Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada uğurla tətbiq edilir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, ötən dövr ərzində muxtar respublikada 132 dövlət qurumu, 61 hüquqi şəxs, 230 sahibkar və 9-u vətəndaş olmaqla, ümumilikdə 432 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
“Elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu dövlət qurumları üçün 58 AZN, hüquqi şəxslər üçün 72 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir”,- deyə məlumatda bildirilir.
Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları www.rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.
Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur.