NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda 113 hektar sahədə soğan əkini keçirilib. Artıq Şərur rayon torpaq mülkiyyətçiləri soğanın kütləvi yığımına başlayıblar.
Bölgədə olan münbit mühit, suvarma suyunun bolluğu, iqlim şəraiti, torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Rayonun Cəlilkənd sakini Yaqub Tağıyev bu il 10 hektar sahədə soğan əkib. Hazırda yetişən soğanın yığımı həyata keçirilir. Torpaq mülkiyyətçisinə aid təsərrüfatda 90-a yaxın kənd sakini işlə təmin olunub.
Şərur rayonunda 3 min tonluq 11 soyuducu anbar fəaliyyət göstərir. Bu anbarlar imkan verəcək ki, əhalinin ilboyu soğan məhsuluna olan tələbatı yerli imkanlar hesabına ödənsin. Muxtar respublikada bu məhsula olan tələbat tam ödənildikdən sonra isə soğanın ölkəmizin müxtəlif bölgələrinə ixracı da nəzərdə tutulur.
Gülməmməd Əliyev