Dəmir yollarının daxili iqtisadiyyatda rolu

A- A A+

Naxçıvanda indiyə qədər görülən işlər Zəngəzur dəhlizinin açılacağına dəlalət edən uzaqgörən iqtisadi prosesdir.

Yük və sərnişin daşımaları Azərbaycan dəmir yolunun fəaliyyət istiqamətlərini özündə əks etdirən əsas sahədir. Bu gün dünyada baş verən proseslər dəmir yollarının işinə də öz təsirini göstərib və yeni yaradılan iqtisadi qurumlar yük daşımalarının miqyasında əsaslı dəyişikliklər yaradıb. Qədimdən İpək yolunun keçdiyi Azərbaycanın ərazisi tarixin müxtəlif dönəmlərində dövlətləri birləşdirən nəqliyyat dəhlizlərinin kəsişdiyi bir məkan olub. Bu gün iqtisadi və ticarət yollarının əhəmiyyəti öz vacibliyini qoruyub saxlayır. Müasir dünyanın iqtisadi həyatında ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Təbii ki, dəmir yollarının inkişafı və bu sahədə həyata keçirilən təkmilləşdirmə siyasəti ölkənin bu istiqamətdə strateji rolunu möhkəmləndirən və artıran mühüm amillərdən biridir.

Ölkələri, geniş mənada qitələri birləşdirən dəmiryolu nəqliyyatı sözün əsl mənasında müasir dövrümüzdə qlobal xarakter daşıyır. Bütün bu reallıqlar nəzərə alınmaqla Azərbaycanda “polad yollar” sisteminin inkişaf etdirilməsi son illərin ən vacib məsələlərindən biridir. Əslində Azərbaycanın dəmir yolları tarixi bir layihə olmaqla, dövlətlərarası münasibətlərin və ticarətin inkişafı baxımından çox vacibdir. Bu polad yollar təkcə daşımalar sistemində yox, eləcə də beynəlxalq iqtisadi əlaqələrdə sənaye və kənd təsərrüfatının, ağır sənaye sahələrinin inkişafında, biznes və məşğulluq sahəsində də xüsusi təsirə malikdir. Dəmir yolları təkcə beynəlxalq əlaqələrin inkişafında deyil, həm də daxili iqtisadiyyatın da güclənməsində mühüm rola malikdir.

Naxçıvanın dəmir yolları da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Rayonlararası dəmir yolları xətlərində yükdaşımaların həyata keçirilməsi əslində məhsulların çatdırılması ilə bərabər, həm də daxili iqtisadiyyatda gəlirlərin əldə edilməsinə səbəb olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu gün müvafiq işlər görülür. Belə ki, dəmir yollarının əsaslı təmiri, yenidən qurulması və Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsində yeni ikitərəfli dəmir yolunun çəkilməsi istiqamətində ilkin layihələndirmə işləri həyata keçirilib. Naxçıvanın dəmir yolları sahəsində həyata keçirdiyi uğurlu təkmilləşdirmə işləri əslində gələcəyə atılmış sağlam addımdır. Çünki Naxçıvan dəmir yolları rayonlar və şəhərlər arasında həm sərnişindaşımada, həm də yükdaşımada böyük rol oynayır. Cari il ərzində Naxçıvan dəmir yolları vasitəsilə 133 min tondan artıq məhsul daşınıb. 2005-2010-cu illər ərzində bu rəqəm 5-15 min ton arası dəyişib. Ötən illə müqayisədə isə bu rəqəm 47 faiz artıb. Cari il ərzində dəmir yolları vasitəsilə 100 minə qədər sərnişin daşınıb. Bütün bu iqtisadi proseslər həm də dəmir yollarının hesabına digər xidmət sahələrinin də inkişafına səbəb olur. Məsələn, Naxçıvanda dəmir yolu stansiyalarının yaxınlığında bir çox xidmət sahələri yerləşir. Bu isə qatarın gözləmə anında, hər hansı bir vaxt ərzində sərnişinlərin yaxud maşinistlərin bu xidmət sahələrindən istifadə etməsinə səbəb olur ki, nəticədə  dolayısı ilə xidmət sahələrinin gəlirlərinə təsir edir.

Digər tərəfdən dəmir yollarının əsas iqtisadi məntəqələrdən keçməsi burda yükdaşıma işini daha da asanlaşdırıb. Bununla bərabər bir sıra istehsal müəssisələrinin, tikinti məhsullarının satışı mağazalarının dəmir yollarına yaxın məsafədə yerləşməsi iqtisadi rentabelliyi daha da artırır. Əslində yaradılan bu şərait Naxçıvanın beynəlxalq dəmir yolları şəbəkəsinə birləşməsinin gələcək planlarındandır. Çünki gələcəkdə Naxçıvanın yerli məhsulları bu “polad yollar” vasitəsilə rahatlıqla Avropaya ixrac oluna biləcək. Ötən illərin göstəricisinə nəzər salsaq görərik ki, bu sahədə yük və sərnişin daşıma üzrə əldə olunan maksimum gəlir 60 min manatı ötübsə, gələcəkdə bu rəqəm daha da yüksək olacaq.

Ümumiyyətlə, Naxçıvanda dəmir yolu işinin təkmilləşdirilməsi  uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Bu uğurlu addımlar bizə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək. Görülən işləri əsas tutub deyə bilərik ki, əslində Naxçıvanda bu istiqamətdə indiyə qədər atılan addımlar gələcəkdə Zəngəzur dəhlizinin açılacağına  dəlalət edən iqtisadi prosesdir. Ordubad dəmir yolu stansiyasının yenidən qurulması, Ölkə başçısının stansiya ilə yaxından tanış olması əslində dəhlizin açılmasını tezləşdirən əsas faktorlardan biridir. Bu işə isə Naxçıvan çoxdan hazır idi desək, yanılmarıq. Bu il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana növbəti səfəri zamanı Ordubad dəmir yolu stansiyası ilə tanışlıq zamanı deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”.

Cənab İlham Əliyevin söylədiyi bu qəti fikirlər bu gün artıq reallığa çevrilir. Mənfur düşmənləri istər döyüş meydanında, istərsə də siyasi arenada susdurub istədiklərimizə nail oluruq. Çünki bizim məqsədimiz haqqın və ədalətin bərqərar olmasıdır. Bunu artıq illərdir ki, özünü aldadan düşmən də yaxşı bilir. “Hraparak” qəzetində Ermənistanın baş nazirinin bu münasibətlə verdiyi fikirlər bunu bütün dünyaya bir daha təsdiq etdi ki, ermənilər təkcə bu günü yox, həm də gələcək müqəddəratını yalan və hiylə üzərində qurublar. Qəzet yazır ki, Paşinyan  deyib:

“Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edirəm. Ermənistanda Zəngəzur icmalarının rəhbərləri ilə görüşdüm. İkinci Qarabağ müharibəsindən sonra Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırdım. Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz. Çünki Azərbaycan prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resurslarımız yoxdur.”

Yaxında açılacaq Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın digər hissəsi ilə quru yolla birləşdirəcək. Bu isə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına müsbət təsir etməklə bərabər, həm də daxili iqtisadiyyatda təsir gücünə malik olan rayonlararası dəmir yolları şəbəkəsini genişləndirəcək.

Mətin Kamal

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: