Yarım əsrlik sevgi....

A- A A+

Toy iki gəncin ən xoşbəxt günü, səadətli anlarının aynası, sevən ürəklərin qovuşmasıdır. İki nəfərlik uzun bir yola çıxılan, səadət və xoşbəxtlik arzulanaraq təməl daşı qoyulan ailənin həyat yolu məhz belə başlayır. Bu uzun yolun enişləri-yoxuşları var. Əsas olan odur ki, həyat yolunda maneələrlə qarşılaşanda ömür yoldaşları bir-birinin əlini buraxmasın. Ailəni möhkəmləndirən bu sədaqət və bağlılıqdır. Sevgi, hörmət və sədaqət üzərində qurulan ailələrin isə təməli möhkəm, ömrü uzun olur. Bu ailələrdə cəmiyyət və dövlət üçün sağlam fərdlər böyüyür. Yarım əsrlik ömür yolunda birgə addımlayan Qəmbərovlar ailəsi də bu gün örnək ailələrdəndir. Evliliklərinin əllinci ilini qeyd edən el böyüklərinin qonağı olmaq, onlarla ailə dəyərləri  haqqında səmimi söhbət etmək üçün Güznüt kəndinə yola düşürük.

– Salam, Tahir kişi!

 –Salam, xoş gəlib, səfa gətirmisiniz. Həmişə siz gələsiniz. Bizim Güznüt kəndi payız aylarında bir başqa gözəl olur. Amma kaş yay olardı. Bağımızın meyvələrindən də dadıb, bağçamızda oturardıq. İnşallah, qismət olsun, yayda da gəlib qonağımız olarsınız, mən də sizin üçün bir dəm-dəsgah açaram.

– İnşallah. Çox sağ olun. Şəhərin səs-küyündən uzaqlaşıb, belə bir səfalı, sakit kəndə gəlmək bizim üçün də çox xoş oldu.

Tahir kişinin 50 illik ömür-gün yoldaşı Məsudə nənə də bizi gözləyir. İçəri keçib hal-əhval edirik. Maşallah, mehriban ailə üzvlərinin hamısı toplanıb bir araya. Keçib otururuq Məsudə nənənin yanında.

– Necəsiniz, Məsudə nənə? Gəlmişik sizinlə ailə dəyərləri, uzunömürlü ailənin sirləri haqqında söhbət edək. Biz gənclərin sizin kimi böyüklərin öyüd-nəsihətinə ehtiyacı var.

– Bu günə də çox şükür, qızım. 67 illik ömrümün 50 ilini bu kişi ilə birgə yaşamışam. Bu yarım əsrlik ömür yolumuzda bir dəfə olsun, ondan acı söz eşitməmişəm, yaxşı günümdə, pis günümdə həmişə yanımda olub. Həyatın acısını da, şirinini də bir yerdə dadmışıq. Əlli ildir bir-birimizə həm ömür-gün yoldaşı, həm də dost-sirdaş olmuşuq. Nə o mənim bir dediyimi iki edib, nə də mən onun. Mən belə düşünürəm ki, uzunömürlü ailənin sirri məhz qarşılıqlı anlayış, bir-birini başa düşmək, səhvləri bağışlamaq, anlayış göstərmək və ən əsası ailə dəyərlərinə bağlılıqdır. Vaxt olub ki, bizim ailənin də çətin günləri olub, amma bir-birimizə möhkəm tellərlə bağlanmışıq, bütün çətinliklərə birgə sinə gərmişik. Əl-ələ verib övladlarımızı böyütmüşük, onlara təhsil vermişik. 4 övladımız, 11 nəvəmiz və 4 nəticəmiz var. Oğul-uşağın şad-xürrəm gününü görmək, onların uğuruna şahidlik etmək bir valideyn üçün ən böyük xoşbəxtlikdir.  

Bu yerdə evin ağsaqqalı Tahir kişi söhbətə qoşulur: “Ailənin möhkəm olması üçün sağlam bünövrə, sevgi və mehriban münasibət əsas şərtdir. Ailə müqəddəsdir. Bir dəfə qurulmalıdır. Gözəl məhəbbətlə qurulan ailənin ömrü də uzun olar. Biz ailədə çox mehriban olmuşuq. Can deyib, can eşitmişik. Bir-birimizi başa düşüb, güzəştə getməyi bacarmışıq. Ailədə inam, sədaqət və dostluq olmalıdır. Qoy cavanlar bizim kimi ailələrdən nümunə götürsünlər, dalaşmasınlar, ailələrini dağıtmasınlar. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil etməlidir. Baxın görün, bu gün Naxçıvanımızda sözün həqiqi mənasında, qoşa qarıyan, evliliklərinin 50- 60 və daha artıq yaşı olan neçə-neçə ailələr vardır. Dövlətimiz də həmin nümunəvi ailələrin ömür yolunu gənclərimizə təbliğ edir, uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, onlara qiymətli hədiyyələr verilir. Sözümün canı budur ki, gənclərimiz bu ailələrin ömür yolunu örnək alsınlar, ailələrinin qədir-qiymətini bilsinlər. Çünki ailə kiçik bir dövlətdir.

Amma bu gün insanlar bəzi hallarda “qalma qonşudan geri” tezisinə əsaslanaraq bahalı restoranlarda toy edir, yeməklər israf olunur, borc-xərclə evdən gəlin köçən qıza cehiz alırlar. Halbuki, bunların heç biri yeni qurulan gənc ailənin gələcəkdə sağlam təməllər üzərində dayanacağına dəlalət etmir. Bu, ən yaxşı halda valideynin maddi-rifah halını bir az da aşağı salır. Buna görə də gəlin xoşbəxtliyi dəbdəbədə yox, əsl sevgidə, hörmətdə, anlayışda axtaraq. Hesab edirəm ki, cibimizdəki son qəpiyi də xərcləyib cehiz, bahalı mebel, qab-qaşıq dəstləri almaq əvəzinə, qızlarımıza təhsil vermək lazımdır. Qoy onlar ər evinə daimi çörək, iş yeri aparsınlar. Müdriklərdən biri yaxşı deyib ki, birinə yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət”.

