100 yaşlı qəzetin tarixini vərəqləyərkən...

A- A A+

Mətbuat tarixinin yazılı salnaməsi, ictimai fikrin formalaşma strukturudur. Azərbaycan jurnalistikası tarixində özünəməxsus yer tutan Naxçıvan mətbuatının bir əsrlik ömrü var.     

Yüz il əvvəl qoca şərqin qapısında əvvəlcə “Cavanlar həyatı”, “Füqəra səsi”, “Sovet Naxçıvanı”, daha sonra isə “Şərq qapısı” adı ilə bir mətbu orqan həyata vəsiqə qazandı. 1921-ci ilin noyabrın 9-da “Cavanlar həyatı” adı ilə çətin və şərəfli yoluna, missiyasına başlayan  bu  mətbu orqan ilə muxtar respublikada  mətbuatın əsası qoyuldu. 

 “Şərqi-rus”un, “Molla Nəsrəddin”in varislərinin kamala çatdığı torpaqda  belə  bir qəzetin yaranması labüd idi. Həmin ilin dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək “Füqəra səsi”, 1922-ci ilin yanvarından 1980-ci ilin yanvarınadək  “Şərq qapısı”, 1980-ci ildən  “Sovet Naxçıvanı”, 1989-cu ildən isə yenidən “Şərq qapısı”  adı ilə  nəşrini davam etdirən qəzet ərəb, latın, kril əlifbası ilə çap olunub.  İlk redaktoru Həmid Mahmudov, redaktor müavini Abbas Gülməmmədov, müxbirləri Rübabə Sadiqova, Anna Xarlamova olan qəzetin sonrakı dövrlərdə Əvəz Sadıq, Əli Vəliyev, Məmmədəli Tarverdiyev, Mənaf Xudiyev, Fərman Tağıyev, Məmməd Bektaşi, Hüseyn İbrahimov, Rəşid Qazıbəyov, Vahid Bağırov, Sənubər Kərimova, Səxavət Kəngərli, Akif Axundov, Rabil Kətanov, Məmməd Məmmədov kimi redaktorları olub.

Keçdiyi keşməkeşli yola nəzər salanda məlum olur ki, daha geniş kütləyə tanıdılması, oxucu marağını cəlb etmək  üçün qəzet  ilk vaxtlar pulsuz olaraq camaata paylanıb, bir neçə ay sonra isə pulla satılıb.  Lakin satışdan əldə olunan vəsaitlə qəzeti idarə etmək çətinlik yaradıb. 1923-cü ildə Bakıdan Naxçıvana gətirilən mətbəə avadanlıqları sayəsində fasilələrlə çıxan qəzetin müntəzəm nəşrinə şərait yaranıb. Əvvəllər 100-150 nüsxədən çox çıxmayan qəzet bu dövrdən 500-700 nüsxə tirajla çap olunub. 

“Şərq qapısı”nın ilk redaktorlarından olan Məmmədəli Tarverdiyev qəzetin 60 illik yubiley nömrəsindəki məqaləsində yazır: “Redaksiyanın və mətbəənin vəziyyəti ağır idi. Mətbəə avadanlığı, işçi qüvvəsi azlıq edir. Qəzetin redaksiya və mətbəəsi indi böyük ədibimiz Cəlil Məmmədquluzadənin abidəsi ucalan  meydançanın qarşısındakı binada  yerləşirdi”.

1924-cü ilin ortalarında “Şərq qapısı”nın həyatında dönüş nöqtəsi olur. Həftədə 2 dəfə olmaqla daha yüksək tirajla nəşr olunan qəzetin 1925-ci ilin martın 31- də  100-cü nömrəsi (yubiley)  işıq üzü  görür. 1931-ci ildə 10 illik yubileyi qeyd edilir. 1933-cü ildə 1000-ci nömrəsinin çapdan çıxması münasibətilə  qəzetin  rəngli formada yubiley nömrəsi nəşr olunur.  1937-38-ci illərdə ölkədə baş verən repressiyalar “Şərq qapısı”nın redaksiyasından da yan keçmir.  1970-ci ildən sonra qəzetin həyatında yeni mərhələ başlayır. Azərbaycan  KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə “Sovet Naxçıvanı” adı verilir, 1989-cu ildə əvvəlki adı özünə qaytarılır.  

Vaxt ötdükcə, zaman zamana calandıqca milli mətbuatmızın zəngin ənənələrini yaşadan və inkişaf etdirən, insanları maarif işığı ilə nurlandıran,  geniş oxucu kütləsinin rəğbətini qazanan  qəzet inkişafının ən yüksək göstəricisinə isə müstəqillik illərində çatır.

“Şərq qapısı” muxtar respublikamızda çap olunan mətbuat orqanlarının, digər KİV-in ən qocamanıdır. 1921-ci ildən  sonra “şinel”indən çıxan 7 rayon qəzeti də  onun  yolu ilə gedib.     

Yarım əsr bundan öncə, 1970-ci ildə 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunan qəzet tutduğu  şərəfli yolunu, missiyasını   ötən bu 50 ildə də davam etdirib. Ulu Naxçıvanın 100 illik salnaməsi onun səhifələrində tarixləşib. Arxivlərdən qəzetin saralmış səhifələrini vərəqləyəndə gözlərim önündə ötən bu illərin ab-havası canlanır,  həmin mənzərəni bu günlə müqayisə edəndə   isə böyük qürur hissi yaşayıram.  Doğrudur, biz nəsil qələm sahibləri o günlərin  çətinliklərindən-sovet dövrünün təlatümlərindən, Naxçıvanın çörək növbələrində dayanan insanların çətin həyat şəraitindən, uçuq-sökük məktəb binalarından, yararsız kənd yollarının  acınacaqlı taleyindən yazmadıq.  

Nə xoş ki, bu günün qələm sahibləri qəzetdə   muxtar respublikamızdakı inkişaf və tərəqqidən yazır. Şübhəsiz, gələcək zamanlarda qəzetin səhifələrini vərəqləyənlər  həmin yazılar vasitəsilə Naxçıvanın bugünkü inkişafının necə baş verdiyinin şahidinə çevriləcəklər. Çünki bu inkişaf “Şərq qapısı”nın səhifələrində  yüksək zövq və peşəkarlıqla  əks olunur. Qəzet hər gün  yeni yazılar, redaksiyada təşkil olunan müsahibələr, rəngarəng fotolar və müxtəlif layihələr oxuculara təqdim olunur.
Jurnalistika yaradıcılıq sahəsidir. Qələm əhlinin daha rahat şəraitdə çalışması isə   ona işini, peşəsini daha çox sevdirir. Bu gün qəzet redaksiyası ən müasir yaradıcılıq şəraitinə malik olan  bir binada  yerləşir. Müxtəlif vaxtlarda qəzetin əməkdaşları fəxri adlara, mükafatlara layiq görülüb, mənzillə təmin olunub.  2010-cu ildə rəngli formada nəşr olunan qəzetin 2012-ci ildə www.serqqapisi.com saytı istifadəyə verilib. Bu sayt vasitəsilə oxucular qəzetdəki ən son informasiyalarla operativ  tanış olmaq imkanı əldə edirlər.   Bir sözlə, yaşadığı bu 100 il ərzində qəzet heç vaxt bugünkü kimi inkişaf, tərəqqi, diqqət və qayğı görməyib.

Ötən yüz il ərzində neçə-neçə qələm sahibi bu jurnalistika məktəbindən  dərs alıb. Bu gün əksər  jurnalistlərin, ziyalıların tərcümeyi-halında  bu  qəzetin  də adı var. “Şərq qapısı”nın  qapıları yazmaq bacarığı olan hər kəsin  üzünə açıqdır.

100 il bir mətbu orqan üçün böyük bir tarixdir.  Bir əsrlik ömür sürən  insanın ömrü  necə keşməkeşlərdən keçirsə, “Şərq qapısı” qəzetinin də ömrü elə   keşməkeşlərdən keçib. Lakin bu yolda  heç vaxt büdrəməyib, varlığını, məramını saxlayıb. Qəzet bu gün də milli maarifçilik amalına xidmət edən, sosial-iqtisadi inkişafa işıq salan, nəsildən-nəsilə ərməğan qalan yazıları ilə dünənimizi, bugünümüzü və gələcəyimizi daşıyan tariximizdir. 

Hər bir qəzet köşkündə rastlaşdığımız, hər kəsin iş masasının ən qiymətli  vəsaitinə çevrilən “Şərq qapısı” gündəlik olaraq bizi muxtar respublikada baş  verən  ictimai-siyasi yeniliklərdən xəbərdar edir.  Təkcə bir əyalət qəzeti deyil, onun  səsi-sorağı dünyanın hər  yerinə  yayılıb.  Dünyanın  hansı nöqtəsində olmağından asılı olmayaraq hər bir azərbaycanlının bu qəzeti oxumaq imkanı var.  Oxuyan isə uzaqda yaşasa belə, xəyalən Naxçıvana gəlir, buradakı yüksəliş və tərəqqini görür.

Qəzetlər də gələcəyə daşınan tarixdir. Gündəlik ictimai-siyasi həyatımızda baş verən hadisələr məhz onların səhifələrində qorunur. Bu gün əksər nüsxələri arxivlərdə yaşayan  “Şərq qapısı” qəzetinin də  saralmış səhifələrində dövrün ruhu, vaxtın özü yaşayır. Onun yolu “Əkinçi”nin yoludur. Yüz il ərzində  kimlər  gəlib, kimlər keçib bu yoldan. Hər halda onu qəzet yaddaşında daha  yaxşı  saxlayır.  Nələrdən yazıb, zamanın hansı qovğalarından keçməyini isə biz oxucular bilməliyik.

Bilməliyik ki,  Naxçıvanın  100 illik  ömrü də bu qəzetin səhifələrində tarixləşib, milli-mənəvi dəyərlərimiz buradan  gələcəyə daşınıb.  Əgər bir vaxtlar qəzet Sovet  dövründən, Naxçıvanın keşməkeşli günlərindən yazırdısa, bu gün muxtar respublikadakı inkişaf və quruculuqdan, təhsilə, elmə, mədəniyyətə, mədəni və tarixi sərvətlərə, kənd təsərrüfatına  göstərilən qayğıdan, dünyanı heyrətə salan  bir diyardan yazır. 

Qocaman qəzet ənənə və müasirlik işığında gələcəyə yol gedir. Yazanı da, yazılanı da  gələcək  üçün tarixə çevirir. Zamanın tozundan rəngi saralmış “Şərq qapısı”nın  bu yaddaş işığını heç nə silə bilməz.

Vaxtilə xalq şairi  Süleyman Rüstəmin qəzetə həsr etdiyi şeiri xatırladım:

...Sən  Naxçıvanımın dildə gəzən şöhrəti oldun,
Qeyrətli qələm ordusunun sərvəti oldun.
Al bayrağı tutdun uca Şərqin qapısında!
Bir məşələ döndün qoca Şərqin qapısında!

Şərqin qapısındakı qocaman mətbuat orqanının -“Şərq qapısı”nın oxucularla ilk görüşündən  yüz il ötür. Hər nömrəsi ensiklopedik xarakter daşıyan qəzet 100 ildir ki, bu ulu diyarda məşəl kimi yanır, ziyası cəmiyyətimizə nur saçır, həyatımızı işıqlandırır. Mətbuat tariximizin bir səhifəsini təşkil edən bu yüz il daha neçə yüzilliklərə calanacaq. Dəyişən zamanın axarında dəyişməyən qəzetin tutduğu yol olacaq!

Türkanə Əmoyeva 
NUHÇIXAN 
       Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: