Naxçıvanda peşə kursları keçirilir - FOTOLAR - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, payız-qış aylarında qazanxanaların ixtisaslı kadrlarla təmin olunması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə hazırlıq kursuna başlanılıb. İxtisaslı mütəxəssislər tərəfindən tədris olunan kursa 20 müdavim cəlb edilib. Kursun müddəti 1 ay olacaq. Müvafiq peşə üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində də kurs təşkil edilib. Hazırda həmin peşə kursunda 13 məhkum təhsil alır.
Naxçıvan şəhərində yaradılacaq xalça istehsalı emalatxanasının kadr təminatı da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Regional Peşə Tədris Mərkəzində xalçaçılıq sənəti üzrə tədris-hazırlıq kursu da davam etdirilir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən dəvət olunan mütəxəssislərin iştirakı ilə keçirilən kursa 58 müdavim cəlb edilib. Onlardan 25-i tədris proqramını artıq tam mənimsəyib.
Kursun sonunda iştirakçılara “Azərxalça” tərəfindən sertifikatlar veriləcək və həmin toxucular xalça istehsalı emalatxanasında işlə təmin olunacaqlar.
Novruz Məmmədov