Dünyanın əşrəfi sayılan insan hürr yaşamaq, xoşbəxt yaşamaq üçün yaradılıb. Lakin dünyada baş verən müharibələr, qırğınlar, talanlar yaradılmışların ən alisi olan insanın bir çox hüquqlarını pozur. Məhz bu səbəbdən də İkinci Dünya müharibəsində törədilən vəhşiliklərə cavab olaraq 1948-ci ildə insanların hüquqlarını beynəlxalq səviyyədə qorumaq üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 30 maddədən ibarət olan Bəyannamədə bütün insanlar qanun qarşısında bərabərliyi və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malik olmaları, heç kimsənin işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmaması, eyni zamanda hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malik olması, hər bir insanın irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, anadangəlmə mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan bütun hüquqlara və bütün azadlıqlara malik olmaları haqqında müddəalar yer almaqdadır. Lakin çox təəssüf ki, beynəlxalq hüquq çərçivəsində insan hüquqlarının müdafiəsi barəsində qanunlar olsa da, insan hüquqları pozulmağa davam edir.
XX əsrdə Azərbaycanda elan olunmamış I Qarabağ müharibəsində 20 min azərbaycanlının yaşamaq hüququ əlindən alınaraq öldürüldü, 5 min nəfərin sağlamlıq hüququ pozularaq əlil oldu, 100 min nəfər yaralandı. Mülkiyyət hüququ və mənzil toxunulmazlıq hüququ pozularaq öz yurd-yuvasından didərgin düşmüş qaçqın və köçkünlərin sayı isə milyonu keçdi. Ağır işgəncələrə, insanların şərəf və ləyaqətini alçaldan qeyri - insani davranışlara, ağla belə gələ bilməyəcək zülmlərə, təhqirlərə məruz qalanlar arasında isə yaşlılar və qadınlar olmaqla körpə uşaqlar da var idi. Bütün bunlar isə dünyanın gözü qarşısında baş vermişdi.
Hər il 10 dekabr dünyada Ümümdünya İnsan Hüquqları Günü kimi qeyd olunduğu halda, biz Qarabağda hüquqları amansızlıqla pozulan soydaşlarımızı yad edərək əzab çəkirdik. Düz 30 il səbirlə bu vəhşiyə hüquqi qiymət verilməsini gözlədik. Nəhayət tariximizə "azadlıq payızı" kimi həkk olan 2020-ci ilin sentyabrında Müzəffər Azərbaycan ordusu xalqımızın pozulmuş hüquqlarının müdafiə etmək üçün silaha sarıldı. İşğal altında olan torpaqlarımız azad edilərək öz ata - baba yurdundan qovulan soydaşlarımızın mülkiyyət və mənzil hüquqları bərpa edildi. Dövlətimiz tərəfindən işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri nəticəsində artıq bu torpaqların əsl sahibləri öz doğma elinə qayıdacaq. II Qarabağ müharibəsində Vətəninin pozulmuş hüquqlarını müdafiəyə qalxanlar arasında minlərlə igidimizi də itirdik. Onlar başqalarını yaşatmaq üçün şəhidlik zirvəsinə ucaldılar. Dövlətimiz canlarını bu torpağa qurban verən şəhidlərin ailələrini və sağlamlığını itirən qazilərimizi daim diqqətdə saxlayır. Bu kateqoriyaya aid olan insanlara müəyyən imtiyazların tanınması və qayğı ilə əhatə olunması üçün ölkə başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Müharibədə psixoloji cəhətdən travma alan insanların sağlamlığı da diqqətdə saxlanılaraq dövlət tərəfindən tibbi müalicə ilə yanaşı psixoloji, psixoterapevtik müdaxilə edilir.
Tolerant bir ölkə kimi dünyada tanınan Azərbaycan dövləti öz xalqının pozulmuş hüquqlarının bərpası üçün müharibə yolunu seçsə də, müharibə vaxtı düşməndən fərqli olaraq heç bir qeyri-insani davranışlara yol vermədi. Lakin düşmən "Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş, münaqişə tərəflərinin hərbi əməliyyatlar zamanı legitim və qeyri-legitim hədəfləri fərqləndirməsini və heç bir halda mülki şəxsləri və obyektləri hədəfə almamasını nəzərdə tutan “fərqləndirmə prinsipini” (principle of distinction) kobud şəkildə pozaraq, Azərbaycana məxsus mülki obyektləri və şəxsləri qadağan olunmuş silahlardan istifadə edərək dəfələrlə hədəfə aldı. Hətta müharibə bitdikdən sonra da düşmən qanunları pozmaq adətindən əl çəkmədi. Ermənistan tərəfinin mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub 85 vətəndaşımız, o cümlədən, 16-sı mülki şəxs olmaqla ağır yaralanıb. Minaların yerləşdirilməsi və minalı ərazilərin xəritəsini təqdim etməmək etnik təmizlənməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıtmasına maneə olaraq regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqdır. Bütün əngəlləri aşan Azərbaycan bu maneəni də zərərsizləşdirərək yaxın gələcəkdə təhlükəsizliyi təmin edəcək. Hər zaman insan hüquqlarına sayğı ilə yanaşan Azərbaycanda bundan sonra daim firavanlıq hökm sürəcək.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
"Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi
Yazı Ombudsmanın 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında elan etdiyi ənənəvi jurnalist yazıları müsabiqəsinə təqdim olunur