2021-ci ilin 11 ayı ərzində muxtar respublikada 15 min 903 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Fond tərəfindən cari ilin 11 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, muxtar respublika üzrə 15 min 903 sığortaolunana məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 527, hamiləliyə və doğuma görə 795, uşağın anadan olmasına görə 2964, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə 9448 sığortaolunana müavinət ödənilib. Həmçinin vəfat etmiş sığortaolunanı və ya pensiyaçını dəfn etməyi öhdəsinə götürən 2169 şəxsə isə dəfn üçün müavinət verilib. Fondun şöbələri tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 237 min 659 manat, hamiləliyə və doğuma görə 1 milyon 70 min 909 manat, uşağın anadan olmasına görə 585 min 74 manat, uşağa qulluğa görə 412 min 561 manat, dəfn üçün müavinətə isə 1 milyon 216 min 627 manat vəsait müvafiq şəxslərə ödənilib.
Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş bank rekvizitlərinə uyğun olaraq onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” publik hüquqi şəxsin yerli poçt bölmələri vasitəsilə ödənilib.
Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə və hamiləliyə və doğuma görə müavinətləri almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu müavinətlərin aylıq məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.