Bu ilin 11 ayı ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 57,9 faizi muxtar respublikada yığılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, vətəndaşlara hesablanan pensiya və müavinətlərin muxtar respublika daxilində toplanan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməsində ciddi artım qeydə alınıb. Əgər 2018-ci ilin 11 ayı ərzində muxtar respublikada əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50,7 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində yığılmışdırsa, cari il bu göstərici 57,9 faiz olub.
Cari ilin 11 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə fondun xəzinə hesabına 100 milyon 212 min 100 manat vəsait daxil olub. Bu isə proqnoz üzrə nəzərdə tutulmuş 98 milyon 675 min manat vəsaitdən 1 milyon 537 min 100 manat və ya 1,6 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 71 milyon 18 min 800 manatı büdcə təşkilatlarından, 29 milyon 193 min 300 manatı isə qeyri-büdcə sektoru üzrə sığortaedənlərdən daxil olub. Bu dövr ərzində fondun büdcəsinin xərcləri isə 176 milyon 15 min 841 manat icra olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 617 min 819 manat, yaxud 4,52 faiz çoxdur. Fondun xərclərinin 98,3 faizi və ya 172 milyon 949 min 900 manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 276 min 150 manat, yaxud 4,2 faiz çoxdur.