Vətən - yəni ana, yəni həyat, yəni hər şey.
Vətən - yəni şəhid qanı ilə yoğrulmuş torpaq.
Vətən - yəni qeyrət, namus, şərəf, ləyaqət.
Bəs indi necə? Deyə bilərik, Vətəndən pay olar?!
Mənim vətənim Azərbaycandır. Onun hər daşı, torpağı, hər dağı, hər dərəsi, hər çayı, hər ağacı, hər ağacdan düşən yarpaqdır Vətən. Vətən sənsən, ey mənim həmvətənim, soydaşım. Vətən bizik. Şəhidlik çox uca zirvədir, şəhidlər çox uca. Bunu isə heç kim inkar etmir, edə də bilməz. Onları bu ucalığa aparan nə idi bəs? Onları uca edən vətən sevgisi, torpaq qeyrəti idi. Onlar bir şeyi çox yaxşı bilirdilər: Vətən anadır, onu qorumaq isə hər bir övladın müqəddəs borcudur. Vətən qırmızı xətdir. Bu xətti heç kim tapdaya bilməz. Uğrunda ölərik, amma heç vaxt icazə vermərik və verməməliyik mənfur və murdar düşmən bizim müqəddəs atımıza əl uzatsın, dil uzatsın. Biz o əlləri, o dilləri kəsərik.
Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızı itirdik. 28 il yağmalandı, talandı Qarabağımız. Hər nəfəsdə, hər baxışda, hər gündüz-gecədə hiss etdik Qarabağ yaramızın ağrısını. Necə keçdi illər, sanki 28 il deyil, əsrlər oldu, hər ili 10 ilə bərabər oldu. Nə ağlaya bildik, nə də ki gülə…
Həmişə intiqam hissi idi yalnız bizi sabaha çıxaran. Heç vaxt ümidimizi itirməmişdik və bunu göstərdik də. Vətən oğullarını sevinc içində cəbhəyə aparan, ölümün üzünə gülümsədən, sıldırım qayaları çıxaran, günlərlə ac qalmağa, yuxusuz qalmağa məcbur edən, öz yaralı əsgər yoldaşını çiyninə alaraq düşmənin üzərinə aparan, yaralansa belə geri çəkilməyən, əsgəri güclü edən həmin intiqam atəşi idi. Bu atəş 28 il bizi içdən yandırdı. İndi düşməni kül etsin!
Biz intiqamımızı aldıq, Xocalıda, Qaradağlıda, Qarabağın hər qarışında, 100 il əvvəl isə Azərbaycanın hər yerində öldürülən körpələrin, qadınların, anaların, düşmən əlinə keçməmək üçün özünü dağdan atan qız-gəlinlərimizin intiqamını aldıq.
Dəyərdi haqqın, ədalətin qələbəsi üçün canından keçməyə, dəyərdi azğın, murdar düşməni əzmək üçün çəkilən bütün əziyyətlərə, itkilərə. Təki Vətən sağ olsun! Üçrəngli bayrağım yenə dalğalansın Qarabağımda, təki vətənimizin yarası sağalsın. Təki Vətən sağ olsun!
Zeynəb Xəlilova
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi