Arı mumunun insan orqanizmi üçün faydası və müalicəvi əhəmiyyəti

A- A A+

Arıçılıq son illərdə muxtar respublikada böyük maraq göstərilən sahələrdən birinə çevrilib. Bir tərəfdən dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı, digər tərəfdən arıçılığın gəlirli sahə olması bu işə marağı daha da artırıb. Arıçılıq həm də Naxçıvanda qədim ənənələrə malik məşğuliyyət sahələrindəndir. Bu isə o deməkdir ki, qədim diyarımızın coğrafi ərazisi arıçılıq üçün əlverişlidir, əhalinin bu sahə üzrə ənənəvi təcrübəsi mövcuddur.

Son illər arıçıların zəhməti, qayğısı sayəsində bal, çiçək tozu, arı südü, vərəmum, güləm, mum kimi arıçılıq məhsullarının istehsalı artıb. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi əhəmiyyəti vardır. Gəlirli və müalicəvi cəhətdən xeyirli arıçılıq məhsullarından biri də arı mumudur. Mum çox qədimdən məlum olan və işçi arıların hazırladığı bərk dənəvər arı məhsuludur. Arının çənə və yuxarı qarıncığında səkkiz xüsusi mum vəzisi yerləşir və ifraz etdiyi mum havanın təsirindən bərkiyərək yarımşəffaf lövhəciklərə çevrilir.

Arıçılıq məhsulları içərisində mum çox qiymətli məhsul hesab olunur. Mumu sürfələrə qulluq edən 10-20 günlük arılar istehsal edir. Mum arılara şan toxumaq üçün lazımdır və o ağ, sarı, tünd sarı rəngdə olur. Arı mumunun tərkibində 50-yə yaxın kimyəvi birləşmələr vardır. Bunların 75 faizi mürəkkəb efirlər, 12-15 faizi karbohidrogenlər, 13-15 faizi yağ turşuları, digər mineral maddələr və vitaminlərdir. Bir kiloqram mum istehsal etmək üçün arılar 3,5 kiloqram bal və çiçək tozundan istifadə edirlər. Ən güclü arı ailəsi bir məhsul mövsümündə 2 kiloqrama qədər mum istehsal edə bilər.

Mum bioloji aktiv məhsuldur və güclü bakterisid təsirə malikdir. Ağız boşluğu xəstəliklərində balla mumu çeynəmək müalicəvi təsir edir. Mumun tərkibindəki “A” vitamini dəriyə qidalandırıcı və sağaldıcı təsir göstərir. Oynaq xəstəlikləri, endartrit və miozitlərdə mumla yaxmalar müsbət nəticə verir. Mum mədədə həzm olunmur, yumşaq, elastik maddə kimi həzm sisteminə və bağırsaqlara yaxşı təsir göstərir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Müasir kosmetologiya və farmakologiyada müxtəlif krem, məlhəm, emulsiya və şamların hazırlanmasında mumdan geniş istifadə edilir. Parfümeriya zavodlarında mumdan alınan efir yağı keyfiyyətinə görə gül və yasəmən efirindən geri qalmır və daha ucuz başa gəlir. Krem, dodaq boyaları, göz qələmləri, ənlik və dezodorantların istehsalında mumdan geniş istifadə olunur. Bəzi kosmetoloji maskaların tərkibində də mum olur. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesində də qiymətli xammal hesab edilir.

Mum uzun müddət saxlandıqda belə, xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir göstərmir. Beləliklə, onun çəkisi daim dəyişilməz qalır. Bir sözlə, mum insan orqanizminin sağlamlığı və müxtəlif xəstəliklərin müalicəsi üçün çox xeyirli bir vasitədir.

Ravil Zeynalov

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşı

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: