NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında kardiologiyada yeniliklərə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Elmi-praktik konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov çıxış etdikdən sonra Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzin baş həkimi Ramin Hacıyev “Kardioloji xəstələrdə cihaz müalicəsində 2021-ci ilin yenilikləri, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim kardioloqu Arif Cavadov “Diastolik ürək çatışmazlığının son diaqnostik alqoritmi”, kardioloji mərkəzin həkim kardioloqları Sara Əzizli “Ürəkdə qapaq xəstəliklərinin diaqnostikası və müalicəsində 2021-ci il yenilikləri”, Tamam Seyidova “Ürək çatışmazlıqları xəstələrinin diaqnostikası və müalicəsində son yeniliklər” və Səbinə Səfərova “S-T elevasiyasız miokard diaqnostikası və müalicəsində 2021-ci il yenilikləri” adlı müxtəlif mövzularda çıxış ediblər.
Çıxışlarda ürəyin işemik xəstəliyinin cərrahi yolla müalicəsi, uğurlu cərrahiyyə əməliyyatları, anadangəlmə ürək qüsurları, ürək-damar xəstəliklərinin düzgün diaqnozu, profilaktikası, muxtar respublikada kardiocərrahiyyənin inkişafı kimi məsələlərə toxunulub.
Tədbirdə interaktiv diskussiyalar aparılıb, suallar cavablandırılıb.
Adilə Səfərova