Rayonumuzda keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasının məndə yaratdığı təəssüratlar
Muxtar respublikamızı özlərinə yurd-yuva seçmiş əcdadlarımız əsrlər boyu öz əməksevərliyi ilə tanınıb, əkib-becərməyə, çalışıb yetişdirməyə tarixin bütün dövrlərində istək göstəriblər. Və bu amil də zaman-zaman xalqımızın xarakterinə hopub, dövrlərin sınağından süzülüb bu günlərə qədər gəlib çıxıbdır. Xüsusilə də ata-baba sənətimiz olan əkinçilik və heyvandarlığa xalq münasibəti nəticəsində həmişə el-obada bu sarıdan bolluq-bərəkətlik yaşanmışdır. Bu günsə əməksevər xalqımız üçün yaradılan əlverişli şərait nəticəsində əkinçilik və heyvandarlıq sahələri tarixin ən gözəl günlərini yaşamağa qədəm qoya bilibdir. Nəticədə, bu gün əkinçiliyin və heyvandarlığın intibah dövrünü yaşayırıq deməklə yanılmış olmarıq...
Geridə qoyduğumuz noyabr ayının 18-də Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası və onun davamında ayın 27-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Ailə təsərrüfatı məhsulları” satışı yarmarkası keçirildi. Yarmarkada müşahidə etdiklərim istər-istəməz insanın sevincinə səbəb olurdu. Çünki diyarımızda bütün sahələr kimi, ərzaq təhlükəsizliyində mühüm rola malik kənd təsərrüfatı məhsullarında bolluq-bərəkətlilik görürük. İnsanlar yarmarkaya axışıb gəlir, bol çeşidlilik görür və təbii şəkildə əldə edilmiş məhsullardan həm də bazar qiymətindən çox-çox aşağı qiymətə əldə edə bilirdilər. Məhsulunu satışa çıxaranların da, alıcıların da üzündəki sevinc əhvali-ruhiyyəsini görmək, bu mənada, çətin deyildi...
Yaradılmış şərait insanlarda əkib-yetişdirməyə həvəs yaradır...
Deyirlər, nə qədər bacarıqlı ol, nə qədər zəhmətkeşliyinlə tanın, əlverişli şərait yaradılmasa, heç bir şeyə nail ola bilməzsən. Doğrudan da, bu fikirlər tarixin bütün mərhələlərində öz təsdiqini tapa bilib. Düzdür, hər dəfəsində xatırlayanda istər-istəməz narahatlıq keçiririk, amma o da xalqımızın qarşısında bir təcrübə idi, yaşandı, bitdi. 1990-cı illərin əvvəllərində şəraitsizlik ucbatından insanlar ilkin ərzaq məhsullarını əl-əl axtarır, amma tapa bilmirdilər. Şəhərli qalsın bir tərəfə, kəndli belə əkinçilik və heyvandarlıq məhsulları tapmaqda çətinlik çəkirdi. Sonra şərait yaradıldı, kəndlinin gəlir qaynağı olan torpaq ona qaytarıldı, daha sonrasında həmin torpaqlar suya qovuşduruldu. Nəhayət, insanların əkinçiliyə və buna paralel olaraq heyvandarlığa marağı yenidən yaranmağa və inkişafa üz qoydu. Dövlətin bu sahələrdə məşğul olan üçün bütün imkanları səfərbər etməsi nəticəsində isə kənd təsərrüfatının bu iki sahəsi üzrə sürətli inkişaf dövrünün təməlləri atılmağa başlandı. Bu günsə muxtar respublikanın regionlarında əkinçilik və heyvandarlıq inkişaf etmiş sahələrin başında gəlir. Çünki əməksevər insanlar yaradılmış şəraitdən maksimum şəkildə istifadə edə bildilər. Onlar dövlətin yaratdığı şəraitə əməli işləri ilə cavab verdi, beləliklə, dövlətimiz və onun insanları qazanclı çıxdılar...
Ərzaq təhlükəsizliyinin daxili imkanlar hesabına ödənilməsinin əhəmiyyəti...
Əkinçiliyin və heyvandarlığın, ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələrinin inkişafı, özlüyündə, böyük mətləbləri ehtiva edir. Belə ki, hər hansı bir ölkənin bütün sahələrdə, xüsusilə də qlobal quraqlığın və ərzaq çatışmazlığının yarandığı və yaşandığı bir dövrdə aqrar sahədə özünü təmin edə bilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda da dövlət dəstəyini yaxından hiss edən əkinçilik və heyvandarlıqla məşğul olan insanlar daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə, hətta ixrac potensialının yaranmasına nail ola biliblər. Bu amil də hər hansı bir dövlət üçün böyük iqtisadi nailiyyətdir. Çünki dövlətlərin müstəqilliyi, xüsusilə də son dövrlərdə mühüm xarakter daşımağa başlayan ərzaq təhlükəsizliyi məsələsinə nail olmadan tamamilə mümkün deyil...
İstehsalçıdan birbaşa istehlakçıya...
Kənd təsərrüfatının bütün sahələrində, o cümlədən əkinçilik və heyvandarlıqla məşğul olan insanlara göstərilən əsas dəstəklərdən biri də onların əldə etdikləri məhsulları heç bir vergi ödəmədən birbaşa satışa çıxara bilmələridir. “İstehsalçıdan birbaşa istehlakçıya” üsulu ilə həyata keçirilən bu tətbiq həm istehsalçıların əldə etdikləri məhsulları heç bir vasitə olmadan satışa çıxara bilməsi, həm də insanların ucuz şəkildə bu məhsulları almaları ilə nəticələnir. Bu da hər iki tərəf üçün olduqca əlverişli alış-satış prosesi deməkdir. Dünya təcrübəsi onu göstərir ki, bir məhsul istehsalçıdan istehlakçıya bir neçə vasitəçi üzərindən gəldikdə bu, bir neçə dəfə qiymət artımı yaradır. Buna görə də istehsalçı və istehlakçının bilavasitə əlaqəsi bu nöqteyi-nəzərdən olduqca mütərəqqi üsuldur. Bu üsuldan da muxtar respublikamızda yüksək və geniş şəkildə istifadə olunur...
Keyfiyyətli, mənşəyi bəlli məhsullar...
“Ailə təsərrüfatı məhsulları” satış yarmarkaları ilə dəstəklənən, xüsusilə də hər bir regionda təşkil olunan həftəlik kənd təsərrüfatı məhsulları yarmarkaları insanlar üçün böyük imkan deməkdir. Birincisi, onlar çox da uzaq olmayan məsafələr qət etmək məcburiyyətində qalmadan daha ucuz, daha sərfəli qiymətlərlə kənd təsərrüfatı məhsullarını əldə edə bilirlər. İkincisi də, onlar əldə etdikləri məhsulun tam şəkildə keyfiyyətli (təbii qida) olduğunu və mənşəyinin məlum olduğunu bilirlər. Bu məsələ də özlüyündə bu gün üçün olduqca mühüm faktor hesab edilir. Çünki kefiyyət göstəricisi aşağı olan və mənşəyi məlum olmayan qidalar müasir dövrdə dünya dövlətlərinin qarşısında ciddi problem deməkdir. Axı keyfiyyətsiz və mənşəyi məlum olmayan qidalar hər il dünyada minlərlə insanın ölümünə, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Son söz...
Göründüyü kimi, muxtar respublikamızda dövlətimizin dəstəyi ilə bir çox sahədə yeni-yeni uğurlara imza atılır. Bütün bunlar da insanlarımızın daha gözəl, daha firavan və sağlam yaşamasına hesablanıb. İnsanlarımız da onlar üçün yaradılan bu hal-vəziyyəti həm minnətdarlıqla qarşılayır, həm də öz əməli fəaliyyətləri ilə qarşılıq verirlər. Ümumiyyətlə, görünən odur ki, dövlət-xalq birliyi ölkəmizin sabahlarını daha da gözəl edəcək, insanlarımız daha da yaxşı yaşamaq imkanına yiyələnəcəklər.
Anar Qasımov
“Yeni həyat” qəzeti