Halal süfrə başına toplaşan oğul-uşaq, nəvə-nəticə böyüklərin sözünü diqqətlə dinləyirlər. Valideynlərinin hər bir sözünü qanun hesab edir, hörmətlə yanaşırlar. Söhbətimizə evin kiçik oğlu, həmkarımız Qafar Qərib də qoşulur. Qafar müəllim deyir ki, valideynlərimiz dövrün çətinliklərinə baxmayaraq, bizim təhsilimiz və tərbiyəmizlə hər zaman xüsusi maraqlanıblar. Anam bizim ilk müəllimimiz olub. Biz məktəbə gedən vaxt artıq oxumağı-yazmağı öyrənmişdik. Mən özüm bir neçə şeiri əzbər söyləyirdim. Uşaq vaxtından şeirin, ədəbiyyatın içində böyüdüyüm üçün təhsilimi, işimi də bu sahədə qurdum. Atam külfət saxlayırdı, ona görə gecə-gündüz işləməli olurdu. Bizim təlim-tərbiyəmiz isə qalırdı anamın öhdəsinə. Özü təhsilini başa vura bilmədiyi üçün çalışırdı ki, biz hamımız yaxşı təhsil alaq. Tez-tez məktəbə gələr, bizimlə maraqlanardı.

Mövsüm payız, hava sərin olsa da, evdə ab-hava çox istidir. Dünyagörmüş bu insanlarla söhbət bizim üçün çox xoş olur. Hərdən gəlinlər də, nəvələr də söhbətə qoşulur. Ağsaqqala, ağbirçəyə hörmət hiss olunur bu isti ocaqda. Gəlinlər, qızlar Məsudə nənənin necə deyərlər, “başına dolanırlar”. Ağbirçək çayından içib söhbətə başlayır: “Mənim balalarım, ailədə hər cür çətinlik ola bilər, əsas odur ki, bu çətinliyin öhdəsindən birgə gələsən. İndiki zamanda yaşamağa nə var. Hər şey əlimizin altında. Könlümüzdən keçən hər naz-neməti ala bilirik. Hər yer bolluq və ucuzluqdur. İndi hər kim yaxşı yaşamır, günah onun özündədir. İş var, şərait var. Daha uzun çörək növbələrində gözləmirik, işıqlarımız fasilə ilə verilmir, evimizi qızdırmaq üçün meşəyə odun dalınca getmirik. Nəvələrimiz yaxşı məktəbdə oxuyur, oğul-uşağın iş şəraiti var. Şükür, yeməyə bir tikə çörəyimiz, qayğımıza qalan dövlətimiz var. Uca Yaradan bu günləri bizə çox görməsin”.

Müsahibimiz deyir ki, ağsaqqalın, ağbirçəyin hörmət gördüyü yerdə birlik-bərabərlik var. Ağsaqqala, ağbirçəyə hörmət, ehtiram, kiçiyə diqqət ənənəsi bizim kəndimizdə də yaşadılır. Oğul-uşaq böyüyün üzünə ağ olmaz, sözünü dinləyər, ayağına qalxar. Kəndimizdə bir xeyir-şər məclisi oldu, bir ailənin çətinliyi, sıxıntısı yarandı kömək etməyə çalışarıq. Elə Vətən müharibəsi müddətində də həmkəndlilərim bu birlik-bərabərliyi nümayiş etdirdi. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Əliyevin dəfn mərasiminə Güznüt kəndi ilə bərabər, bütün Naxçıvan əhli axışıb gəlmişdi. Müharibə dövründə də, müharibədən sonra da biz şəhid və qazi ailələrini tez-tez ziyarət edir, onlara dəstəyimizi göstəririk. Bax budur milli və mənəvi dəyər…

Bu məqamda öyrənirik ki, evin böyük oğlu Səfər Qəmbərov da müharibə iştirakçısı olub. 4 il hərbi xidmət keçən Səfər müəllim deyir: “Ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər torpaqlarımıza əl uzatmaq istəyəndə biz könüllü cəbhəyə yola düşdük. O zaman indiki kimi silah-sursat yox idi. Təhsil aldığımız məktəblər cəbhəxana olmuşdu. Əlimizə keçirdiyimiz köhnə silahlarla müdafiə olunurduq. Buna baxmayaraq, qolumuzun qüvvəti, canımız-qanımız hesabına vuruşaraq Naxçıvan torpağının bir qarışını belə düşmənə vermədik. Şükür, bu gün qədim diyarın sərhədləri etibarlı qorunur, güclü ordumuz, peşəkar əsgər və zabitlərimiz vardır. Daha o dövr arxada qalıb. Düşmən bir daha Naxçıvana yan gözlə baxa bilməz. Çünki bu torpaq əmin əllərdədir”.

***

Deyirlər, ağsaqqal, ağbirçək olan evdə xeyir-bərəkət, mehribanlıq olar. Qonağı olduğumuz bu ocaqda da belə bir ab-hava var idi. Yaşayışları sadə, söhbətləri səmimi olan bu mehriban ailə ilə sağollaşmaq vaxtı gəlib çatır. Biz də Tahir baba və Məsudə nənəyə uzun ömür, can sağlığı, hər zaman uşaqlarının, nəvələrinin başlarının üstündə olmağı arzu edirik. “Qızıl toy”unuz mübarək!

Həsrət Nağıyeva

 Lalə Allahverdiyeva

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: