Kütləvi vaksinasiya koronavirusun mutasiyaları və çox yoluxucu, son dərəcə təhlükəli ştamların yaranmasının qarşısını almaq üçün vacibdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Tibb Assosiasiyasının (BMA, WMA) sədri Frank Ulrix Montqomeri Almaniyanın “FUNKE” media qrupunun qəzetlərində şənbə günü dərc olunan müsahibəsində bildirib.
"Biz hamımız əvvəlcə bu pandemiya ilə bağlı yanlış fikirdə idik. Mən də bunun qripin bir növü olduğunu düşünürdüm. Hansısa anda kollektiv immunitetə nail ola biləcəyimizi hesab etdik, lakin sonra çox yoluxucu "delta" variantı ortaya çıxdı. İndi biz bilirik ki, virusa şans verməmək üçün illərlə peyvənd olunmağa məcbur olacağıq”, - deyə o qeyd edib.
Montqomerinin sözlərinə görə, virusun mutasiyaya uğramasına imkan vermək olmaz, Afrikanın cənubunda aşkar edilən yeni variant isə bunun niyə bu qədər vacib olduğuna dair "yaxşı nümunədir". "Biz hələ də onun təhlükəli olduğu barədə heç nə bilmirik, lakin görünür ki, o, sürətlə yayılır", - ÜTA rəhbəri bildirib. ""Delta" kimi yoluxucu və Ebola kimi təhlükəli bir variantın peyda ola biləcəyi məni çox narahat edir. Nə qədər az infeksiyaya yol versək, bir o qədər yaxşıdır", - deyə o əlavə edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkar edilən koronavirusun B.1.1.529 ştamını “omikron” yunan hərfi ilə işarə edib. Onun bəyanatında, həmçinin deyilir ki, koronavirusun bu növünün “çoxlu sayda mutasiyaları var, onlardan bəziləri narahatlıq doğurur”. Bundan əlavə, ilkin sübutlar bu ştamla yoluxma riskinin "yüksək" olduğunu göstərir”.
ÜTA 100-dən çox milli həkimlər birliklərini özündə birləşdirən beynəlxalq təşkilatdır. O, bütün ölkələrdə həkimlərin riayət etməyə borclu olduqları tibbi praktikada etik normaların hazırlanması ilə məşğuldur. Assosiasiya 1947-ci ildə yaradılıb.