Dəm qazı insan həyatı üçün təhlükəlidir

A- A A+

Qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma halları baş verir. Müəyyən olunub ki, bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində müxtəlif növ məişət, qaz cihazlarının, o cümlədən suqızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən yaranır.

Dəm qazı ilə zəhərlənmənin səbəbləri aşağıdakılardır:

  • suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmamasıdır. Hamam otağında duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtlərdəndir;
  • soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulmasından;
  • standarta uyğun olmayan və kustar yolla hazırlanan qızdırıcı cihazlardan istifadə edilməsi;
  • yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmamasından;
  • tüstü borularının və tüstü bacalarının vaxtında təmizlənməməsindən və onlar  işlək vəziyyətdə olmamasından;
  • sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olmasından;
  • sobada və borularda çatların və nasazlıqların olmasından;
  • qarajda avtomobilin işlək vəziyyətdə olmasından;
  • qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasından.

Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. Zəhərlənən insanda ürək bulanma, yorğunluq, yuxuya meyillilik və təngənəfəslik müşahidə olunur, dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıc olmalar baş verir. Tənəffüs mərkəzinin iflic olması nəticəsində nəfəs alma dayanır və ölüm baş verir.

Əgər dəm qazından zəhərlənmə halları baş verərsə, zərərçəkən şəxsə ilk öncə aşağıdakı köməklikləri göstərmək olar:

  • ilk öncə zərərçəkəni dərhal təmiz havaya (ilin isti vaxtında küçəyə, soyuq mövsümdə isə havası yaxşı dəyişdirilən otağa) çıxarmalı və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır;
  • zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır;
  • zərərçəkmişin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir, əgər huşunu artıq itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır;
  • zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır.

Belə hadisələrin baş verməməsi üçün ilk öncə müvafiq təhlükəsizlik norma qaydalarının tələblərini bilməli və onlara ciddi riayət olunmalıdır.

Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanan qeyri-standart qızdırıcı qaz cihazlarından və su qızdırıcılarından istifadə olunmasıdır. Belə ki, bu cihazların aidiyyəti dövlət nəzarət orqanlarının icazəsi olmadan müəyyən sexlərdə istehsal edilməsi, satışa buraxılması, əksər hallarda qüvvədə olan norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan olunan yerlərdə quraşdırılması qəzaların baş vermə ehtimalını daha da artırır. Buna görə də satış məntəqələrindən əsasən zavodda istehsal edilən qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə ümumiyyətlə yol verilməməlidir.

Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmaması, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.

Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin  “101” xidmətlərinə məlumat verilməlidir.

Əhalinin diqqətinə bir daha çatdırırıq ki, qaz sobalarından və qızdırıcı cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.

 

Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyinin
Mətbuat Xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: