Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Kəngərli rayonunun Xok kəndində monitorinq aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt edilməsi aşkar edilib, həmin vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.
Monitorinq zamanı kənddə 143 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 10,7 hektara yaxın torpaq sahəsinin zəbt olunması faktı aşkar olunub. Kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə, yəni bələdiyyə mülkiyyətinə qaytarılıb.
Qeyd edək ki, bu cür qanunsuz hərəkətlərin nəticəsində kənd təsərrüfatına yararlı torpaqların sahəsi azalır, torpaqların məqsədli istifadəsində maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Unutmaq olmaz ki, belə hallar həm də qanunla cinayət məsuliyyəti yaradır. Bundan əvvəl Böyükdüz, Şahtaxtı, Yurdçu, Qabıllı, Təzəkənd, Qarabağlar, Xıncab və Çalxanqala kəndlərində monitorinqlər keçirilib, qanunsuzluqlar aradan qaldırılıb. Növbəti monitorinq rayonun Qıvraq qəsəbəsində aparılacaq.
Turab Hacızadə