Uşaqların hüquqlarının pozulmasına görə məsuliyyət

241

"Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Uşaqları qorumaq və onların hüquqlarını müdafiə etmək hər birimizin borcudur. Bu səbəbdən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi, hüquqlarının qorunmasını, onların layiqli vətəndaş kimi formalaşdırılmasını özünün ən mühüm vəzifələrindən biri hesab edir.

Qanunvericiliyə əsasən uşaq dedikdə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər nəzərdə tutulur.

Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra uşaqların hüquqlarının qorunması istiqamətində zəruri olan normativ-hüquqi aktların hazırlanması və qəbul edilməsi istiqamətində intensiv və səmərəli tədbirlər görülüb. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 saylı Qətnaməsi ilə “Uşaq hüquqları haqqında Bəyannamə” elan edilib, 12 noyabr 1989-cu ildə isə “Uşaq hüquqları haqqında Konvensiya” qəbul edilib, 13 avqust 1992-ci ildə Azərbaycan Respublikası bu Konvensiyanı tanıyıb və ona qoşulubdur. Azərbaycan, eyni zamanda 2 aprel 2002-ci il tarixli qanunla “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair fakültətiv Protokolu”na və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair fakültətiv Protokolu”na da qoşulub və bununla bağlı olaraq əsaslı tədbirlər həyata keçirilibdir.

“Uşaq hüquqları haqqında” Konvensiya ratifikasiya edildiyi dövlətlərdə, o cümlədən, Azərbaycan Respublikasında da uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin inkişafına mühüm təsir göstəribdir.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), qanunvericiliklə nəzərdə tutulmuş hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına məlumat verməyə borcludurlar. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.

Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.

Alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Qeyd edək ki, uşaq hüquqlarının pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə həmin şəxslərə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Bu əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə, yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda isə altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində qeyd olunur ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin bu maddəyə əsasən işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslərə üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərə on min manatdan on üç min manatadək məbləğdə cərimə cəzası tətbiq edilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinə əsasən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 214.1-ci maddəsinin tələbinə görə uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində müraciət edilməməsinə görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə cəzası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsində qeyd olunur ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 522-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi inzibati məsuliyyətə səbəb olur və altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170-ci maddəsində yetkinlik yaşına çatmayan şəxsləri cinayətkar fəaliyyətə cəlb etmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulubdur.

Cinayətkar fəaliyyət dedikdə, ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olmayaraq cinayət qanununda nəzərdə tutulan hər hansı bir cinayətin törədilməsi üzrə fəaliyyət başa düşülür. Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə dedikdə isə, şəxsdə bir və ya bir neçə cinayətin törədilməsində iştirak etmək arzusunun yardılmasına yönələn fiziki və ya psixi təsirlərin (döymə, əzab vermə, cəzasız qalacağına inandırma, hədələmə və qorxutma, ələ alma, aldatma, intiqam hisslərini oyatma və s.) tətbiq olunması ilə müşahidə olunan hərəkətlər nəzərdə tutulur.

Həmin maddəyə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxslər, yəni onların valideynləri, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, yetkinlik yaşına çatmayanı yerləşdirildiyi tərbiyə müəssisələrinin rəhbərləri və əmək funksiyalarının xarakterinə görə bu müəssisələrdəki yetkinlik yaşına çatmayanların tərbiyəsi ilə bilavasitə məşğul olan şəxslər tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməyə görə isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Ümumiyyətlə uşaqlar üzərində təlim, tərbiyə funsiyasını yerinə yetirən şəxslərin istər ictimai yerdə, istərsə də təlim-tərbiyə müəssisələrində uşaqların şəxsiyyətini və ləyaqətini alçaltması, xarici görünüşünə lağ etməklə, təhqir etməklə,  bərabərlik prinsipini pozaraq uşaqlar arasında fərq qoymaqla, qanunla qorunan şəxsi və ailə həyatı haqqında qərəzli və bilərəkdən yalan məlumatlar yaymaqla tabeliyində olan uşaqlara psixi iztirablar verməsi və döyməklə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi qanunla qadağan olunur.

Sadiq Babayev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: