Bu günlərdə yaxın bir adamın toyu üçün Türkiyəyə yollanmışdım. Yol uzaq olduğundan, üstəlik də evdən gec çıxdığımızdan, gecikmə ehtimalımız var idi. Elə ki, üzü gedəcəyimiz ünvana doğru həvəslə və həyəcanla irəliləyirdik, artıq bir məhəllə kənardan, türkiyə türkcəsi ilə desək, davul-zurna səsləri eşidilirdi. Deyəsən məclis başlamışdı. Xülasə, ünvana çatıb tələsik içəri keçirik. Gözümün sataşdığı ilk mənzərə, damarında Azərbaycanlı qanı axan hər kəsi duyğulandırmağa yetərdi... Dayandığımız yerdən haradasa 30 metr aralıda, meydançanın tam mərkəzində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının sevinclərini yenə də birlikdə bölmələri idi məni özünə çəkən. Azərbaycan bayrağı illərdir ki, bütün dünyada, olimpiya oyunlarında, beynəlxalq simpoziumlarda, konfranslarda və sairə və ilaxır. Sözüm ona ki, inkişaf etmiş ölkələrin bayraqları ilə yanaşı dalğalanır. Bilmirəm nədəndir, ancaq iki qardaşın yanaşı dayanması, səmada türkçülüyün müqəddəs rənglərinin pərvazlanması məndə başqa hisslər yaradır. Çılğıncasına dalğalanıb göy üzüylə qarşı-qarşıya duran iki əziz bayrağım. Meydançanın başında Naxçıvandan dəvət almış musiqiçilər. Mənzərəni sanki tamamlamaq üçün səsləndirilən musiqi nömrəsi. “Sənsən başımın tacı QARDAŞ, sənsən ömrümün yazı QARDAŞ, sənsən qəlbimin odu QARDAŞ, QARDAŞ”... Atdığım hər addım məni bu qürurverici mənzərəyə daha da yaxınlaşdırırdı. Gəlib tam qarşısında durdum və “yan-yana dalğalanmaq sizə-iki qardaşa necə də gözəl yaraşır”,-deyə pıçıldadım, olduqca asta bir səslə. Yanımdakı yaşlı qohumum isə, artıq saxlaya bilməmişdi sevinc göz yaşlarını.
Nəisə, saatlar keçdi. Toy öz axarı ilə davam edirdi. Bizim adətlərin eyni oxşarı adətlər, mərasim mahnılarımızla səsləşən mahnılar və sair. İlk dəfəydi ölkə hüdudlarından kənarda belə bir məclisdə iştirak edirdim. Buna baxmayaraq mühitə o qədər tez uyğunlaşmışdım ki, özümü bir anlıq meydançanın ortasında qardaş ölkənin qız-gəlinləri ilə əl-ələ halay çəkəndə tapdım. Yallının müxtəlif növlərini çox yaxşı oynaya bildiyimdən onların “halay”ında elə də çətinlik çəkmədim. Yəqin ki, “Qan çəkir” ifadəsi burada yerinə düşər...
Bir millət, iki dövlət! Özümüzü dərk edəndən Türkiyə adı gəldisə, ardınca bu ifadəni eşitmişik. Hə, bu 2 qardaş ölkə illər boyu çətin günlərində bir-birinə dayaq olub, yaxşı günlərində şərik çıxıb bir-birinin sevincinə. İndi isə hər ikisi övladının xoş gününə şahidlik edirdi. Aylar keçəcək, illər ötəcək, təkcə bu gənclər deyil, Azərbaycandan Türkiyəyə, eyni zamanda Türkiyədən Azərbaycana köçəcək gəlinlər, dünyaya gələcək damarlarında türk qanı axan körpələr daha da möhkəmləndirəcəkdi bu bağları. Bundan sonra “TURAN”lar ailəsi gözəl günlərini bu iki bayrağın kölgəsində yaşayacaq, ay-ulduzları şahid tutacaqdılar öz gülüşlərinə. Sonra zaman böyük Turanların qüruruna çevriləcək. Niyə də olmasın? Şərqin ilk demokratik Respublikası Azərbaycan və dünyanın şərqi ilə qərbini öz tavanı altında birləşdirən Türkiyə əl-ələ tutduqca qarşılarında dayanacaq siyasi və iqtisadi heç bir güc olmayacaqdır.
Yan-yana dalğalanan türkçülüyün 2 müqəddəs rəmzi. Könül istəyər ki, həmişə zirvələrdə taxt qurasınız. Zirvələrdə taxt qurun ki, sizi izləyən türkün qürurdan başqa duyulacaq bir hissi olmasın!
Fatma Babayeva