Əzəldən bəri dilimizdən düşməyən vətən mövhumu həssaslıqla yanaşdığımız mövzudur. Bəs nədir Vətən? Vətəni tapdalayıb keçdiyimiz quru parçası və ya müəyyən sərhədləri olan coğrafi məkan adlandıra bilərikmi? Axı uğruna minlərlə igidin canından keçdiyi, əsrlər boyu şairlərin vəsf etdiyi, dədə-babalarımızın qoynunda əbədi yuxuya daldığı torpağı sadəcə quru parçası adlandırmaq olmaz. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Bizlər ki onun suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız ki bu torpaqlardadır. Vətən özündə bunlar kimi minlərlə mənanı əks etdirir. Ən əsası da o, əsrlər boyu bu torpağın şirin-şirin layla çaldığı şəhidlərin ən dəyərli mirasıdır.
Tarix hər zaman müxtəlif qəhrəmanlıqlara, unudulmaz zəfərlərə şahidlik edib. Əlbəttə, danılmaz faktdır ki, türklər bu zəfərlərin əksəriyyətinin müəllifi olub. Unudulmaz sərkərdələrin çoxusunun türk olması da göz önündədir. Bunu sadəcə təsadüf saya bilmərik. Çünki türklərin tək amalı vətənin bütövlüyünü qorumaq, onu ucalara daşımaq olub. Vətəni və vətəndaşı sevmək kimi böyük bir əxlaqi keyfiyyət məhz türklərin sahib ola biləcəyi duyğulardır. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.
Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyrulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.
Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Məhəmməd Peyğəmbər belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır”.
Vətən üçün mübarizəyə müxtəlif aspektlərdən yanaşa bilərik. Bu mübarizəyə yalnız silahla mübarizə cəhətdən baxmayaq. Ölkə bütövlüyünü öz əsərlərində təbliğ edən ədəbiyyat və incəsənət xadimləri də mədəniyyət sahəsindəki “silahlı qüvvəmiz” hesab edilə bilər.
İllər ötür, dövr dəyişir, lakin bizlər üçün dəyişməyən dəyərlərin öncüsü olan vətən sevdası heç zaman dəyişmir. Ötən əsrin əvvəllərində müqəddəs amal uğrunda şiddətli mübarizə aparmış siyasi xadimlərimiz haqqında danışmaq istəyirəm. Dünya tarixinə bütün müsəlman aləmində ilk respublika kimi daxil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradılması, heç şübhəsiz ki, Ə.M. Topçubaşov, F. Xoyski, N. Yusifbəyov, H. Ağayev və Azərbaycanın XX əsrin başlanğıcındakı siyasi və ziyalı elitasının digər görkəmli nümayəndələrinin məqsədyönlü, fədakar əməyinin nəticəsi idi. Lakin bu bənzərsiz şəxsiyyətlərin xidmətlərinə zərrə qədər də kölgə salmadan etiraf etməliyik ki, Cümhuriyyətimizin təşəkkülündə aparıcı rol Məmməd Əmin Rəsulzadəyə məxsusdur.
Əsrin sonlarında isə dövlətçilik, vətən uğrunda mübarizədə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin izləri bariz şəkildə görünür. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!” şüarı ilə özünə əbədi yol seçən lider ömür boyu bu amaldan dönməmişdir. Bu gün boşuna deyil ki, milyonlarla insanın sevgisini qazanıb. Hal-hazırda vətən uğrunda qətiyyətli mübarizənin davamçısı ümumilli liderin yolunu gedən dövlətçilik ideologiyasını rəhbər tutan Prezident İlham Əliyevdir.
Mən də Babəklərin, Koroğluların, Mübarizlərin, Xudayarların və onlar kimi min-min görkəmli şəxsiyyətlərin anadan olduğu, boya-başa çatdığı bu torpağın, bu vətənin vətəndaşı olduğum və damarlarımda türk qanı daşıdığım üçün çox xoşbəxtəm. İstərdim ki, qeyd etdiyim şəxslər kimi, bu vətənə, bu torpağa bacardığım qədər faydam toxunsun. Bu hərkəsin vicdan borcudur. Çünki bu vətən min bir əziyyətlə, əsrlər boyu davam edən mübarizənin nəticəsində var olub və hər zaman mövcud olacaqdır.
Fikirlərimi Türkiyənin İstiqlal marşından bir parça ilə sonlandırmaq istəyirəm:
Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın bu xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda. (Mehmet Akif Ərsoy)
Aysel Nuriyeva
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi