Muxtar respublikada qadınlarla bağlı statistik göstəricilər açıqlandı

A- A A+

Muxtar respublikada qadınların potensiallarından maksimum istifadə etmək, onların cəmiyyətin bütün sferalarında təmsil olunmalarına imkanlar yaratmaq hər zaman diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada 231614 qadın yaşayır ki, bu da əhalinin 50%-ni təşkil edir.

Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, görülən tədbirlər nəticəsində  qadınların  sahibkarlıq  fəaliyyəti ildən-ilə  artır. Əgər ötən il 6979 qadın sahibkarlıq fəaliyyətləri ilə məşğul idisə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11.4% artaraq 7772 nəfər olub. Həmçinin muxtar respublikada 100-ə yaxın qadın ailə təsərrüfatı ilə məşğul olur.

Qadınların məşğulluqlarının artırılması, ailə təsərrüfatlarının, həmçinin muxtar respublikada gələcəkdə makro və mikro biznesin inkişafı üçün Komitə tərəfindən ötən 2 il ərzində icra edilən sosialyönümlü layihələrdə ümumilikdə, 128 qadına 86256 manat dəyərində sərmayə kapitalı verilmişdir.

Muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması  məqsədilə  onlara təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. 2021-ci ilin ötən dövrü ərzində 183-ə yaxın xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib.

Keçirilən sərgi-satışlarda, yarmarkalarda, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında ümumilikdə, 515 sağlamlıq imkanları məhdud və istedadlı qadınların 32105 manat dəyərində 4320 rəsm, əl işi və ailə təsərrüfatı məhsulları satılıb. 

Bu ilin müvafiq dövrünə olan məlumata əsasən istirahət, əyləncə və incəsənət sahəsində 3392 nəfər çalışır ki, bunların 63.6%-i qadınlardır. Eləcə də təhsil sahəsində 9931 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5% çox), əhaliyə səhiyyə və sosial xidmətlər göstərilməsi sahəsində 4037 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çox), dövlət qulluğu sahəsində 494 nəfər qadın çalışır. Mədəniyyət müəssisələrində rəhbər vəzifələrin 37-ni qadınlar tutur. Bunlarla yanaşı ölkədə qadınlarla bağlı qəbul edilən qərarlar, təkmilləşdirilən hüquqi təchizatlar nəticəsində muxtar respublikanın  ictimai-siyasi həyatında qadınların fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 1 nəfər Azərbaycan Respublikası Milli Məclisinin, 11 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvlərinin 43.7%-ni qadınlar təşkil edir. Habelə yerli özünüidarəetmə orqanlarında üzv olan qadınların sayı 221 nəfərdir. Onlardan 9-u bələdiyyə sədri, 1-i isə bələdiyyə sədrinin müavinidir.

Muxtar respublikada qadınların sağlamlığının qorunması da diqqət  mərkəzində  saxlanılır. Belə ki, yeni-yeni xəstəxanaların tikilməsi və ya əsaslı şəkildə  təmir olunması, müasir tibbi avadanlıqlarla  təchiz olunması və tibb  müəssisələrində  tibbi  sığortanın tətbiqi nəticəsində əlil qadınların sayının ildən-ilə azalmasına səbəb olur. Belə ki, ötən illə  müqayisədə əlil qadınların  sayı  0.6% azalıb.

Qadınların idmana da marağı ildən-ilə artır. Hazırda muxtar respublikada idmanla məşğul olan qadınların sayı 6157 nəfərdir.

Bütün görülən bu işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz əhəmiyyətli təsirini göstərəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: