Naxçıvan cərrahiyyəsinin elmi-texniki yeniliklərindən bəhs edən kitab nəşr olunub

310

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tibb elmləri namizədi, Əməkdar həkim, travmatoloq Adil Məmmədovun “Naxçıvan cərrahiyyəsinin elmi-texniki yenilikləri” adlı yeni kitabı işıq üzü görüb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə çapa tövsiyə olunan kitabda Naxçıvan cərrahiyyəsinin təşəkkül tapdığı keçən əsrin 50-ci illərindən bugünədək  müxtəlif profilli cərrah-həkimlərin dərc etdirdikləri elmi məqalə, monoqrafiya, dərslik və vəsaitlər, dissertasiya materialları, irəli sürdükləri ixtira və səmərəliləşdirici təkliflər barədə materiallar toplanıb.

Əməkdar həkimin 8 fəsil, 148 səhifəni əhatə edən kitabının I fəslində  elmi fəaliyyətlə məşğul olan Naxçıvan cərrahlarının qısa tərcümeyi-halı, işlədiyi mövzular, dərc etdirdiyi elmi məqalə, tezis kitablarının, eləcə də təklif etdikləri texniki yeniliklərin sayı barədə yığcam məlumat verilir.

Sonrakı fəsillərdə isə  müxtəlif cərrahi mövzular üzrə  müdafiə olunmuş elmi işlərin qısa mahiyyəti, irəli sürülmüş texniki yeniliklərin məqsədi, təsviri, texniki həlli, təbabətdə əhəmiyyəti və s. cəhətləri açıqlanır. Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitabın elmi redaktoru Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin  Cərrahiyyə üzrə baş mütəxəssisi, tibb elmləri doktoru, dosent, Əməkdar həkim İsa Abdullayev, rəyçiləri  Naxçıvan Onkoloji Mərkəzin həkim-cərrahı, tibb elmləri namizədi, Əməkdar həkim Sabir Novruzov, Naxçıvan Muxtar Respublika Xəstəxanasının  Travmatologiya şöbəsinin müdiri, tibb elmləri namizədi Yaşar Rzayevdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: