, Fəxrəntac xanım işini sevir. Necə ki canım suludur, ayaqlarımda təpər var,  bu işi görəcəyəm, deyir. 

Sonra isə bankalardakı bolu turşusunu göstərir:

-Bilirsiniz, necə gözəl nemətdi. Bunu torpağın altından yenicə baş qaldıran vaxt dağlardan yığmışam. Bu işə vərdiş etmişəm, yay boyu günümüz dağlarda keçir. Getməyəndə  yerimdə bir qərar tuta bilmirəm.

-Bəs yorulmursunuz?

-Yox, işimizi sevirik. Çətin olsa da, qazancı var. Dünən axşama qədər gedib 100 kq yemişan yığmışıq. Bilirik ki, 1 manatdan satsaq, 100 manat qazancımız var.

-Satış necədir?

-Çox şükür,  yarmarkada  1000 manatlıq məhsul satmışam.

Fəxrəntac xanımın dağ otlarından, meyvə və giləmeyvələrdən  hazırladığı mürəbbə və turşulardan alan çox idi. Bu ilin mart ayında  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı  müvafiq Sərəncamla “Rəşadətli əməyə görə” medalı ilə təltif olunan  işgüzar xanım: “Zəhmət gözəl şeydir, ailə əməyinin bəhrəsi isə daha şirindir”,- deyir.

Yarmarkanı  dolaşıb  Şərur  rayonuna məxsus guşəyə çatıram.  Bu bölgəmizdən  də  yarmarkaya gələn  ailə təsərrüfatçıları çox idi. Onlardan biri olan Cəfər Muxtarovu   bir neçə ildir, tanıyıram. Mehrini zəhmət tələb edən, lakin bir o qədər qazanc verən işə salıb. Həyat yoldaşı ilə birlikdə önündə dayandığı masanın  üzərini əsasən həmərsin, yemişan və zirincdən  hazırladığı  növbənöv məhsullar  bəzəyir, həmin məhsullardan alan alıcıların ardı-arası isə kəsilmirdi. Satış edə-edə bizi də hazırladığı məhsullarla tanış etdi, faydalarından danışdı ailə təsərrüfatçısı.  

Həmin gün Naxçıvanda olan qonaqlar da ailə təsərrüfatçılarından bol-bol Naxçıvan nemətləri aldılar. Hətta onların bəzisi sırf bu yarmarka üçün gəlmişdi Naxçıvana.

Bütün bunlar isə onu deməyə əsas verir ki,  muxtar respublikamızda, sözün həqiqi mənasında, bir ailə biznesi formalaşıb. Bu biznes ailələrin özünəməşğulluğudur. Son beş ildə Naxçıvanda 1000-ə yaxın ailənin özünəməşğulluğu bu və digər yollarla təmin edilib. Bu yarmarka  da dövlətin kəndli üçün yaratdığı şəraitin, ona göstərilən diqqət və qayğının, muxtar respublikamızdakı bolluq və bərəkətin təntənəsi, birliyin, ailə əməyinin bəhrəsi, həm də bir növ “məhsul bayramı” idi.   Bu yolla kəndli ailələrinin əməyi şəhər əhalisinin də süfrələrini təbii kənd məhsulları ilə bəzəyir. Qısası, budəfəki sərgi-satış yarmarkasında da kəndli illik ruzisini qazandı. Bu isə son deyildi. Qarşıdan gələn soyuq qışı yola salan kəndli  növbəti yarmarkalara yenə bol məhsul çıxarmaq üçün var gücü ilə çalışacaq. Çəkilən zəhmət isə bəhrəsiz qalmayacaq.

                                                                              Türkanə Əmoyeva

                                                                                 “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: