Türkiyə Azərbaycana Qarabağda seysmik stansiyaların quraşdırılmasında dəstək vermək niyyətindədir

A- A A+

Dekabrın 1-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev bütün sahələrdə olduğu kimi, zəlzələlərin tədqiqatı və öyrənilməsi sahəsində də ölkələrimiz arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Həm Azərbaycanın, həm də Türkiyənin ərazisinin seysmik baxımdan aktiv bölgələrdə olduğunu qeyd edən R.Əliquliyev geniş əməkdaşlıq üçün hər iki tərəfdə böyük imkanların və potensialın olduğunu diqqətə çatdırıb. Akademik AFAD və RSXM arasındakı əməkdaşlığın genişlənməsi sayəsində təbii fəlakətlər və zəlzələlərin öyrənilməsi sahəsində daha böyük nəticələr əldə olunacağına əminliyini bildirib.

İsmayıl Palakoğlu qeyd edib ki, dünyanın heç bir ölkəsi təbii fəlakətlərdən sığortalanmayıb. Türkiyə və qardaş Azərbaycanda da təbii fəlakətlər, zəlzələlər olur. Səfərimizin əsas məqsədi də bu sahələrdə əməkdaşlığımızı daha da genişləndirməkdir. O, Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələlərin öyrənilməsi sahəsində hər cür dəstək verməyə hazır olduqlarını deyib: “Biz bilirik ki, azərbaycanlı qardaşlarımızın bu sahədə böyük və uğurlu işləri var. Biz də öz tərəfimizdən istər seysmik stansiya məlumatlarının ötürülməsi, istər təcrübə mübadiləsinin aparılması, istərsə də seysmik stansiyaların quraşdırılması sahəsində Azərbaycan tərəfinə hər cür dəstək verməyə hazırıq”.

AFAD rəsmisi, həmçinin diqqətə çatdırıb ki, Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir.

Qonaq türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər.

RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, hazırda mərkəz qardaş Türkiyənin Kocaeli, Sakarya universitetləri, Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və AFAD-ın Zəlzələ Departamenti ilə yaxından əməkdaşlıq edir. Baş direktor Türkiyə və Azərbaycan seysmoloqları arasında təcrübə və məlumat mübadiləsinin aparıldığını söyləyib, qardaş ölkə tərəfindən hər zaman Azərbaycana dəstək göstərildiyini qeyd edib.

“Ulu Öndərimizin də dediyi kimi, biz “Bir millət, iki dövlətik”. Hər bir sahədə bir yerdəyik. Əminəm ki, bu səfər əməkdaşlığımızın və birgə layihələrin həyata keçirilməsinə öz töhfələrini verəcək”, - deyə Q.Yetirmişli bildirib.

Görüşdə RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri dosent Səbinə Kazımova mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, seysmik stansiyalar şəbəkəsinin fəaliyyəti və yeni açılan seysmik stansiyalar, aparılmış elmi tədqiqatların nəticəsinə dair təqdimatla çıxış edib.

Türkiyə tərəfindən AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu hazırda qardaş ölkədə aparılan seysmoloji tədqiqatlar və seysmik stansiyaların məlumatları əsasında alınmış nəticələr, tikinti sahələrində seysmikliyin qiymətləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb.

AFAD-ın Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç isə məlumat mübadiləsi və birgə tədqiqatların aparılması sahəsində perspektiv layihələrə dair təqdimatla çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: