“5-14 yaş arası uşaq və yeniyetmələr arasında "Delta-M" və "Omicron" ştamlarına yoluxma halları artıb. Azərbaycanda hələlik "Omicron" ştamına rast gəlinməyib”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. H. Harmancı bildirib ki, I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir.
Hande Harmancı, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar: “Son zamanlar mütəxəssislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”.